“Daşabasma faktlarının üstünü nəqliyyat polisi anında aça bilərdi”
Tarix: 27-01-2016, 16:49 | Çap et
“Daşabasma faktlarının üstünü nəqliyyat polisi anında aça bilərdi”
Təxminən ay yarım öncə Bakı-Sumqayıt sürət qatarı Güzdək stansiyasında daşa basıldı. Hadisəni törədən iki yeniyetmə həbs edildi. Yanvarın 23-də isə "BakuBus" MMC-yə məxsus 3 ədəd 14 saylı avtobus içərisində sərnişinlərlə birlikdə hücuma məruz qaldı. Həmin gün 17:00-17:20 radələrində Süleyman Rüstəm küçəsi ilə Dilarə Əliyeva küçəsinin kəsişməsində analoji hücumla üzləşdi.

DİN-dən verilən məlumata görə, daşa basılma faktı ilə əlaqədar cinayət işi açılıb. Amma hələlik şübhəli şəxs qismində saxlanılan yoxdur.

Bundan bir gün sonra, yəni yanvarın 24 –də isə Böyük kəsik-Bakı sərnişin qatarının Tovuz rayonu ərazisində xuliqanlıq zəminində daşa basılması qeydə alındı. İki nəfərin xəsarət alması faktı ilə bağlı nazirliyin Nəqliyyatda Baş Polis İdarəsi tərəfindən Cinayət Məcəlləsinin 221.1-ci (xuliqanlıq) maddəsi ilə cinayət işi başlanılıb. Nəticədə 2 nəfər sərnişin yüngül xəsarət alıb.

Bəs silsilə baş verən bu hadisələrin kökündə nə dayanır? Bunlar kimlərsə tərəfindən ixtişaşlara cəlb edilmədirmi? Yoxsa insanların sosial bərabərsizliyə aqressiv münasibətindən qaynaqlanır?

Məsələyə münasibət bildirən Elmi-Praktik Hüquq Mərkəzinin eksperti, sabiq polis rəisi Mahmud Hacıyev hafta.az-a açıqlamasında deyib ki, bu faktlara bir yox, bir neçə konteksdən yanaşmaq lazımdır:

“Əvvala, ona görə ki, istintaq yekunlaşmadan bunu kimlərinsə təhriki ilə edilməsini demək olmaz. Bu sadəcə ilkin ehtimallardan biridir. Burada kimlərinsə həmin insanları öyrədərək iğtişaşlara təşviq etməsini yüz faizlik əsasla söyləmək qeyri-mümkündür. Hazırda Azərbaycanda insanların böyük qismində sosial – iqtisadi gərginlik hökm sürür. Bəzilərinin psixoloji durumu o qədər gərginləşir ki, anlaqsız vəziyyətə gəlib çıxır. Həmin insanlardan bəziləri mənfi enerjini hara xərcləyəcəyini bilmir. İnsan mürəkkəb məxluqdu. Hamının intellekti və səviyyəsi eyni deyil. Ola bilər ki, bu hadisəni də törədənlər ya nə etdiyini bilməyən bir qrup xuliqan, ya da ki, müəyyən qism öyrədilmiş adamlardır. Bunlar hələlik ilkin ehtimallardır. Hər bir ehtimalın üzərində işləmək lazımdır”.

Ekspert deyir ki, bunu aydınlaşdırmaq üçün hüquq mühafizə orqanları var. Mahmud Hacıyevin sözlərinə görə, hadisənin biri baş verdikdən sonra, fikirləşmək lazımdır ki, bunun davamı da gələ bilər:

“Cinayət tərkibli hadisə baş verdikdən sonra, o hadisə ilə bitəcəyini güman etmək olmaz. Bunun davamlı olma ehtimalı böyükdür. Bunun üçün açıq və gizli əməliyyat tədbirləri gücləndirilməlidir. Bakı-Qazax qatarı daşlandıqdan sonra BakuBus avtobusları da daş-qalaq edildi. Hər ikisində ağır və yüngül xəsarət alanlar var. Bundan bir – iki ay əvvəl Sumqayıt sürət qatarı Güzdək ərazisində hücuma məruz qaldı. Elə bu faktdan sonra davamlılıq ehtimalını düşünüb istintaq genişləndirilməli idi. Bu ehtimallara son qoymaq üçün hüquq-mühafizə orqanları məxfi şəbəkədən istifadə etməlidir. Təəssüf ki, indi bu şəbəkə yox kimidir. Keçmişdə bu şəbəkə çox güclü olub. Hətta gələcəkdə baş verən hadisələrin qarşını belə ala bilirdi. Ola bilər ki, birinci hadisədəki kimi indi avtobuza hücum edənlər də 10-11-ci sinif şagirdləridir. Bəs niyə? Ona görə ki, əvvəlki tutulan həmyaşıdlarına dəstək vermək qərarına gələ bilərlər. Ehtimal olsa da reallığa yaxındır. Həmçinin onlar gənc və ya yeniyetmədirsə, onların təcrübəsizliyindən istifadə edib dövlət əleyhinə yönəldə də bilərlər. Düşünmək olar ki, onlar gənc olduğu üçün təcrübəsizdirlər. Bu ehtimal da mövcuddur”.

Keçmiş polis rəisi hesab edir ki, cinayət faktlarının üstünü isti izlərlə də açmaq mümkün imiş:

“Bu yük də polisin üzərinə düşür. Nəqliyyat polisi deyilən bir qurum var. Böyük stansiyalarda şöbəsi, kiçik dayanacaqlarda bölmələri fəaliyyət göstərir. Əgər bu fakt stansiyanın birində baş veribsə, buna onlar dərhal reaksiya verməli idi. Cinayətkarlar isə elə isti-isti tutulmalı idi. Hətta onlardan biri qatarda və ya avtobusda mülki geyimdə nəqliyyat vasitəsini müşaiyyət etməlidir. Hadisə baş verən kimi saxla əmri verib həmin qrupu zərərsizləşdirmək də olardı. Sovetlər dönəmində rəhbərlik bu sistemi hətta təyyarələrdə tətbiq edirdi və həmin əməkdaş təyyarənin içərisində silahla təmin edilirdi. Üstəlik yerdən də nəzarət var idi. Bu sistem bizdə də tətbiq olunmalıdır”.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net