Trofimçuk: "Bu terakt Moskvaya lazım deyildi..."
Tarix: 19-02-2016, 09:58 |
Çap et
Rusiya son illər özünün aktivləşən vətənpərvər imicinin əbədi əsiri olub.
Bu sözləri Axar.az-a açıqlamasında rusiyalı politoloq Qriqori Trofimçuk söyləyib. Onun sözlərinə görə, hazırda demək olar ki, hər yerdə Moskvanı aqressiyada, partlayışların təşkilində günahlandırırlar:
“Rusiyanın Türkiyədə nəyisə partlatması axmaqlıq olardı. Bu, tamamilə məntiqsizlikdir. Belə teraktların nəticəsi Əsədin məhv edilməsi məqsədilə Türkiyə ordusunun Suriyaya girməsi, həmçinin hərbi aviasiyanın açar nöqtələrində uçuş üçün hava məkanının Rusiyaya bağlanılması ola bilər. Ona görə də Rusiya buna getməz. Mən artıq dəfələrlə demişəm və yazmışam ki, Qərb 2013-cü ildən etibarən Türkiyəni aktiv şəkildə Suriya müharibəsinə cəlb etməyə çalışır. O zamanlar bu torpaqlarda Rusiya amili də yox idi. Xatırlayırsınızsa, bu, hansısa yerli kürdlərin və ya terrorçuların yox, ölkədə destablizasiya proseslərinə start verən “ekoloqlar”ın vasitəsilə baş verirdi. Beləliklə, Türkiyə təzyiq altında Suriya probleminə qoşulmağa məcbur oldu. İndi isə onu təkcə döyüşməyə yox, həm də konkret olaraq qazanmağa məcbur edirlər. Bu, indi Türkiyəyə lazımı aqressiyanı verəcək teraktlar silsiləsi vasitəsilə həyata keçirilir. Artıq bəlli olub ki, terrorçu bu dəfə Suriya əsillidir. Bu da Türkiyə rəhbərliyinə rəsmi Dəməşqə qarşı əməliyyatlara başlaması üçün siqnal olmalıdır. Ankaranın məhz hansı anda səbrinin birdəfəlik tükənəcəyini dəqiq söyləmək mümkün deyil. Başa düşmək lazımdır ki, əvvəl-axır Türkiyə buraya sürüklənəcək.
Üstəlik, Türkiyə öz torpaqlarında və Suriyada rəsmi kürd muxtariyyətinin peyda olmasının qarşısını almağa çalışır”.
Qeyd edək ki, 17 fevralda Ankarada baş verən terakt nəticəsində 28 nəfər həyatını itirib.