Şaxta və güclü külək bir çox yaşayış məntəqələrini işıqsız qoydu
Tarix: 26-01-2016, 12:07 | Çap et
Şaxta və güclü külək bir çox yaşayış məntəqələrini işıqsız qoydu
Dünəndən ölkə ərazisində hökm sürən əlverişsiz hava şəraiti, güclü qar və şiddətli külək bir sıra fəsadlara səbəb olub. Əhali nəqliyyat vasitələrinin işinin çətinləşməsindən və elektrik enerjisi xətlərinin sıradan çıxmasından əziyyət çəkib.

Virtualaz.org saytı Yardımlı da yüksək gərginlikli elektrik hava xətlərində qəzalar baş verdiyindən, rayonun 10-a yaxın yaşayış məntəqəsinə elektrik enerjisinin nəqli dayanıb.

Lerik rayonunda da elektrik enerjisi təminatında problemlər yaranıb. Qarın ağırlığından bəzi ərazilərdə elektrik dirəkləri aşıb, xətlər qırılıb. Nəticədə, rayonun 60-dək yaşayış məntəqəsi işıqsız qalıb.

Yolların buz bağlaması səbəbindən Lənkəran-Lerik şosesində nəqliyyat vasitələrinin hərəkəti çətinləşib. Yolda hazırda yalnız yük maşınlarının hərəkəti mümkündür. 25 saylı Lerik Rayon Yol İstismar Sahəsinin rəisi Elxan Əliyev APA-ya bildirib ki, yolun 50-ci kilometrliyində şaxta və buzlanma səbəbilə təhlükəli vəziyyət yaranıb.

Yağan güclü qar İsmayıllı, Qəbələ və Ağsu rayonlarının ucqar dağ kəndlərində, eləcə də Göyçayda rabitə və elektrik xətlərinə ziyan vurub.

Göyçayda 10-a yaxın ağac üzərinə yağan qarın ağırlığına dözməyərək aşıb. Kəndlərdə isə qarın ağırlığı tab gətirməyən bəzi tövlə və yardımçı tikililərin dam örtüyü, pomidor istixanalarının sellofan örtükləri çöküb.

Göyçay şəhərinin bir hissəsində və 20-yə yaxın kənddə elektrik enerjisinin verilişi dayanıb. Rayon əhalisinə təbii qazın verilişində də ciddi problemlər yaranıb. Verilən təbii qazın təzyiqi çox aşağı olduğundan abonentlər soyuq havada mənzillərini qızdırmaqda çətinlik çəkirlər. Bəzi yerlərdə isə abonentlər təbii qaz verilişinin tamamilə dayanmasından şikayətlənirlər.

Hava şəraiti ilə bağlı Göyçayın bir neçə kəndində transformatorlarda nasazlıq yaranıb və elektrik enerjisinin verilişi dayandırılıb.

Şəki-Zaqatala bölgəsində fasiləsiz yağan qar nəticəsində yollar buz bağlayıb, bəzi ərazilərdə elektrik naqilləri qırılıb. Nəticədə, bölgənin rayonlarında elektrik enerjisinin verilişində məhdudiyyətlər yaranıb. Hazırda Zaqatalanın 14 kəndində elektrik enerjisi yoxdur.

Sinoptiklərin məlumatına əsasən, bu cür hava şəraiti yanvarın 27-si günorta saatlarınadək davam edəcək.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net