“Kimlərsə müəllimi gözdən salmaqda maraqlıdır...”
Tarix: 27-01-2016, 16:34 | Çap et
“Kimlərsə müəllimi gözdən salmaqda maraqlıdır...”
Son günlər mediada və sosial şəbəkələrdə müəllim-şagird münasibətlərini müxtəlif rakurslarda əks etdirən video görüntülər yayılıb. Məlum olub ki, yayılan videolar əslində bir neçə ay bundan əvvəl çəkilib. Bir-birinin ardınca paylaşılan bu görüntülər sosial şəbəkələrdə ciddi müzakirə mövzusuna çevrilib. Müvafiq qurumlar həmin müəllimlərlə bağlı bir sıra tədbirlər görsə də, məsələnin araşdırılmasına ehtiyac var.

Qafqazinfo” bu məqamda bir sıra ictimai şəxslərin hadisə ilə bağlı fikirlərini təqdim edir:

Millət vəkili Fazil Mustafa

“Burada söhbət həqiqətəuyğun olan və olmayan məlumatlardan gedir. Əgər məlumat həqiqətə uyğun deyilsə, o zaman tədbirlərin görülməsi vacibdir. Ümumilikdə isə bu cür videogörüntülərin yayılmasının əleyhinəyəm. Çünki bir çox hallarda bu cür videolarda hər hansı situasiyanı dəqiq təsvir olunduğunu müəyyənləşdirmək çətindir. Məsələni bu formada ictimailəşdirmək əvəzinə hüquq-mühafizə orqanlarına və ya Təhsil Nazirliyinə müraciət etmək daha məqsədəuyğun olardı. Çünki müəllimin belə asanlıqla nüfuzdan salınması yaxşı tendensiya deyil”.

Millət vəkili Zahid Oruc

“Azərbaycan müəllimini şagirdi fiziki cəzaya məruz qoyan və gənc nəsli elə məktəblərdə aqressiv yetişdirməkdə suçlandırmaq doğru yanaşma deyil. Cəmiyyətin sosial əhvalından və dəyərlər sisteminin vəziyyətindən asılı olmayaraq, pedaqoji işi yüksək səviyyədə təşkil edən və milli həyatı tarazlıqda saxlayan, ictimai mənəviyyata yalnız müsbət töhfələr verən insanlar məhz müəllimlərimizdir. Onların daşıdıqları missiyanı virtual məkanda yayılan bir neçə döyülmə səhnəsi xarakterizə edə bilməz. Heç bir mübaliğəyə yer vermədən demək olar ki, bu gün dövlət quruculuğu və yeni nəslin formalaşması vəzifəsi qarşısında ən hazırlıqlı qüvvə məhz təhsil məkanında çalışanlardır. Müəllimlər gözdən salınınca onda başqa dəyərlərin müqəddəsliyini qorumaq çətin olacaq.

Müəllimləri şiddətə məruz qoyaraq onları hər gün məzəmmətlə yad edən toplumun inkişafını kənar təhsil müəssisələri təmin edə bilməz. Ona görə də əslində mühüm milli dəyər olanlara qarşı hücumları parlament üzvü kimi pisləyirəm və bunları düşmənlə savaşda qarşı tərəfin işinə yarayan təxribat hesab edirəm. İstənilən peşə və sənət sahəsində fərdi səhvlər belə formada ümumiləşdirib ictimai linç etmə kampaniyasına çevrilə bilməz”.

Təhsil eksperti Şahlar Əsgərov

“Müəllimin şagirdi döyməsi ilə bağlı videoların bu formada təqdim edilməsi doğrudan çox üzücü haldır. Məktəbdə münaqişə o zaman baş verir ki, müəllim öz məsuliyyətini anlayır, şagird isə anlamır. İnkişaf xətrinə müəllim qulaqburmadan istifadə edib, cəmiyyət isə onu düzgün qiymətləndirmir. KİV-ləri isə bu məsələnin kökünü aidiyyəti şəxslərlə birlikdə yox, bu sahəyə yad insanlarla axtarır. Nəticədə cəmiyyətə ötürülən məlumatlar ziddiyyətli, çox vaxt şablon düşüncənin məhsulu oldu və çaşqınlıq yaratdı. Mənə elə gəlir ki, sanki kimlərsə müəllimi gözdən salmaqda maraqlıdır. Şagirdi müəllim vurub. Öz xeyri üçün yox, şagirdin gələcəyi üçün. Pedaqoji üsulla öyrənməyəndə, fiziki üsulla başa salır. Məsələnin bu cür qabardılmasında isə həm də valideyn faktoru dayanır. Uşaq məktəbə gedərkən gərək valideyn başa salsın ki, hər itirilən dəqiqə sənin ziyanınadır. Mən adamlar tanıyıram ki, uşaq evdə müəllimin ona sillə vurduğunu deyəndə, atası da ona ikisini vurub. İldırım Bəyazidin oğlu Əmir Süleyman dərslərinə pis çalışdığı üçün müəllim onu döyür. Əvəzində İldırım Bəyazid müəllimin yanına gələrək, “oğlumun yaxşı oxumağını fikirləşdiyiniz üçün sizə təşəkkür edirəm” sözlərini deyib. Müəllimi hörmətdən salmaq, dövləti hörmətdən salmaq deməkdir”.

Təhsil Problemləri İnstitunun direktor müavini Ənvər Abbasov

“Son vaxtlar müəllimlərin uşaqları cəzalandırıması ilə bağlı müxtəlif məlumatlar yayımlanır. Təbii ki, bu heç bir halda xoşagələn deyil. Bu gün biz müəllimlərin nüfuzunu qaldırmaq istiqamətində işlər aparırıq. İstəyirik ki, müəllimlər şagirdlərin inkişafında həlledici rol oynayan şəxsiyyət kimi yüksəkdə dayansın. Ancaq təəssüflər olsun ki, bəzi hallarda mənfi rəy yaradılması ilə müəllimlərin nüfuzu aşağı salınır. Əlbəttə pedaqoji tələblərə uyğun olmayan müəllimlər barəsində müəyyən tədbirlər görülməlidir və bu mütəmadi olaraq görülür. Ancaq bunu ümumiləşdirilmiş bir şəkildə mediaya çıxartmaq nə dərəcədə düzgündür? Müəllimin nüfuzunu aşağı salmaq bu cəmiyyətə heç bir halda fayda verə bilməz”.

Millət vəkili Nizami Cəfərov

“Bu cür hadisələr cəmiyyət tərəfindən xoşagəlməz hadisə kimi qəbul olunur. Belə hadisələrə müvafiq qurumlar dərhal reaksiya verib. Ancaq hadisələrin bu cür şişirdilmiş, sanki dəhşətli bir cinayət hadisəsi baş veribmiş kimi təqdim etmək hadisənin özündən də neqativ təsir edir. Baş verən hadisəni təhlil etmək olar, birlikdə müzakirələr təşkil etmək olar. Birincisi, bu, kütləvi hal deyil. İkincisi, belə hallar hər yerdə ola bilər. Bunu qabartmaqla problem həll olunmur. Əvəzində isə şagirdlərdə bütün müəllimlərinə, məktəbə şübhə yaratmış olur. Biz də uşaq vaxtı döyülmüşdük. Belə olmasaydı indi bu yerə gəlib çatmazdıq. Bir də bizim bir çox medianın işi-gücü sanki ancaq müəllim döyülməsi ilə bağlı hay-həşir yaratmaq missiyasıdır. Mediada müəllimə qarşı olan məqsədli şəkildə aparılan bu hallara Mətbuat Şurası da nəzarət etməlidir”.

“Lent.az" saytının baş direktoru Qabil Abbasoğlu

“Təhsil sahəsi cəmiyyət həyatının həssas mövzularından biridir. Bura ictimai nəzarətin marağının olması başa düşüləndir. Mən qəbul edirəm ki, müəllim şagird münasibətlərində hər şey heç də kağız üzərində yazıldığı kimi deyil. Müəllimin də, şagirdin də səhvi ola bilər. Amma bu məsələnin məqsədli şəkildə, süni olaraq şişirdilmiş şəkildə mətbuata çıxarılması da doğru deyil. Məktəb psixoloji mühitdir. Burada insan yetişdirilməsi prosesi gedir. Ola bilər sonradan peşman olsa da müəyyən diqqətsizlik edir, bu qınanmalıdır. Amma hansısa psixoloji problemləri olan, şagirdlərlə davranışdan ciddi qüsurlara yol verən müəllimlər varsa, onların əməllərinin qarşısı alınmalıdır. Zənnimcə, bu sahədə profilaktikaya ehtiyac var.Bu məsələlərlə bağlı müxtəlif təlimlər, layihələr keçirilməlidir. Media məmnuniyyətlə bu cür layihələrin ictimai təbliğində iştirak edə bilər. Biz hamımız şagird olmuşuq. İçərimizdən müəllimlər də çıxıb. Müəllim ailəsində böyüyənlər də var. Müəllimin xüsusi bir obrazı var. Şagirdin gözündə bu obrazı zədələmək arzu olunan deyil”.

Əjdər Ağayev təhsil eksperti

“Respublikada 150 mindən çox müəllim var. Deyək ki, onlar arasında 3-4 nəfər kobudluğa yol verib və bu hərəkətlər sosial şəbəkədə yayımlanıb. Əlbəttə ki, müəllim kobudluğa yol verməməlidir. Ancaq minlərlə müəllimi cəmi 3-4 nəfərə görə müzakirə etmək yolverilməzdir. Digər tərəfdən gərək şagirdlər də öz ədəb qaydalarını yerinə yetirsinlər. Bütün bunlar müəllim haqqında xoşagəlməz fikirlər yaradır. Ona görə də bu fakta bütün müəllimlərin hərəkəti kimi yanaşılmamalıdır. Kimlərinsə məsuliyyətsizliyi ola bilər. Yəqin ki, həmin şəxslər barəsində də ölçü götürülür. Hərənin əlində bir telefon, video çəkən qurğu var. İstənilən şəxslə bağı video çəkib yerləşdirmək olar. Bunu nəzarətdə saxlamaq, hər bir müəllim asqıranda onun video görünütüsünü internetdə yerləşdirməklə biz heç nəyə nail ola bilməyəcəyik. Bunu da ictimaiyyət müzakirə etməlidir ki, müəllimlə belə rəftar etmək olmaz".





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net