“Ramil Səfərov işi”ndə ermənilərə uduzmamaq üçün nə etməli...
Tarix: 9-02-2016, 11:06 | Çap et
“Ramil Səfərov işi”ndə ermənilərə uduzmamaq üçün nə etməli...
Ermənistanın azərbaycanlı zabit Ramil Səfərovun erməni hərbçisi Gurgen Margaryanı qətlə yetirməsi ilə bağlı Azərbaycan və Macarıstanın cavabdeh ölkə kimi tanıması üçün Avropa İnsan Haqları Məhkəməsinə müraciət etməsi məsələsi getdikcə böyüyür.

Margaryanın qohumlarının Səfərovun yenidən həbs edilməsi ilə bağlı tələbləri narahatlıq doğurur. Erməni hərbçisinin qohumları ölkəmizlə yanaşı, Macarıstanın da bu iş üzrə qanun pozuntusuna yol verdiyini iddia edirlər. Onlar Macarıstanı hökmdə göstərilən cəzanı tam çəkəcəyinə zəmanət almadan Ramil Səfərovun ekstradisiyasına icazə verməkdə günahlandırırlar.

Hüquq sahəsi üzrə professor İlham Rəhimov bu məsələ ilə bağlı maraqlı fikirlər bildirib. Ermənilərin belə bir müraciətinin olmasını KİV-lərdən oxuduğunu deyən İlham Rəhimov bildirib ki, burada təəccüblü bir şey yoxdur, çünki Ramil Səfərov azad olduğu gündən erməni tərəfi hay-küy qaldırmağa, müxtəlif beynəlxalq təşkilatlara müraciət etməyə başladı: “Bir qədər əvvəl mən Bolqarıstanda beynəlxalq tədbirdə iştirak etdim. Burada müxtəlif ölkələrdən gələn çoxlu hüquqşünaslar var idi. Tədbirdə iştirak edənlərdən biri Ramil Səfərovun azad edilməsinin hüquqi cəhətdən qanunauyğunluğuna dair məsələ qaldırmağa cəhd etdi. Mən təbii ki, ondan bu məsələni bağlamağı tələb etdim və bununla hər şey bitdi. Məsələ burasındadır ki, bu problem doğrudan da təkcə ermənilər tərəfindən deyil, başqaları tərəfindən və müxtəlif tədbirlərdə müntəzəm olaraq qaldırılır. Heç kəs ermənilərə Avropa Məhkəməsinə müraciət etməyi qadağan edə bilməz. Bu onların hüququdur. Ona görə də fikirləşirəm ki, məhkəmə baş tuta bilər, çünki bu səs-küylü məsələdir. Digər tərəfdən də, erməni diasporunun ölkəmizi dünya ictimaiyyəti qarşısında qaralamaq üçün bütün vasitələrdən istifadə etdiyini unutmaq olmaz. Bu fakt onlara bizə qarşı ideoloji və siyasi mübarizədə, o cümlədən Qarabağ məsələsində bir vasitə kimi çox vacibdir. Başqa cür desək, məsələnin hüquqi tərəfi onları heç maraqlandırmır. Əgər məhkəmə prosesi baş tutsa, beynəlxalq və milli hüquq əsasında öz mövqelərimizin hüquqi və siyasi müdafiəsi üçün hazırlaşmalıyıq”.

Bir sıra ekspertlər bu fikirdədir ki, beynəlxalq hüququ dərindən bilən hüquq professoru İlham Rəhimovun “fikirləşirəm ki, məhkəmə baş tuta bilər” deməsi “Səfərovun işi” üzrə narahatçılığa əsasın olduğuna şübhə yeri qoymur.

Tanınmış hüquqşünas Müzəffər Baxış da hesab edir ki, Azərbaycan tərəfi bu işin ölkəmizin zərərinə işləməməsi üçün addımlar atmalıdır: “Azərbaycan Avropa Məhkəməsinə erməni tərəfin Səfərovla bağlı müraciətində heç bir əsasın olmadığını sübuta yetirən faktları təqdim edə bilər. Faktlardan biri Ramil Səfərovun Azərbaycanla Macarıstan arasında olan qarşılıqlı əlaqəyə əsasən ekstradisiya edilməsidir. Azərbaycan tərəfi Avropa Şurasının cəza çəkən məhbusların ekstradisiyası haqqında konvensiyasının tələblərini göstərə bilər. Həmin konvensiyasının müddəalarına uyğun olaraq, Azərbaycan və Macarıstan arasında əldə edilmiş razılıq əsasında Ramil Səfərov ekstradisiya edilib. Bu proses zamanı Azərbaycan dövləti üzərinə heç bir öhdəlik götürməyib. Sadəcə, ekstradisiya barəsində razılığa gəliblər. Bunu da Avropa Məhkəməsinin nəzərinə çatdırmaq mümkündür. Səfərov Azərbaycan tərəfə təhvil verildikdən sonra prezident öz səlahiyyətləri çərçivəsində onu əfv edib. Bununla o, ömürlük azadlıqdan məhrum edilmə cəzasından azad edilib. Beynəlxalq hüquq normalarına və konstitusiyamızın tələblərinə əməl olunmaqla, prosedur qaydaları həyata keçirilib. Bu məqamı da məhkəmənin nəzərinə çatdırmaqla erməni tərəfinin müraciətinin heç bir hüquqi əsasının olmadığını sübuta yetirmək çətin deyil”.

Hüquqşünas onu da dedi ki, erməni tərəfi bu məsələni siyasi məqsədləri üçün gündəmdə saxlamaq istəyir. Hətta Avropa Məhkəməsinin bu barədə qərarı olsa belə, heç bir nəticəsi olmayacaq. Artıq Azərbaycan tərəfi Avropa Məhkəməsinin qərarları ilə bağlı Milli Məclisə qanun layihəsi hazırlayır. Həmin qanun layihəsinə əsasən, Avropa Məhkəməsinin Azərbaycanla bağlı qəbul etdiyi qərar tələblərə uyğun olmasa, Azərbaycan tərəfi bu qərarın icrasından imtina edə bilər. Bu baxımdan Azərbaycanla bağlı bundan sonra hansısa qərar qəbul edilsə, bunun icrasından imtina ediləcək.(“Yeni Müsavat)





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net