Uşaqlarımız hansı nağılları oxuyur?
Tarix: 16-02-2016, 18:23 |
Çap et
“...Həm də sonuncu gün bir dənə “Duraki” oynayaq, - deyərək qarnının ağ zolağı altından bir dəstə kart çıxartdı. Ayı dostunun gətirdiyi hədiyyəyə və karta çox sevindi”.
Nağılda bu cümlələrin davamında ayı və dostu porsuq bal və armuddan mərc gələrək kart oyunu, başqa sözlə, qumar oynayır. “Duraki oynayan ayı” nağılında ümumi məzmun ayının porsuğu axmaq sayıb, ona lağ etdiyi halda, özünün axmaq vəziyyətinə düşməyindən bəhs edir. Amma 5-11 yaş arası uşaqlar üçün nəzərdə tutulmuş nağılda həm də bilərəkdən və ya bilməyərəkdən qumardan söz açılır, təbliğ olunur.
Hazırda kitab mağazalarında kifayət qədər çeşiddə, müxtəlif qiymətlərə satılan nağıl kitabları var ki, bunların hər biri müxtəlif nəşriyyatların “məhsuludur”. “Kitabevim” kitab mağazasının əməkdaşı ilə söhbətimizdə qiymətlərlə tanış olduq. Satıcının sözlərinə görə, cəmi 1 nağıldan ibarət olan 1 manatlıq kitablardan tutmuş 13 manatlıq antologiya, nağıllar toplusuna qədər nəşrlər var. Hazırda həm xarici, həm də yerli müəlliflərin yazdığı nağıllar nəşr olunur.
Onu da əlavə edək ki, bir müddət əvvəl “Yemlik” jurnalı nəşr olunmağa başlayıb ki, bu da yerli müəlliflərə uşaq ədəbiyyatı nümunələrini dərc etdirmək üçün imkan yaradır.
Bundan savayı, dünya ədəbiyyatından seçmə nağıllar, ayrı-ayrı müəlliflərin yazdığı uşaq ədəbiyyatı nümunələrinin tərcümələri də satışda var. Məsələn, Astrid Lindqrenin “Balaca və Karlson”, Oskar Uayldın “Nağıllar” kitabları satışdadır. Qiymətləri isə 4-6 manat arasında dəyişir.
Bəs valideynlər nə düşünür? Çeşidlərdən, nağılların keyfiyyətindən razıdırlarmı?
Elə kitab mağazasında rastlaşdığımız valideyn Səbinə Cəfərova deyir ki, uşağına tez-tez kitab alan deyil. Dərslərdə sinifdənxaric oxu kimi tapşırılanda məcbur olur ki, nağıl kitabı alsın:
“Oğlum 4-cü sinifdə oxuyur. Açığı, imkanım olmur ki, onun üçün kitab seçiminə xüsusi vaxt ayırım, ya da əvvəlcən özüm oxuyum, sonra uşaq oxusun. Onsuz da dərslər və dərsdən sonrakı hazırlıqlara görə çox vaxtı qalmır. Ona görə də, dərsdən tapşırılanda qarşıma çıxanı alıram”.
Bəzi valideynlər üçün isə nağılın müəllifi, məzmunu xüsusi əhəmiyyət kəsb edir. Mağazada həmsöhbət olduğumuz digər valideyn Zümrüd Məmmədova deyir ki, ikinci sinifdə oxuyan qızı üçün nağıl kitabı axtarır, amma xarici müəlliflərə, bəzi hallarda isə rus dilində nağıl kitablarına üstünlük verir:
“Mən çalışıram ki, xarici müəlliflərin nağıllarını alım. Yerli müəlliflərin kitablarını isə almazdan əvvəl özüm oxuyuram. Çünki bəzən onların məzmunu, vermək istədiyi məna ürəyimcə olmur. Yaxud da bəzən tərcümə xoşuma gəlmir, rusca kitab alıram. Övladımın oxuduğu kitablara, baxdığı cizgi filmlərinə çox həssas yanaşıram”.
Psixoloq Elnur Rüstəmov da hesab edir ki, uşaqlar üçün nağıl seçimində əsas məsuliyyət valideynlərin üzərinə düşür, çünki nağıllar uşaq psixologiyasına çox təsir edir:
“Nəinki uşaq nağılları, eləcə də uşaq musiqiləri, cizgi filmləri – bunlar hamısı onların psixologiyasına təsir edir. Biz informasiya əsrində yaşayırıq, uşaqları dövrün tələb etdiyi kimi informasiya ilə təmin etməyəndə əlavə mənbələrə əl atmalı oluruq. Türk, rus və digər ölkələrin nağılları, cizgi filmlərinə yönəlirik. Amma unutmaq olmaz ki, hər bir nağıl özündə mənsub olduğu xalqın genetik yaddaşını daşıyır. Bu gün “Məlikməmmədin nağılı” uşaq üçün maraqlı olmaya bilər, amma belə nağıllar bir dəyər sisteminin daşıyıcısıdır”.
Psixoloqun fikrincə, nağılların yazılması, çap edilməsi prosesində nəzarət olmalıdır:
“Bu işlə məşğul olan bir dərnək, yaxud ekspert qrupu olsa, yaxşı olar. Bəzən görürük ki, nağıllarda elə hallar olur ki, günümüzlə səsləşsə də, travmatik bir problemə də gətirib çıxara bilər. Bütün hallarda məsuliyyət daha çox valideynin üzərinə düşür. Uşaq gedib mağazadan kitab almır ki, valideyn alır, ona görə də, alanda diqqət etmək lazımdır. Valideynlər var ki, ümumiyyətlə, elə yaxşı nağıl danışır ki, heç kitab almağa ehtiyac qalmır. Valideynin vaxtı məhduddursa, nağıl kitabı da almaq olar, amma əsas məqam odur ki, nağılın verdiyi informasiya, ümumi məzmun, daşıdığı mənaya diqqət yetirilsin”.