Qars müqaviləsinin pozulması: Naxçıvana təhlükə varmı?
Tarix: 9-02-2016, 12:05 | Çap et
Qars müqaviləsinin pozulması: Naxçıvana təhlükə varmı?
Rusiya Dumasında “Türkiyə ilə imzalanmış Qars müqaviləsi qüvvədən düşməlidir” çağırışlarından narahat olmağa dəyməz.

Axar.az xəbər verir ki, bu haqda politoloq Elxan Şahinoğlu açıqlama verib. Onun sözlərinə görə, müqavilə pozularsa, yaranacaq durum Türkiyədən çox Rusiyanın maraqlarına toxunacaq:

“Çünki Türkiyə kimi Rusiyanın da üzərinə götürdüyü öhdəlik və məhdudiyyətlər var. Bu öhdəlik və məhdudiyyətlər ortadan qalxacağı təqdirdə Türkiyə Cənubi Qafqazda istədiyi kimi hərəkət edəcək. Ancaq Ermənistanın narahatlığı üçün ciddi əsaslar yaranacaq. İkincisi, Naxçıvanın təhlükəsizliyindən də narahat olmağa dəyməz. Qars müqaviləsi pozularsa, Azərbaycan Naxçıvanın təhlükəsizliyi ilə bağlı Türkiyə ilə ikitərəfli zəmanət müqaviləsi bağlaya bilər. Türkiyənin Naxçıvanda hərbi bazası olacaqsa, Ermənistan buna qarışmağa risk etməyəcək”.

Politoloq bildirib ki, Rusiyanın işğalçı Ermənistana birbaşa dəstəyi də Qars müqaviləsinə ziddir:

“Rusiya beynəlxalq müqavilələrə hörmətlə yanaşsaydı, Krımı işğal etməzdi. Halbuki, 1994-cü ildə Budapeştdə imzalanan sazişə görə, Ukrayna nüvə silahlarının Rusiyaya verilməsi müqabilində Kreml qeyd-şərtsiz Ukraynanın ərazi bütövlüyünü tanıdığını və dolayısı ilə heç zaman Krıma göz dikməyəcəyini vəd etmişdi”.

Qeyd edək ki, Qars Müqaviləsi 1921-ci il oktyabrın 13-də SSRİ-nin iştirakı ilə Türkiyə və üç Cənubi Qafqaz respublikası arasında imzalanıb. Müqavilə 20 maddə və 3 əlavədən ibarətdir. Müqavilənin 5-ci maddəsi bilavasitə Naxçıvanın taleyi ilə bağlıdır. Belə ki, Naxçıvanın statusu məsələsində razılığa gələn tərəflər Türkiyə, Azərbaycan və Ermənistan hökumətləri kimi müəyyən edilib.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net