Azərbaycan və İran mövqelərini yaxınlaşdırır
Tarix: 23-02-2016, 12:07 |
Çap et
Azərbaycan və İran tarixən bir-biri ilə sıx bağlıdır və ölkələr arasında əməkdaşlıq potensialı çox yüksəkdir. Azərbaycan Prezidenti İlham Əliyevin İrana səfəri bir sıra siyasi və iqtisadi məsələlər üzrə iki ölkənin mövqelərinin yaxınlaşmasının şəksiz katalizatoru olacaq.
Bakı və Tehranı xeyli sayda neft-qaz layihələri birləşdirir. İran Azərbaycanın "Şahdəniz" iri qaz yatağının işlənməsində iştirak edir və hətta layihədə öz payını artırmaq niyyəti barədə bəyan etmişdi ki, bu da həmin ölkədən əlavə investisiyalar deməkdir. Bundan başqa, ölkələrin qaz svopu üzrə təşkil edilmiş infrastrukturu var, bu çərçivədə Azərbaycan İranın şimal bölgələrinə yanacaq tədarük edir, rəsmi Tehran isə, öz növbəsində Naxçıvan Muxtar Respublikasının sakinlərinin qaza olan tələbatını təmin edir. Hazırda tərəflər İran qazının Azərbaycan üzərindən "Cənub Qaz Dəhlizi" üzrə Avropaya nəqli imkanlarını müzakirə edirlər. O da məlumdur ki, İranın Neft Nazirliyi SOCAR-la memorandum imzalamağa hazırlaşır.
İki ölkənin münasibətlərində ən vacib məsələlərdən biri idə Xəzər dənizinin mübahisəli statusudur. Hazırda Türkmənistan və Qazaxıstan arasında şelf yataqlarının işlənməsi baxımından Xəzərin statusu üzrə razılaşma mövcuddur. Bu razılaşma, eləcə də Azərbaycan və İranın mövqelərinin potensial yaxınlaşması Xəzərin statusu ilə bağlı məsələlərin həlli prosesini xeyli tezləşdirə bilər.
Bakı İran şirkətlərini və biznesmenlərini Azərbaycanda işə cəlb etmək üçün Tehrana müxtəlif sahələrdə investisiya layihələrini təklif edə bilər. Azərbaycanda aparılan iqtisadi islahatları, vergi və gömrük güzəştləri daxil olmaqla investisiyaların təşviqi üzrə tədbirləri və ümumilikdə biznes mühitinin yaxşılaşmasını nəzərə alsaq, iranlı investorlar Azərbaycan iqtisadiyyatına vəsait yerləşdirməkdə olduqca maraqlı olacaqlar. Yeri gəlmişkən, iranlı investorların Sumqayıt Kimya Sənaye Parkında iştiraka cəlb edilməsi barədə razılaşma əldə olunub.
İndiyədək Azərbaycanın əsas kapitalında İran investisiyaları 760 milyon dollara çatıb. Bununla belə, Azərbaycanın qeyri-neft sektoruna investisiyalar 145 milyon dollar təşkil edib.
İnvestorların bu gün Azərbaycan hökumətinin təqdim etdiyi bütün üstünlüklərdən istfadə etməsinin tam zamanıdır. Azərbaycanın Avropa və Asiya arasında dəmir yolu körpüsü rolunda çıxış etməsindən yararlanaraq investorlar öz məhsullarının əlverişli şərtlərlə ixracı üçün bu tranzit imkanlardan istifadə edə bilərlər.
Rusiya, Azərbaycan və İranı birləşdirən “Şimal-Cənub” beynəlxalq nəqliyyat layihəsini də unutmaq olmaz. Bu layihə Şimali Avropa ilə Cənubi-şərqi Asiya arasında mal mübadiləsini nizamlamğa imkan verəcək. Bu layihənin realizəsi Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə 2015-ci ildə sürətləndirilib. Artıq dəmir yolunun İran hissəsinin tikintisinə başlanılıb. Ona görə Azərbaycan dövləti başçısının İrana bugünkü səfəri layihənin realizəsinin daha da sürətlənəcəyindən xəbər verir.