7 yaşlı oğlunu meşəyə aparıb başını kəsən qatil ata - TƏFƏRRÜATLAR
Tarix: 16-02-2016, 15:19 | Çap et
7 yaşlı oğlunu meşəyə aparıb başını kəsən qatil ata - TƏFƏRRÜATLAR
Beyləqan rayonunda baş verən dəhşətli qətlin təfərrüatları bəlli olub. APA TV-nin Qarabağ bürosunun xəbərinə görə, rayonun Kəbirli kəndində ata 7 yaşlı oğlunun başını kəsib.

Qətlə yetirilən Ümid İsgəndərovun anası Mahirə Abışova APA TV-yə müsahibəsində bildirib ki, Zahid İsgəndərovla ailə həyatı qurandan bəri ailədə mütəmadi olaraq problemlər yaşayıblar.

İki oğul anası olan qadın iki ay əvvəl atası evinə qayıdıb. Lakin Zahid qayınatasının evinə gedərək oğlanlarının ikisini də qaçırıb: "8 ildir ailə qurmuşuq. Ailə münaqişələrinə görə həmişə içirdi, mənimlə dalaşırdı, məni təhqir edirdi. Gəlirdim atamın yanına. Uşaq var idi deyə, arada məcburiyyət qarşısında qayıdırdım. Deyirdim ailədir də, yaxşı olar. Axırda dözə bilmədim, gəldim bura. Atamın evinə qayıtdım gəldim, orda da gəldi məni təhqir etdi, döydü, atamla dalaşdı. Sonra da uşaqlarını da götürdü çıxdı getdi".

Bir müddət sonra azyaşlı uşağı saxlamaqda çətinlik çəkən ata onu anasına qaytarıb. Mahirə Abışova ərinin spirtli içki düşkünü olduğu və tüfeyli həyat tərzi sürdüyü üçün qətldən əvvəl boşanmaq niyyətində olduğunu deyib: "Balacanın 3 yaşı var. Tüfeyli həyat yaşayırdı. İçirdi, ayıq vaxtı olmurdu. Xahiş edirəm mənə kömək edin, uşağımın qanı yerdə qalmasın. İki ay idi uşağı aparmışdı. Deyirdi ki, barışmaq istəyir. Tövbə elədi, xeyri olmadı, yenə içirdi. O günahsız uşağın nə günahı var idi?"

Zahid arvadına sonuncu dəfə ötən gün saat 18:00 radələrində zəng vurub. Telefonu oğluna verib, anasının onunla danışmaq istədiyini deyib. Lakin ana-balanın telefon danışığını yarıda kəsib və söyüş söyməyə başlayıb. Mahirə ərinin onu təhqir və təhdid etdiyini görəndə telefonu bağlayıb.

Gecə isə Mahirənin atası evinə polislər gəlib. Səbəbini demədən səhər saatlarınadək ailəni qatil atadan mühafizə ediblər. Sonradan məlum olub ki, Zahid İsgəndərov gecə saat 12:00 radələrində oğlunu meşəyə aparıb və orada başını kəsib.

Beyləqan Rayon Polis Şöbəsinin əməkdaşları qatil atanın axtarışını səhər saatlarınadək davam etdirib. Nəhayət, bu gün günorta saatlarında övlad qatili olan 34 yaşlı Zahid İsgəndərovu yaxalamaq mümkün olub.

Faktla bağlı Beyləqan rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net