Kommunistlərdən ETİRAZ: “Tarixə hörmətsizlikdir”
Tarix: 2-02-2016, 14:05 |
Çap et
“Biz Azərbaycan Kommunist partiyası olaraq nəinki Azərbaycanda, ümumiyyətlə bütün sovet respublikalarında SSRİ dövründən qalan simvolikaların aradan qaldırılmasına, silinməsinə hər zaman etiraz etmişik”.
Bu sözləri Azərbaycan Kommunist Partiyasının (AKP) sədri Rauf Qurbanov Modern.az-a açıqlamasında bildirib.
Rauf Qurbanov Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin binasında olan sovet ulduzlarının söküləcəyi il bağlı mətbuatda gedən yazılara münasibət bildirib.
O qeyd edib ki, onların etirazlarına baxmayaraq bu gün həmin siyasətin dayandırılmasına mane ola bilməyiblər : “Ancaq bizim bildirdiyimiz bu mövqe nəticə etibarı ilə həmin abidələrin saxlanılmasına gətirib çıxara bilməyib.
Hesab edirəm ki, Azərbaycan bu gün yetərincə demokratik bir dövlətdir. Ölkədə siyasi partiyaların fəaliyyəti üçün şərait yaradılıb.
Kommunist Partiyası qeydiyyatdan keçmiş bir siyasi təşkilat kimi həmin sovet simvolikaları olan oraqdan, çəkicdən, sovet ulduzundan, kommunist bayrağından da istifadə edir.
Milli Elmlər Akademiyasının Rəyasət heyətinin binasındakı sovet ulduzlarının dəyişdirilməsi barədə demək istəyirəm ki, hər bir məsələyə həmin dövrdəki hakim siyasi partiya birbaşa olaraq hüquqi və siyasi məsuliyyət daşıyır”. Partiya sədri hesab edir ki, bu günkü nəslin əksər hissəsi məhz sovet-kommunist quruluşunun məhsulu olduğu üçün bu cür addımların atılması tarixə hörmətsizlikdir :
“Mən ümumiyyətlə, Azərbaycan vətəndaşı olaraq dövlətin tarixində olan şəxsiyyətlərin, hər hansısa tarixi dövr ərzində mövcud olmuş siyasi quruluşların simvoliklarının silinməsinin əleyhinəyəm.
Biz bu gün Azərbaycanın sovet, kommunist tarixinə aid simvolikaları, elementləri necə silə bilərik axı ? Ən azından biz və bizdən əvvəlki nəsillər 70 il ərzində bu tarixi , siyasi quruluşu yaşamışıq.
Bu günkü insanların, nəslin əksəriyyəti məhz həmin dövrün “ məhsuludur”. Buna görə də bu cür addımlar tarixə qarşı bir hörmətsizlikdir.
Ona görə də tarixi saxtalaşdırmaq, yaxud da ki hansısa simvolikaları aradan qaldırmaq insanların həmin tarixi dövrə, zamana olan hörmətini, sevgisini azaltmır. Biz unutmamalıyıq ki, tariximizin hər hansı bir səhifəsinə qarşı bu cür kampaniyaların aparılması həmin dövrü insanlara daha da çox sevdirir, marağı artırır.
Əgər bu günkü hakimiyyət xalqa sovet dövründə olduğu kimi pulsuz təhsil, səhiyyə və digər həyat üçün vacib olan xidmətləri maddi təmənnasız edəcəksə mən sovet kommunist dövrünə aid hər şeyin silinməsini istəyərəm”.