Vanqa və Stalin azərbaycanlı kahinə nə dedi?
Tarix: 16-02-2016, 10:01 |
Çap et
Nuridə Qurbanova - bütün dünya onu Azərbaycanın Vanqası kimi tanıyır.
Axar.az xəbər verir ki, 10 yaşı olanda N.Qurbanovanı ildırım vurur və bununla da onun həyatı dəyişir. Bundan sonra onda şəfavericilik və gələcəyi görmə qabiliyyəti yaranır. 40 gün komada qalan Qurbanova uzun müddət yaxınlarını tanıya bilmir. Yuxuda ikən ərəbcə Qurandan surələr deməyə başlayır. Oyandığı zaman isə ərəb dilində Qurani-Kərimi oxumağı bacarır. O, həyatının bu hissəsini məşhur bolqar kahin Vanqanın taleyinə bənzədir.
“İnsanlar mənim gördüklərimi görmür, eşitdiklərimi eşitmirlər. Mənə tez-tez ölmüş insanların ruhları baş çəkir. Mən Vanqanın, İosif Stalinin, Mixail Lomonosovun, Qıpçaq xanı Konçakın, Mixail Yaroslaviçin (Tver Knyazı) və başqalarının ruhu ilə danışıram. Yeri gəlmişkən, Vanqanın ruhu mənə tez-tez baş çəkir. Birinci dəfə ondan niyə məni seçdiyini soruşdum. "Ətrafında daha güclü qadın hiss etmirəm", - cavabı gəldi və başqa sualı qabaqlayaraq, mənə izah etdi ki, görmə qabiliyyətini itirdikdən sonra, Allah-Taalanı və dünyanı qulağı ilə qəbul edib. Məndə isə həm də görmə qabiliyyəti, əllərimdə bioenerji var və bu daha çox məsuliyyət deməkdir. Vanqa, Nostradamus, İbn Sina və başqaları, şübhəsiz ki, böyük vergiyə malik idilər, lakin mənim kimi iki həyat yaşamamışdılar. Ən maraqlısı isə o idi ki, Stalinin ruhu ilə danışan zaman, dövləti idarə etdiyi dövrdə ölkənin böyük qızıl ehtiyatının haraya yoxa çıxdığını soruşduqda, onunla danışmaq olduqca çətin idi, ondan çox güclü mənfi enerji gəlirdi. Onun söylədiyi yeganə şey o oldu ki, İnquşetiyada dörd əsr bundan əvvəl tikilmiş müqəddəs məbəd var və onun ərazisində bıçaq basdırılıb, bu bıçağın ülgücündə qızılın basdırıldığı yer dəqiq göstərilir. Mən eyni vaxtda iki dünyada yaşayıram - canlıların dünyasında və astral dünyada. Bu, çox çətindir. Gündə iki-üç saat yatıram, çünki o biri dünya ilə daima əlaqədə oluram. Gündüz insanlarla, gecələr isə mələklərlə və digər axirət qüvvələri ilə söhbətləşirəm. Güzgüyə baxa bilmirəm - o, informasiyanı əksetdirəndir, mən onda axirət qüvvələrinin əbədi mübarizəsini görürəm, uzun saç saxlaya bilmirəm”, - ekstrasensin rəsmi saytında özü haqda məlumat yerləşdirilib.
N.Qurbanova “RİA Vesti” portalına müsahibəsi zamanı da Vanqa və başqa ruhlarla danışdığını deyib:
“Mənim həyatımda qəribə hadisələr çox olur. Bolqarıstana son səfərimizdə bir hadisə baş verdi. İldırım vurmasından sonra təyyarə ilə uça bilmirəm. Çünki qan təzyiqim pozulub. Həkimlər təyyarə ilə uçmağımın təhlükəli olduğunu bildirirlər. Ona görə də mən yalnız qatar, gəmi və başqa nəqliyyat vasitələri ilə səyahət edirəm. Avtomobillə Bolqarıstana səfər edən zaman birdən səmanın kəskin şəkildə dəyişdiyini gördüm. Biz 6 nəfər idik. Və birdən-birə avtomobilin ətrafında uçan kəpənəklər gördüm. Lakin avtomobildəkilər heç nə hiss etmədi. Sonra eşitdim: “Mən sizinləyəm”. Bu, Vanqanın səsi idi. O bu dağların Bolqarıstanı qoruduğunu dedi. Sofiyaya çatıb oteldə yerləşdikdən sonra restorana getdik. Mən orada da kəpənəklər görməyə başladım. Sonra isə yoldaşlarıma dönüb başqa dünya gördüyümü və səslər eşitdiyimi dedim. Və birdən-birə önümdə Vanqa peyda oldu. 2-3 dəqiqə dayanıb, heç nə demədi. Sonra isə yoxa çıxdı. Mən tez-tez belə şeylərlə üzləşirəm. Sankt-Peterburqda Lomonosov küçəsində gəzən zaman belə bir səs eşitdim: “Mən Lomonosovam. Bu küçə mənim adımadır”.
Qeyd edək ki, “Mələk xanım” və “Azərbaycan Vanqası” kimi tanınan məşhur görücü və şəfaverici Nuridə Qurbanovanın adı Ginnesin Rekordlar Kitabına salınacaq.