Putinin Lenini yenidən ittiham etməsinin PƏRDƏARXASI - ŞƏRH
Tarix: 25-01-2016, 10:51 |
Çap et
Hafta.az-ın verdiyi xəbərə görə, Rusiya prezidenti Vladimir Putin son çıxışında bolşeviklərin lideri Lenini tənqid edib, onu imperiyanın dağıdıcısı kimi qələmə verib.
Vladimir Vladimiroviç bir neçə il əvvəlki çıxışlarında isə bolşevikləri Birinci Dünya Müharibəsinin sonlarına yaxın almanlara satılmaqda, xalqa verdiyi vədləri yerinə yetirməməkdə ittiham etmişdi.
Dediklərinin hamısı həqiqət olsa da, bəs Putin "Lenin mövzusu"na yenidən niyə qayıdır? Neosovetimperialist dövlət quruluşunu təzədən bərpa etmək istəyən Valodyanın Lenini pisləməkdə məqsədi nədir?
Məsələyə münasibət bildirən politoloq Elxan Şahinoğlunun sözlərinə görə, Putin bununla özünün iki əsas hədəfinə çatmaq istəyir:
“Fikrimcə, Putin Leninin vəsiyyətini yerinə yetirmək istəyir, yəni onun mumyalanmış bədənini Movzoleydən çıxarıb yaxınlarının yanında basdırmaq istəyir. Əlbəttə, bu kommunistlərin və yaşlı nəslin bir hissəsinin narazılığına səbəb olacaq, ancaq bununla Putin iki hədəfinə çata bilər. Birincisi, ölkədə iqtisadi və sosial vəziyyət getdikcə ağırlaşır, çoxları bundan danışır və bu ərəfədə "Lenin basdırılır" mövzusu bir müddət yerli ictimaiyyətin diqqətini məhz buna yönəldəcək. İkincisi, Leninin basdırılması ölkənin islahat tələb edən liberal kəsimin könlünü almağa yönəlib. Həm də Qərblə münasibətlərində Putinə yeni səhifə açılmasına hesablanıb. Məhz bu iki kəsim Putini avtoritar kommunist liderlərə bənzədirlər. Putin isə Lenini basdırmaqla bu bənzətmədən yaxa qurtaracaq. Yazıq və ya bədbəxt Lenin, 92 il bundan əvvəl ölməsinə baxmayaraq, əvvəlkitək siyasi alver predmetidir”.