Azərbaycanda 1,5 milyardlıq layihələr hazırlanıb
Tarix: 27-01-2016, 10:57 | Çap et
Azərbaycanda 1,5 milyardlıq layihələr hazırlanıb
"Keçən il regionların inkişafına bütün mənbələr hesabına 3,6 milyard manat vəsait yönəldilib". ANS PRESS-in məlumatına görə, bunu “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının ikinci ilinin yekunlarına həsr edilən konfransda iqtisadiyyat naziri Şahin Mustafayev deyib.

Onun sözlərinə görə, şəhər və rayonların sosial-iqtisadi inkişafının sürətləndirilməsi və bir sıra mühüm layihələrin icrası ilə bağlı imzalanan sərəncamlarla 169 milyon manat vəsait ayrılıb.

Nazir deyib ki, il ərzində 400 kilometrdən artıq ölkə və yerli əhəmiyyətli avtomobil yolu, 12 yeni körpü və yolötürücüləri tikilib və ya təmir olunub. Əhalisi 351 min nəfər olan 245 yaşayış məntəqəsini birləşdirən 590 kilometrdən artıq kənd yolu çəkilib.

"Hesabat ilində Bərdədə “ASAN xidmət”in fəaliyyətə başlaması ilə regionlarda onların sayı 4-ə çatıb və bu il Masallı və Qəbələdə də “ASAN xidmət” mərkəzlərinin fəaliyyətə başlaması nəzərdə tutulur.
Gəlirlərin azalmasına baxmayaraq, ötən ildə də bütün sosial proqramlar tam həcmdə icra olunub. Regionlarda 39 məktəb, 37 bağça, 55 səhiyyə, 13 gənclər və idman, 33 mədəniyyət obyekti tikilib və ya əsaslı təmir olunub. Məcburi köçkünlər üçün 5 yeni yaşayış kompleksi salınıb, 3 min ailənin və ya 15 min məcburi köçkünün mənzil şəraiti yaxşılaşdırılıb, əlil və şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsinə xüsusi önəm verilib, Tərtər rayonunda 54 mənzilli yaşayış binası, 11 rayonda 82 fərdi ev tikilib".

Ş.Mustafayev qeyd edib ki, qlobal böhran şəraitində digər ölkələrdən fərqli olaraq, müvafiq sərəncamlarla əməkhaqqı, pensiya və müavinətlər artırılıb.

Artıq Azərbaycanda Mingəçevir Sənaye Parkının yaradılmasına başlanılıb, Neftçala Sənaye Məhəlləsində isə yaxın üç ay ərzində sahibkarlar tərəfindən ümumi investisiya məbləği 20 milyon manatdan çox olan 7 layihə üzrə müəssisələrin qurulmasına başlanacaq və bunun nəticəsində 380 yeni iş yeri açılacaq.

İclasda çıxış edən nazir son illərdə dövlətin güzəştli kreditləri hesabına 43 müasir quşçuluq və 25 heyvandarlıq kompleksinin, 39 intensiv bağçılıq təsərrüfatının, 53 logistik mərkəzin və 22 taxıl anbarının, 16 meyvə-tərəvəz emalı, 9 süd emalı, 8 ət emalı müəssisəsinin, 28 çörək zavodunun, 46 istixana kompleksinin, 6 yem zavodunun və digər müasir müəssisələrin yaradıldığını bildirib.

"Subyektlərində yoxlamalar 2 il müddətinə dayandırılıb, lisenziya tələb olunan fəaliyyət növlərinin sayı 59-dan 37-yə endirilib, lisenziyalar müddətsiz müəyyən edilib, dövlət rüsumunun məbləği Bakıda 2 dəfə, regionlarda isə 4 dəfə azaldılıb, lisenziyaların İqtisadiyyat Nazirliyi tərəfindən “ASAN xidmət” mərkəzlərində verilməsinə və “Elektron lisenziya” portalının yaradılmasına başlanılıb.
Regionlarda sahibkarların uzun illərdir banklarda üzləşdikləri girov probleminin həlli üçün kiçik həcmli güzəştli kreditlərin girovsuz verilməsi məqsədilə 32 bank olmayan kredit təşkilatı əməkdaşlığa cəlb edilib və onların vasitəsilə 7 minədək fermerə 53 milyon manat kredit verilib.

Qarşıdakı illər üçün hər bir regionun iqtisadi potensialı və əhalinin məşğulluq səviyyəsi nəzərə alınmaqla ilkin dəyəri 1,5 milyard manat olan 150-dən çox investisiya layihəsi hazırlanıb. Bu layihələrin icrasına Sahibkarlığa Kömək Milli Fondunun güzəştli kreditləri, yerli və xarici investisiyalar cəlb olunacaq.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net