“Karvan” Ticarət Mərkəzi bağlandı
Tarix: 1-02-2016, 14:26 |
Çap et
Bu gün tanınmış iş adamı Ağamirzə Əhədova məxsus “Karvan” Ticarət Mərkəzində çalışanların aksiya keçirdiyindən bəhs etmişdik. (http://www.moderator.az/news/119002.html ).
Etibarlı mənbədən Moderator.az-a daxil olan məlumata görə, aksiyanın ardınca ticarət mərkəzi bağlanıb. Belə ki, icarə qiymətlərinin azaldılmasını tələb edən yüzlərlə icarədar dükanları açmaqdan imtina edib.
Mənbənin məlumatına görə, icarədarlar icarə haqlarına edilən bütün güzəştlərə rəğmən, indiki dönəmdə icarə haqqı vermək iqtidarında olmadıqlarını bildiriblər:
“İcarədarlar bildiriblər ki, “Karvan” Ticarət Mərkəzində baş verən məlum yanğın olayı onların biznes fəaliyyətinə elə zərbə vurub ki, bu zərbənin nəticələrini qisa zamanda – mövcud şərtlər daxilində aradan qaldırmaq mümkün deyil. Ölkədəki mövcud iqtisadi böhran vətəndaşların alıcılıq qabiliyyətini kəskin şəkildə aşağı saldığı üçün xırda dükan sahibləri bəzən günlərlə heç nə sata bilmir. Belə bir şəraitdə həm də icarə haqqı ödəmək mümkünsüz hala gəlir. Odur ki, icarədarlar icarə haqlaırnın bir qədər də azaldılmasını, bu qiymətlərin günün reallıqlarına uyğunlaşdırılmasını tələb edir”.
Mənbənin sözlərinə görə, “Karvan” Ticarət Mərkəzindəki dükanların sabah açılıb-açılmayacağı da hələlik bəlli deyil.