“Kimsə bu qanun layihəsində Allahlıq edir”
Tarix: 1-02-2016, 13:35 | Çap et
“Kimsə bu qanun layihəsində Allahlıq edir”
Milli Məclisin bugünkü iclasında parlamentin İctimai Birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov “Siyasi partiyalar haqqında” Qanuna müvafiq dəyişikliklərin edilməsini təklif edib.

Modern.az-ln xəbərinə görə, deputat bildirib ki, qanuna müvafiq dəyişiklərin üzərində işləyir və hazır olduqdan sonra Milli Məclisə təqdim olunacaq.

“Büdcədən maliyyələşən və maliyyələşməyən partiyalar şəffaflığın təmin olunması üçün Mərkəzi Seçki Komissiyasına hesabat verməlidir. Lakin onlar buna əməl etmir, qanunda da məcbur etmək yoxdur. Ya da partiya ağ kağız göndərir ki, maliyyə gəliri yoxdur. Lakin baxırsan ki, neçə cangüdəni, maşını, ofisi var. Bəs bu gəlirlər hardandır? Eyni zamanda, partiyalararası gərginlik var, bunlar tənzimlənməli və qaydaya salınmalıdır”.

Siyavuş Novruzov fəaliyyət göstərməyən partiyaların ləğv edilməsi məsələsini də səsləndirib.

“Partiyalar var ki, 20 ildən artıqdır vəzifələrini yerinə yetirmir. Dünya praktikası göstərir ki, bunlar bağlanmalıdır. Bu partiyalar artıq alqı-satqı obyektinə çevrilib. Bunun üçün dəyişiklik edilməlidir”.

Komitə sədri “Reproduktiv sağlamlıq haqqında” Qanun layihəsinin qəbul edilməməsinə də münasibət bildirib.
“Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədriyəm. Bu qanun layihəsində dinə zidd müəddəalar var. Allaha qarşı gələ bilmərik, amma kimsə bu qanun layihəsində Allahlıq edir. Həmin sənəddə Azərbaycan xalqının milli mentalitetinə uyğun olmayan məsələlər var və onlar çıxarılmalıdır.

Eyni zamanda ünvanlı sosial yardıma baxış dəyişilməlidir. Bu o demək deyil ki, imkansız, kasıb adam hər il bu yardımı almalıdır. Bu insanların ayağa qalxması üçün köməkdir. Neçə illər insanlara verdiyimiz bu yardımlar havaya atılıb. Buna baxış dəyişilməlidir.

Ünvanlı sosial yardım bir illiyə verilməlidir və vəsait o insanın işlədiyi sahəyə tətbiq olunmalıdır. Oradan gələn gəlirlə ailə vəziyyətinin yaxşılaşmasına xidmət etməlidir. Yoxsa ələbaxımlılığa öyrətmək düzgün deyil”.

İnformasiya təhlükəsizliyi haqqında prezidentin fərmanına diqqət çəkən deputat bildirib ki, bununla bağlı qanunlara dəyişiklik etməliyik.

“Bir mənbə Azərbaycan ordusu haqqında yazır, yarım saatdan sonra çıxarır. Bütün saytlar da ona istinadən yazı verir. Lakin məlum olur ki, bu informasiya xaricdə hansısa mənbədən yerləşdirilib və bundan mediamız istifadə edir. Bununla bağlı ciddi addımlar atılmalıdır”.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net