Təhsil Nazirliyi ehtiyat dərsliklər yaradacaq
Tarix: 22-02-2016, 12:24 |
Çap et
“Dərslikləri hazırlayan Təhsil Nazirliyi və nazirliyin işçiləri deyil, müəllimlər, müəlliflərimizdir”.
Bunu təhsil naziri Mikayıl Cabbarov ANS-in efirində yayımlanan “Hesaabat” verilişində deyib.
M. Cabbarov deyib ki, son illər ərzində dərsliklərin hazırlanması prosesində bir sıra dəyişikliklər edilib və bütün bu dəyişikliklərin yeganə məqsədi keyfiyyətə nail olmaqdır: “Birinci və ən mühüm tədbir ondan ibarətdir ki, dərsliklərin seçim mərhələsində qiymətləndirmə prosesini tam açıq elan etmişik və Təhsil Nazirliyindən əlavə olaraq digər qurumların da bu işə cəlb olunmasına nail olmuşuq”.
Təhsil naziri qeyd edib ki, hazırlanma prosesində olan, həmçinin artıq istifadə olunan dərsliklər ictimai rəy üçün açıq elan olunub. Bunun üçün xüsusi portal yaradılıb. Portalda yerləşdirilən dərsliklərlə bağlı mütəxəssislərin, müəllimlərin, valideynlərin irəli sürdüyü təklif, tövsiyə və yaxud irad dərsliyin qiymətləndirməsi və hazırlanmasında nəzərə alınır.
M. Cabbarov bildirib ki, artıq 1 ildən çoxdur ki, hökumətə ehtiyat dərsliklərin hazırlanması ilə bağlı qərar layihəsi təqdim edilib: "O qərar qəbul edildiyi təqdirdə hər bir fənn üzrə bəzi ehtiyat dərsliklərin yaradılması üçün Təhsil Nazirliyinin səlahiyyəti olacaq".