“Bu, status-kvonu ciddi surətdə silkələyəcək”
Tarix: 22-01-2016, 12:30 | Çap et
“Bu, status-kvonu ciddi surətdə silkələyəcək”
“2015-ci ildə Dağlıq Qarabağ məsələsinin həll edilməsi ilə bağlı ümidlər daha çox idi. Rusiya bu prosesə əl qoyaraq Azərbaycana söz vermişdi ki, ən azından Dağlıq Qarabağın hüdudlarından kənardakı 7 rayonun geri qaytarılmasına ciddi köməklik göstəriləcək. Son dövrlərdə Rusiya-Türkiyə münasibətlərinin pisləşməsi, Azərbaycanın bu məsələdə prinsipial mövqe nümayiş etdirməsi Rusiyanı bir qədər Qarabağ məsələsindən uzaq salıb”.

Bunu Modern.az saytına keçmiş dövlət müşaviri, politoloq Qabil Hüseynli Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə dair aparılan danışıqları şərh edərkən deyib.

“Rusiya bunu üzə vurmasa da son vaxtlar Dağlıq Qarabağa guya Türkiyə əleyhinə olan hərbi silahların yerləşdirilməsi Ermənistanda hava hücumundan müdafiə sistemlərinin yaradılması oraya hərbi helikopterlərin gətirilməsi, ordunun sayının 2 dəfə artırılması üstəlik yeni qırıcı təyyarələrin gətirilməsi fonunda demək olar ki, Ermənistan torpağı bütünlüklə rus silah ambarına çevrilib”,-deyə o əlavə edib.

Ekspertin sözlərinə görə, belə şəraitdə Rusiyanın səmimiliyinə də şübhələr yaranmağa başlayıb. O bildirib ki, Rusiyanın status-kvonu dəyişdirmək və bölgədəki problemin həllinə nail olmaq üçün bütün qüvvəsini sərf edəcəyi barədə verdiyi açıqlamalar yeni deyil.

“Açığını deyim ki, bu, son 2-3 il ərzində Rusiya tərəfindən dəfələrlə səsləndirilmiş fikirlərdir. Real işə gələndə məsələnin həlli bu və ya digər bəhanələrlə tormozlanır. 2016-cı ildə də Rusiya təntənəli surətdə problemin həllini Putinin dilindən dəyərləndirsə də, buna inanmaq çətindir.

“ATƏT-in Minsk qrupunun həmsədri Rusiyanın məsələyə biganəliyi digər həmsədr dövlətlərin məsələyə obyektiv yanaşmasını sürətləndirə bilərmi?” sualına isə Qabil Hüseynli belə cavab verib:

“Paralel olaraq Avropa ölkələri, ABŞ bu məsələnin həllinə daha aktiv girişiblər. 7 rayonun azad edilməsi məsələsi ABŞ konqresində, konqresin müəyyən palatalarında müzakirə edilib.

Ədalət naminə demək lazımdır ki, həm ABŞ-ın, həm də Qərb dövlətlərinin(xüsusilə Almaniya) Dağlıq Qarabağ məsələsinin anatomiyası ilə bağlı diqqətçəkici dəyişikliklər var. Burda Ermənistanın təcavüzkar olması, Azərbaycan torpaqlarının işğal olması hər iki dövlət tərəfindən qəbul edilir. 7 rayonun geri qaytarılması və ermənilərin həmin torpaqlardan çıxarılması məsələsi xüsusi vurğulanır. Doğrusu, burdakı səmimiyyətə adamın inanmağı gəlir. Çünki məsələyə ciddi yanaşırlar.

Qabil Hüseynli ATƏT PA-nın Vyanada keçiriləcək sessiyasına da Qarabağ məsələsinin müzakirəyə çıxarılacağını proqnozlaşdırıb.

“Açığını deyək. Dünənə qədər biz Rusiyanın bu prosesə müdaxiləsi nəticəsində nələrəsə nail olacağımıza inanırdıq. Avropa və ABŞ-ın özü bu məsələlərdə, zənnimcə, obyektiv mövqe sərgiləyərək, hər hansı bir təmənna nəzərdə tutmayaraq bu məsələləri yerindən tərpətmək istəyir. ATƏT-in Vyanada keçiriləcək üst yığıncağında ermənilər üçün sürpriz ola biləcək qərarlar qəbul edilə bilər. Ən azından bu qərarların qəbul edilməsi müəyyən vaxt çəksə də, status-kvonu ciddi surətdə silkələyəcək”.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net