Bəzi səfirliklərimiz mediaya “Lenin burjuaziyaya baxan kimi” baxır
Tarix: 22-01-2016, 11:53 | Çap et
Bəzi səfirliklərimiz mediaya “Lenin burjuaziyaya baxan kimi” baxır
Bu gün dünyanın 70-dən çox ölkəsində Azərbaycanın diplomatik korpusu fəaliyyət göstərir. Bura səfirliklər, daimi nümayəndəliklər, konsulluqlar, təmsilçiliklər daxildir. Diplomatik nümayəndələrimiz fəaliyyət göstərdikləri ölkələrdə Azərbaycanın marağında olan məsələlərə xüsusi diqqət yetirməklə yanaşı, eyni zamanda həqiqətləri də beynəlxalq ictimaiyyətə çatdırmalıdırlar. Amma bu gün bəzi səfirliklərimizin fəaliyyətində bu nüansları görmürük. Hətta bir sıra ölkələrdə səfirliklərimizin mediaya çıxış imkanları “0” səviyyəsindədir. Xaricdəki dilomatik missiyalarımız bir sıra hallarda yerli ölkənin mediası ilə işləmək istəmir, buna maraq göstərmirlər. Medianın cəmiyyətə təsir imkanlarını nəzərə alsaq, onunla təmasdan qaşmaq ağıla sığmayan məsələdir. Bəs onda Azərbaycanın xaricdəki diplomatik missiyaları niyə belə edirlər?

Modern.az saytı media nümayəndələrindən xaricdəki səfirliklərimizin çatışmayan çəhətinə münasibət öyrənib.

Musavat.com saytının redaktoru Xalid Kazımlı bildirib ki, bu mövzuda danışarkən bir nüansı nəzərə almaq lazımdır. Onun sözlərinə görə Azərbaycan əksər Avropa dövlətləri üçün ekzotik ölkə sayılır və bəlli reputasiyaya malikdir:
“Səfirliklərimiz nə qədər çalışsalar da, ölkəmizi Avropada sevimli edə, mətbuatda ölkəmizə dair tərifli yazılar yazdıra, materiallar dərc etdirə bilmirlər. Bir çox ölkələrdə səfirliklərimiz böyük pullar hesabına bəzi təbliğat materialları dərc etdirirlər, amma bu, sırf reklam xarakterlidir. Yəni həmin media qurumları bu cür materialları pul xatirinə verir və elə bir təqdimat edirlər ki, bunun reklam müqaviləsi əsasında olduğu bilinsin. Burada səfirliklərin günahı yoxdur. Ölkə özü sevimli, şirin, cazibadar olmalıdır ki, media qurumları onun parlaq təcrübəsindən, müsbətə doğru inkişafından yazsın”.

Modern.az saytının rəhbəri Elşad Eyvazlı səfirliklərin xarici mətbuatla işinə dair xoş fikir söyləyə bilməyəcəyini deyib. O qeyd edib ki, indiyə qədər olduğu ölkələrdə bu məsələdə səfirliklərimizin passivliyini müşahidə edib.
“Başqa məsələdir ki, bu, onların bacarıqsızlığından irəli gəlir, yoxsa ölkələrin Azərbaycana ikili münasibətindən. Və ya səfirlik nümayəndələrinin bəzi Azərbaycan məmurları kimi hələ də mediaya "Lenin burjaziaya baxan kimi” baxmalarından. Bu məsələdə təəssüf etməkdən başqa bir fikir söyləmək olmur.
Mən konkret danışmağı xoşlayıram. Əgər Azərbaycanın Türkiyədəki səfirliyi qardaş ölkənin mediasına yol tapa bilmirsə, nə yazıqlar ki, o zaman başqa səfirliklərə ünvanlamağa söz qalmır. Əksər vaxt bizim xarici diplomatik korpusumuzun nümayəndələri bu məsələdə təqsiri qarşı tərəfin üzərinə atırlar. Axı bu məsələdə maraqlı biz olmalıyıq. Hansısa bir Avropa mediasını Azərbaycan maraqlandırmaya bilər, deməli, biz maraqlı olmalıyıq. Yəni bizə ikili standartlarla yanaşma olduğunu hiss edib əl-ayağımızı dondurmamalıyıq”.

E.Eyvazlı hesab edir ki, bu məsələdə bəlkə də diplomatlarımıza xüsusi seminarlar lazımdır.

“Düzdür, dediklərimi bütün səfirliklərin ünvanına yazmaq olmaz. Təbii ki, normal işləyənlər də var. Biz də bu sahədə daha böyük irəliləyişlərin tərəfdarıyıq. Anca ümumi mənzərə arzuolunan deyil. Hesab edirəm ki, bütün səfirliklərimizin təmsil olunduqları ölkənin mediası ilə işləmələri üçün gündəlik proqramları olmalıdır”.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net