Prezident məmurlara bir neçə mesaj verdi - EKSPERT ŞƏRHLƏRİ
Tarix: 27-01-2016, 14:32 | Çap et
Prezident məmurlara bir neçə mesaj verdi - EKSPERT ŞƏRHLƏRİ
Yanvarın 26-da ölkə başçısı İlham Əliyev son bir ay ərzində 3-cü dəfə nazirlərlə görüş keçirdi. O, nazirlərin Naxçıvan istehsalı olan maşınlardan istifadə etməsinə diqqət çəkdi. Korrupsiya ilə bağlı mübarizədə xeyli işlərin görüldüyünü vurğuladı. "ASAN xidmət" modelinin 7 milyon insana xidmət etdiyini diqqətə çatdırdı. Ölkə başçısı dünənki müşavirədə qarşıdakı aylar üçün hökumətin görəcəyi işlərə də toxundu; Prezident kənd təsərrüfatının inkişafına qoyulacaq investisiyaların labüdlüyünü isə xüsusi qeyd etdi.

Bəs aqrar sektorun inkişafı üçün dünənki tədbirdə verilən tezislər nədən xəbər verir? Bu sahədə hansı addımlar atılacaq? Prezident yerli istehsal avtomobillərindən istifadə edin deyərkən, nəyə işarə edirdi? Kənd təsərrüfatında hansı mexanizmlər həyata keçirilməlidir?

Hafta.az-ın bütün bu suallarını iqtisadçı ekspertlər Vüqar Bayramov və Oqtay Haqverdiyev cavablandırıb. Ekspert Oqtay Haqverdiyevin sözlərinə görə, ölkə başçısı məmurlara Naxçıvan avtomobilləri istifadə edin deməklə, onlara bir neçə mesaj verib:

“Prezident nazirlərə Naxçıvan istehsalı olan yerli avtomobilləri almağı tövsiyə etdi. Ölkə başçısı diqqəti həm yerli istehsala yönəldir, həm də məmurları daha təvazökar davranmağa çağırır. Bu bəyanat həm də o deməkdir ki, nazirlər öz pullarını xarici istehsala yox, yerli istehsala xərcləsinlər. Yəni avtomobillərə xərclənəcək dollarlar elə bizdə də qalsın, kənara çıxmasın. Prezidentin nazirlərə bir tövsiyəsi isə öz məmurlarımızı yerli istehsala üstünlük vermələri ilə bağlı idi. Yəni, bizdə olan mallardan istifadə etmələrini söylədi. Görək indi hansı nazir Naxçıvan istehsalı olan maşında oturacaq? Bunu zaman göstərəcək. Qərb mediası bizi pis qələmə verməyə çalışır. Yəni, xaricdə bizi subyektiv səbəblərdən pis tanıyanlar da var. Ona görə də, xaricdən investisiya cəlb etmək bir qədər çətindir. Amma mümkünsüz də deyil. Ölkə başçısı da xaricdən investisiya axını üçün çalışır”.

Prezidentin kənd təsərrüfatı ilə bağlı tezislərinə münasibət bildirən Vüqar Bayramov isə deyib ki, hazırda aqrar sektorun inkişafı bizim üçün prioritet olmalıdır:

“Çünki bu sahə ölkəyə ən qısa zamanda valyuta axınını təmin edəcək bir sektordur. Kənd təsərrüfatı Azərbaycanda müqayisəli üstünlüyə malikdir. Aqrar sektorun və bu sahədə fəaliyyətlərin dəstəklənməsinə ehtiyac var. Ölkə prezidentinin də qeyd etdiyi kimi, bölgələrdə fermerlərin fəaliyyətinə süni müdaxilələr aradan qaldırılmalıdır. Onlar heç bir maneəsiz öz işlərini qurmaq imkanlarını əldə etməlidirlər. Bu, birmənalı şəkildə yerli icra hakimiyyəti orqanlarının əsas vəzifəsi olmalıdır. Çünki fermerlər üçün liberal iqtisadi mühitdə fəaliyyət göstərmək əsas amillərdəndir. Fermerlərin dəstəklənməsinə ehtiyac var”.

Vüqar Bayramov həmçinin qeyd edib ki, hazırkı durumdan çıxmaq üçün fermerlərə dövlət tərəfindən subsidiyalar verilməlidir. Ekspertin sözlərinə görə, subsidiyaların verilməsi mexanizminə də yenidən baxılmalıdır:

“Buna ehtiyac var. Yəni, subsidiyalaşma genişlənməlidir. Bu sahə üzrə aparılan monitorinqlər göstərir ki, subsidiyalaşma mexanizmində çox ciddi nöqsanlar var. Hətta maliyyə yardımının fermerlərə çatmaması kimi faktlar mövcuddur. Bunlardan bir neçəsi Maliyyə Nazirliyinin apardığı yoxlamalarda üzə çıxdı. Ona görə də mexanizmlər şəffaflaşdırılmalıdır. Fermerlər vaxtlı-vaxtında maliyyə dəstəyi almalıdırlar ki, onlar istehsalını genişləndirə bilsin. Bu da onların ixrac imkanlarını stimullaşdıracaq. Ümumi ixrac həcmi 100 min dollardan yuxarı olan fermerlər üçün xüsusi subsidiya proqramları həyata keçirilməlidir. Bu da imkan verəcək ki, fermerlər öz fəaliyyət imkanlarını daha da genişləndirsinlər. Aqrar sektorun inkişafına dövlət dəstəyi birbaşa vacibdir. Korporasiyaların yaradılması prosesi sürətləndirilməlidir. Bu prosesdə xeyli ləngimələr var. Çünki kənd təsərrüfatının güclənməsinə və xərclərə qənaət olunmasına gətirib çıxaracaq. Bu, imkan verəcək ki, yerli məhsul daxili bazara mal çıxara bilsin. İndiki məqamda əsas hədəf daxili bazara məhsulun çıxarılmasıdır. Hökumət idxaldan asılılığın aradan qaldırılmasına çalışmalıdır. Əgər belə olarsa, valyuta məzənnələrinin dəyişməsi istehlak bazarına təsir göstərməyəcək. Prezidentin dediyi kimi, aqrar sektor əsas prioritet olmalıdır. Bu sahə tamamilə liberallaşmalı və dövlət dəstəyi kəskin şəkildə artırılmalıdır”.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net