Azıx adamının müasiri və bir az duz - AKTUAL
Tarix: 26-01-2016, 16:46 | Çap et
Azıx adamının müasiri və bir az duz - AKTUAL
Dollar cəhənnəmə 867 manat olsun, neft də istəyir, lap 3 dollar olsun. Bu saat ölkəmiz üçün ən vacib və taleyüklü məsələ başqadır: Manaf Ağayev ad-soyadlı bir manıs oğlunu evləndirməyə layiqli (?) qız tapa bilmir. TV-lərdən birinə müsahibəsində deyib ki, indiki qızlar “WhatsApp”a şəkil qoyur. Manaf Ağayev də belə qızları oğluna layiq bilmir. Deyir, internetdə mesajlaşan, şəkil qoyan qızı oğluna ala bilməz. “Telefonla danışıb ərə gedirlər”, - deyir. Belə qızı da özünə gəlin eləyə bilmir.

Manaf Ağayev Füzuli rayonundadır. Füzuli rayonunda dünyanın ən qədim yaşayış məskənlərindən hesab olunan Azıx mağarası var. Ötən əsrin 68-ci ilində orada insana aid olduğu ehtimal edilən bir çənə sümüyü tapılıb. Alimlər araşdırıb ki, 350-400 min il yaşı olan bu çənə sümüyü pre-neandertal tipli insana aiddir. Təsəvvür edin, hətta insan da deyilmiş. Neandertalla insan olmaq arasında var-gəl edən bir avaragor imiş. Bax, həmin pre-neandertalın təfəkkürü ilə Manaf Ağayevin təfəkkürü arasında heç bir fərq yoxdur. 350 min il əvvəl yaşamış bir canlı ilə 2016-cı ilə yaşayan başqa bir canlının həyata eyni baxması acınacaqlıdır. Ancaq nə edək, kainat dövr edir. Müxtəlif zamanda eyni məkanda reinkarnasiya da mümkünmüş.

Əslində Manaf Ağayev bunu özü də qəbul edir. Sitat: “Bəlkə mən kənddə böyümüşəm, geridə qalmışam, rayon balasıyam, mənə çatmır”. Düz deyir. Bu fikri dəstəkləyirəm. Bu, həqiqətən də çox gözəl etirafdır və Manaf Ağayevin şüuraltısı ona bu həqiqəti söylədib. Nəysə, psixoloqlar araşdırsın Manaf Ağayevi. Manaf Ağayev özünün də dediyi kimi, geridə qalıb, ona çatmır. Ancaq bunun nə kənddə böyüməyə, nə də rayon balası olmağa dəxli yoxdur. Bunun səbəbi neandertallıqdan homo-habilis mərhələsinə keçməməkdir. Kənddə böyüyən, rayon balası olan minlərlə homo-habilis tanıyıram. Biri elə mən. Onların heç biri belə düşünmür. Adam özündən sonra gələn övladını oxutmaq, daha müasir, daha yüksək dünyagörüşlü birinə çevirmək əvəzinə övladını özünün köhnəliyinə dartır. Heç nə deyə bilmərik. Zorla gözəllik olmaz.

Qısası, qızları “WhatsApp”a və feysbuka şəkil qoymağa dəvət edirəm. Orqanizmdə duz əskikliyinin nəticələrinə dözmək məcburiyyətindəyik, nə edə bilərik?!

Duz demiş, mən bildiyim qədərilə, Azərbaycanda duz yataqları baxımından əskiklik yoxdur. İndi bəyanatlardan daha çox, yollara duz qatmağa ehtiyacımız var. Bu duz ki xaricdən gəlmir, icra hakimiyyətləri onu niyə alıb tökmür yollara? Budur, Bakıya yenə bir çimdik qar yağıb, maşınlar küçələrdə buz rəqsi göstərirlər. Heç olmasa, bu duzu alıb yola tökmək olar axı. Həm küçələrdə qəzaların sayı azalar, həm də heç olmasa, 5-10 nəfər evinə çörək pulu aparar, iş sahibi olar. Hələ heç duz göllərində işləyənləri, o duzu maşınlarla Bakıya gətirənləri və s. nəzərə almıram. Böhran dövründə ölkədə pul dövriyyəsini də artırmış olarsınız. İqtisadiyyat özünüz məndən yaxşı bilirsiniz. İllərdir o boyda büdcə pulları ilə... iş görürsünüz. Bir az duz. Heç olmasa, bir az. Rica ediyoruz.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net