Azərbaycan İrandan nə tələb edə bilər?
Tarix: 26-01-2016, 16:55 | Çap et
Azərbaycan İrandan nə tələb edə bilər?
Bəlkə Rusiya problemi olmasaydı, İran üzərindən sanksiyalar götürülməyəcəkdi

Rusiya Krımı ilhaq edəndən və Ukraynanın şərqindəki proseslərə rəvac verəndən sonra Qərb iki cəbhədə vuruşmamağı qərara aldı və İranla əməkdaşlığa start vedi. Düzdür, danışıqlar uzun müddət idi ki, davam edirdi. Amma tərəflərin kaprizləri o qədər çox idi ki, bu danışıqların nə vaxtsa müsbət nəticə verib-verməyəcəyi sual altında idi...

İndi nəticə var. Sanksiyalar tam şəkildə olmasa da, önəmli dərəcədə götürülüb. Ölkələr biri-birinin ardınca İranla münasibətlərini bərpa etmək üçün yollar arayırlar. Fəqət, region dövlətlərini, xüsusən də azərbaycanlıları sanksiyaların götürülməsinin nəticələri daha çox maraqlandırır...

İran da daha çox neft və qaz ölkəsidir. Ona görə də bir nəticə irəlicədən məlumdur. Bu ölkənin neft və qaz infrastrukturunu bərpa etmək üçün böyük məsrəflər tələb olunsa da nəhənglərdən birinin dünya neft və qaz bazarına daxil olması yalnız bir nəticə verə bilər – neft və qaz ucuzlaşacaq...

Amma rusların bir məsəli var. Deyirlər ki, xoşbəxtlik olmazdı, fəqət, bədbəxtlik kömək etdi. Azərbaycan İranın timsalında neft rəqibini tapmış olsa da, bu ölkə üzərindən sanksiyaların götürülməsi onu ilk dəfə özünün siyasi coğrafiyası haqqında ciddi şəkildə düşünməyə vadar etdi – indi bəzi ekspetrlər hətta belə hesab edirlər ki, tranzit imkanlarından Azərbaycanın əldə edə biləcəyi gəlir neft gəlirlərilə müqayisə olunmasa da, onlardan kəskin fərqlənməyəcək...

Sanksiyaların götürülməsi İranın özü üçün də bir çox tərəflərdən geniş imkanlar vəd edir. Onun valyuta ehtiyatları yenidən aktivləşdirilir, dövlətin investisiya imkanları artır, əhalinin alıcılıq imkanları çoxalır...

Azərbaycana gəldikdə isə o, Rusiya ilə İran arasında bir körpüdür. Bu “körpü” dəniz və avtomobil yollarının birləşdirilməsini, dəniz marşrutlarının intensivləşməsini nəzərdə tutur. Bunlar isə Azərbaycana böyük iqtisadi dividendlər vəd edir...

Amma hər şey təkcə valyuta ilə ölçülmür. İranla Azərbaycan arasında müəyyən ziddiyyətlər, sözsüz ki, qalır – siyasi rejimlər müxtəlifdir, ortada bir Cənubi Azərvaycan problemi də var ki, Şimalda bunu nə qədər görməməyə cəhd etsələr də Cənubda insanları öz milli haqlarına sahib çıxmaq istəyindən məhrum etmək elə də asan deyil...

Amma biz daha çox iki ölkəni birləşdirən məqamlar barədə düşünərdik. Qərb ilə İranın münasibətlərinin relsə düşməsi Azərbaycan diplomatiyasını izafi şərtlərdən, tələblərdən xilas etdi. Həm İran tərəfindən, həm də Qərb tərəfindən Azərbaycanın xarici siyasətini öz maraqlarına uyğun şəkildə yönəltmək cəhdləri olurdu – İran çalışırdı ki, Azərbaycanı Qərbdən uzaqlaşdırsın, Qərb də öz növbəsində cəhd edirdi ki, onun İranla münasibətlərini minimuma endirsin... İndi bunlar olmayacaq və yaxud da əhəmiyyətli dərəcədə azalacaq.

Ona görə də, belə hesab edirik ki, İranın üzərindən sanksiyaların götürlməsi və bu ölkənin inkişaf etməyə başlaması bütün hallarda Azərbaycanın maraqlarına cavab verir. Bilirsiniz, ölkə kasıb, ac və yaxud da ki, problemli olanda onun siyasətçiləri də acıqlı olurlar. Həm də məsəl var, deyirlər ki, özünə birini istəyəndə, qonşuna da ikisini istə...

Burada daha bir detala diqqət çəkmək istərdik. Bəlkə də bu, bir arxaizm kimi görünəcək. Amma ideyalar var ki, onlar köhnəlmir. Düşünürük ki, M.Ə.Rəsulzadənin “Əsrimizin Səyavuşu” əsərində vurğuladığı fikir elə indi də əhəmiyətini itirməyib. Söhbət Azərbaycan, Türkiyə və İran arasındakı çox sıx ittifaqdan gedir. Rəsulzadə bunu hətta konfederasiya kimi təsəvvür edirdi.

Təbii ki, biz eyforik nəticələrin tərəfdarı deyilik. Amma bu ideya heç “Qafqaz evi” ideyasından da az önəm kəsb etmir...

İranla Azərbaycan arasında bir problem də var. Bu ölkə Ermənistanı təcavüzkar bir dövlət kimi tanıyır. Eyni zamanda, onunla sıx iqtisadi və siyasi əlaqələr saxlayır. Əvvəllə İran siyasətçiləri deyirdi ki, biz təcrid olunmuşuq, bizim xarici partnyorları seçmək imkanlarımız məhduddur.

Gəl ki, artıq bunu deyə bilməzlər. Yaponiya və Çin kimi nəhənglər İran iqtisadiyyatına can atır, onunla əməkdaşlıq etmək istəyirlər. Digər ölkələr də

bu arzudadır. Ona görə də, bir müddətdən sonra Azərbaycan İranı Ermənistanla münasibətlərinə yenidən baxmağa sövq edə bilər. Güman edirik ki, bu, elə də perspektivsiz məsələ deyil. Həmişə müsəlman birliyindən danışan İran nə vaxtsa bunu əməldə də nümayiş etdirməlidir...

Hüseynbala Səlimov





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net