Ərdoğanın gözlənilən Bakı səfəri daha çox nəyə hesablanıb?
Tarix: 4-02-2016, 11:12 | Çap et
Ərdoğanın gözlənilən Bakı səfəri daha çox nəyə hesablanıb?
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın fevralın 18-də Azərbaycana səfəri gözlənilir. Səfərin detalları məlum olmasa da, hər iki ölkə rəhbərinin görüşlərinin bəzilərinin mətbuata qapalı olacağı dəqiqləşib. Ərdoğanla yanaşı, Azərbaycan səfərinə Türkiyə Baş Qərargahının yüksək rütbəli əməkdaşları və bəzi nazirlərin qatılacağı da gözlənilir.

Politoloq Şahin Cəfərli hesab edir ki, Türkiyə prezidentinin səfəri qitələri və bölgələri əhatə edən xarici siyasətinin tərkib hissəsidir: “Xatırlatmaq yerinə düşər ki, hazırda Ərdoğan Cənubi Amerika qitəsində səfərdədir və Afrika qitəsinə də səfəri planlaşdırılıb. Digər tərəfdən, səfər iki ölkə arasındakı ənənəvi dostluq-qardaşlıq münasibətlərinin inkişafı məsələlərinə hazırkı qlobal və regional proseslər kontekstində yenidən baxmaq ehtiyacından irəli gələ bilər”.

Ş.Cəfərlinin sözlərinə görə, Türkiyə-Rusiya münasibətlərinin pisləşməsi Cənubi Qafqazın əhəmiyyətini artırıb: “Türkiyə Azərbaycanla, eləcə də qonşu Gürcüstanla əməkdaşlığın inkişafına hər zaman önəm verib. Lakin son vaxtlar Rusiya ilə münasibətlərin gərginləşməsi Cənubi Qafqazın Türkiyə üçün əhəmiyyətini daha da artırıb. Rusiya hazırda əli çatan bütün istiqamətlərdə Türkiyənin geosiyasi və geoiqtisadi imkanlarını məhdudlaşdırmaq yönündə siyasət aparır. Məlumdur ki, rəsmi Moskva Türkiyənin Rusiya ərazisi vasitəsilə ixracat həyata keçirməsini əngəlləyib. Bu baxımdan Ankaranın Gürcüstan və Azərbaycana olan ehtiyacı daha da artıb. Əslində bu ehtiyac qarşılıqlıdır və Azərbaycanla Gürcüstanın tranzit ölkələr kimi oynadıqları mühüm rolu Türkiyəsiz təsəvvür etmək çətindir. Bu səbəblə Ərdoğanın səfəri zamanı şübhəsiz ki, Bakı-Tiflis-Qars dəmir yolunun Türkiyə hissəsində tikintinin sürətləndirilərək layihənin icrasının tezliklə başa çatdırılması müzakirə olunacaq. Digər vacib layihə isə TANAP-dır. Türkiyə yaxın perspektivdə Rusiyadan enerji asılılığını azaltmaq üçün yeni siyasət həyata keçirməyə başlayıb və TANAP layihəsinin icrası mənbələrin şaxələndirilməsi strategiyası baxımından Ankara üçün önəm kəsb edir. Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının Bakıda keçiriləcək iclasında bu kimi məsələlər, eləcə də yeni əməkdaşlıq imkanları geniş müzakirə olunacaq”.

Politoloq Rusiyanın hərbi müstəvidə Türkiyəyə qarşı addımlar atdığını xatırladaraq qeyd etdi ki, Moskva Türkiyə sərhədlərində öz hərbi mövcudiyyətini ciddi şəkildə gücləndirir: “Həm Ermənistandakı, həm də Suriyadakı Rusiya hərbi bazalarının potensialı və imkanları sürətlə artırılır. Hər iki ölkədəki hərbi bazalara ən müasir aviasiya vasitələri, zenit-raket kompleksləri göndərilir. Burada məqsəd təkcə Suriyada qarşıya qoyulan hərbi-siyasi vəzifələri uğurla yerinə yetirmək və Ermənistandakı bazanı hansısa potensial təhdidlərə qarşı gücləndirmək deyil. Məqsəd Türkiyəni mümkün qədər basqı altına almaq, ona qarşı bir növ, ”çəkindirmə" siyasəti həyata keçirməkdir. Türkiyə isə buna cavab kimi, Güney Qafqazda öz təsirini gücləndirmək istəyir. Bu səbəbdən Gürcüstanın NATO-ya inteqrasiyasında olduqca maraqlıdır. Bu ilin yayında keçiriləcək NATO-nun Varşava sammiti bu baxımdan çox önəmli tədbir olacaq. Gürcüstanın NATO-ya qoşulması Türkiyənin daxil olduğu təhlükəsizlik məkanının genişlənməsi deməkdir. Bu isə Türkiyənin milli təhlükəsizliyi üçün vacibdir. Gələcəkdə Gürcüstanda NATO hərbi bazasının qurulması və orada türk hərbi kontingentinin yerləşdirilməsi məsələsi də gündəmə gələ bilər".

Ş.Cəfərli rəsmi Ankaranın Rusiya ilə münasibətlərində Azərbaycanın onlar tərəfdə olmasını tələb etmədiyini də vurğuladı: “Əks halda, bu, Azərbaycanın Rusiya ilə konfrontasiyaya getməsi demək olar ki, Azərbaycan hakimiyyəti bunu qətiyyən istəmir və Türkiyə də Bakının bu mövqeyini anlayışla qarşılayır. İkitərəfli hərbi əməkdaşlığın gücləndirilməsi mümkündür və zəruridir. Son vaxtlar Türkiyə hərbi sənayesi ciddi şəkildə inkişaf etməyə başlayıb, biz bundan yararlanmalıyıq. Azərbaycan yavaş-yavaş və ehtiyatla Rusiya silahından imtina etməyə başlamalıdır. Bizim silahlanma sahəsində Rusiyadan asılılığımız yolverilməzdir və təhlükəsizlik maraqlarımıza tamamilə ziddir”.

Müsahibimiz Ərdoğanın Bakıya ölkəmizdəki iqtisadi böhranla bağlı gəlməsi fikirlərinə də toxundu: “Azərbaycanın mövcud iqtisadi böhrandan çıxması üçün Türkiyənin konkret hansı köməyi göstərə biləcəyini söyləmək çətindir. Ola bilsin ki, Türkiyədən kredit şəklində birbaşa maliyyə yardımı almaq məsələsi gündəm gəlsin. Lakin nəzərə almaq lazımdır ki, Türkiyənin də imkanları elə geniş deyil və valyuta ehtiyatları son dövrlər azalır”.(musavat.com)





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net