Vaqif Hacıbəyli Əli Kərimlidən izahat tələb etdi
Tarix: 9-02-2016, 13:14 | Çap et
Vaqif Hacıbəyli Əli Kərimlidən izahat tələb etdi
Yeni Azərbaycan Partiyası icra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzovun Əli Kərimlinin satqın olması haqda ilginc faktlar açıqlaya biləcəyi haqda məlumat vermişdik. Onun fikirlərinə dəstək çıxanlar da az deyil. Həmin şəxslərdən biri də müxalif cəbhəsindən olan biridir. Belə ki, Əhrar Partiyasının sədri, Müsavat Partiyasının başqanı Arif Hacılının qardaşı Vaqif Hacıbəyli Feysbuk sosial şəbəkəsində S.Novruzovun dediklərini təsdiqləyən və demək olar ki, ona dəstək olan status paylaşıb. Partiya sədri sözügedən şəxsə simpatiyasının olmadığını bildirsə də, fikirlərini təqdir etdiyini gizlətməyib və söylənilənlərin Ə.Kərimlinin bütün siyasi karyerasına zərbə vura biləcək bir açıqlama olduğunu qeyd edib: “Əgər Əli Kərimli özünü günahsız hesab edirsə, o bu məsələ ilə əlaqədar "mən filankəs gələndə ayağa durmamışam" tipli söhbətlərlə baş qatmalı deyil. Hüquqşünas olaraq, şərəf və ləyaqətini müdafiə etmək üçün məhkəməyə müraciət etməli, məhkəmədə hüquqi qələbə qazana bilməsə də, ən azı mənəvi qələbə qazanmalı, bütün bu restorandakı gizli görüşlər, separat danışıqlar söhbətlərinin uydurma olduğuna cəmiyyəti inandırmalıdır. Əgər bunu bacarmasa, onun siyasətdə qalmağa mənəvi haqqı da qalmayacaq”.

Statusun altında yazılan müxtəlif şərhlərdə də Ə.Kərimlinin həmişə satqınlığa meyilli olmasının çoxdan hamıya bəlli olduğu, S.Novruzovun açıqlamasında əslində, təəccüblənəcək bir şey olmadığı vurğulanıb. Nizami Süleymanov adlı şəxs yazıb ki, Ə.Kərimli haqlıdırsa, bunu məhkəmə və ya debat yoluyla sübut etməlidir. Şamil Orxan adlı istifadəçi isə S.Novruzovun məxfi heç bir şey demədiyini yazıb. Orxan Kərimov da eyni fikirləri bildirib və deyilənlərin onsuz da hər kəsə bəlli olduğunu qeyd edib. Yusif Tağı isə ortaya daha konkret fakt qoyub: “Əgər Əli Kərimli özünün dediyi kimi, evini məhkəmə yolu ilə ala bilirsə, bu məsələni də məhkəmə yolu ilə həll etməlidir”.

Haqverdi Haqverdili adlı istifadəçi də də Ə.Kərimlini saxtakarlıqda ittiham edib: “Xoruzun quyruğu aydın görünür. Görünən kəndə isə bələdçi lazım deyil”.
Təbii ki, deyişməyə Ə.Kərimli tərəfdarları da qoşulublar və onun təqsirsizliyini sübuta yetirməyə çalışıblar. Dedikləri tutarlı arqumentlər olmadığından, V.Hacıbəyli onlara bu cür cavab verib: “Əli Kərimlinin təkzib cavabı "mən ayağa durmamışam" şəklində oldu. Bu açıqlamalar restorandakı gizli görüşlər, separat danışıqlar, mənzilin adına rəsmiləşdirilməsi və sair söhbətlərlə əlaqədar irəli sürülən ittihamları təkzib edirmi? Birmənalı şəkildə təkzib etmir, əksinə, indi ona olan mənfi münasibətin səbəbini izah edir. Əli Kərimlinin ətrafı o qədər güclənmişdi ki, əllərindəki maliyyə vəsaitləri ilə saxladıqları mətbuat orqanlarında Elçibəyə qarşı total antitəbliğat aparırdılar, Elçibəyi nüfuzdan salmağa, onu rəhbərlikdən uzaqlaşdırmağa çalışırdılar. Axırda elə bir vəziyyət yaratdılar ki, ölüm ayağında olan Elçibəy cəbhəçiləri yığıb, ona etimad məsələsini səsverməyə qoydu. Bu, Əbülfəz bəyin cəbhəçilərlə rəsmi tədbirlərdə son görüşü oldu. "Yurdçu"ların bütün bu "qəhrəmanlıqları” ilə əlaqədar Bəybala Əbilin rəhbərliyi ilə cəbhəçilər geniş araşdırma aparıb onların fəaliyyətinə siyasi qiymət veriblər və bununla bağlı bir kitab da nəşr ediblər. Siyavuş Novruzov iqtidar partiyasında kifayət qədər səlahiyyətli adamdır. Əgər o konkret faktlar barəsində danışıb bunu sübut edə biləcəyini deyirsə, məncə, bu mübahisənin məhkəmədən başqa bir həlli yolu qalmayıb. Ya da ki, siyasətdən çəkilməlisən. Başqa yol varmı? Varsa ,deyin”.

Partiya sədri onu da deyib ki, məhkəmədə hüquqi qələbə qazanılmaya da bilər, amma əsas olan bu deyil: “Bu cür ittihamlar əvvəllər heç vaxt heç kimə qarşı irəli sürülməyib, ona görə bunun üstündən heç nə olmayıbmış kimi keçmək mümkün deyil. Həmin dövrdə Demkonqresin Siyasi Şurasının üzvü və SİDSUH-un icraçı direktoru kimi Əli Kərimli ilə eyni siyasi komandada təmsil olunduğumdan bu xəyanət faktı olubsa, həm də mənə qarşı olub”.

Habil Azər adlı Ə.Kərimli tərəfdarı qeyd edib ki, siyasətçi hər zaman manevr etməyi bacarmalıdır, bacarmırsa, o da Elçibəy kimi uğursuzluğa düçar olar. Xasay Ferzulla adlı istifadəçi bu fikirlərə belə cavab verib: “Son 23 ildə kim gizli siyasət yapıbsa, hesabını yalnız millətin unutqanlığı üzərindən qurub. Təəssüf ki, cəmiyyətimiz çox unutqandır. Sizin qaldırdığınız məsələ isə hər kəsə gün kimi aydındır, amma insanların, xüsusilə buradakıların ruhlarına uyğun deyil. Çünki FB-a gəlib siyasi meyxana deyənlərin vurğununa çevriliblər, dəyər peşində deyillər. O üzdən, belə insanlara kimin keçmişi nə olub, kim kimə badalaq atıb maraqlı deyil. Hətta adını manevr qoyub onlara bəraət qazandıranlar da var. Və ən pisi isə biz bu gün belə hallar ucbatından çox geri qalmışıq. Gəncləri belə faktlara inandırmaq çox çətin məsələdir. Hətta mümkün deyil. Ən yaxşı halda, deyəcək ki, “hə nə olsun, manevr edib də”. Daha deməyəcək ki, bu xəyanətin başqa üzüdür, bu separatçılıqdır, xalqı aldatmaqdır və biz haradan zəmanət alaq ki, bir də aldatmayacaq. Bunlara söz qandırmaq sadəcə dəhşətdir, deyirlər yox, ancaq biz deyən düzdür. O üzdən, bu mövzunun zamana ehtiyacı var. Məhkəmələrin adını saxta qoyub mövzudan yayınmağın ən bəsit arqument olacağı gözlənilən idi”.

V.Hacıbəyli buna cavabında heç kəsi lənətləməyi təklif etmədiyini qeyd edib: “Sadəcə, hesab edirəm ki, Əli Kərimli özü barəsində formalaşdırdığı siyasi imici qorumaq istəyirsə, məhkəmədə mənəvi qələbə çalmalıdır. Əks təqdirdə, siyasi meydandan çəkilməlidir. Yenə təkrar edirəm, Siyavuş Novruzovun açıqlamaları Əli Kərimlinin bütün siyasi karyerasına zərbə vura biləcək açıqlamalardır. Əgər bu sövdələşmə həqiqətən də olubsa, bu barədə hansısa siyasi manevrdən danışmaq elə Əli Kərimlini bitirmək deməkdir”.

Partiya sədri daha sonra qeyd edib ki, Ə.Kərimlinin satqın olduğunu bilə-bilə onlara əməkdaşlıq təklif etmələrində qeyri-adi heç nə yoxdur: “Əli Kərimlinin belə bir gizli sövdələşmənin iştirakçısı olduğuna ən azı, inanmaq istəmirəm. Çünki bu, təkcə Əli Kərimlinin deyil, eyni zamanda mənim də siyasi keçmişimdir. Və bizim ortaq siyasi keçmişimizə vurulan bu ləkəni təmizləmək Əli Kərimlinin mənəvi borcudur. İstədiyim nədir? Versin məhkəməyə. Əgər bunu bacarmasa, onun siyasətdə qalmağa mənəvi haqqı da qalmayacaq. Bundan sonra ona siyasi əməkdaşlıq təklifi verən də olmayacaq. Əmin ola bilərsiniz, bu fərqli situasiyadır”.

Yazılanlardan da göründüyü kimi, hamı Ə.Kərimlini özünü haqlı sayırsa, məhkəməyə müraciət etməyə çağırır, təqsirsiz olduğunu ortaya qoymağa səsləyir. Amma hələ ki, partiya sədrindən bu tipli addımlar görmürük. Bunun özü də çox şeydən xəbər verir. Çox adamın deyilənlərin onsuz da hər kəsə bəlli olduğunu deməsi də onu sübut edir ki, bu adamın əsil siması əksəriyyətə tanışdır.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net