“Rəisin oğlu mənim oğlumu Suriyaya aparmaq istəyirdi...”
Tarix: 10-03-2015, 15:24 | Çap et
“Rəisin oğlu mənim oğlumu Suriyaya aparmaq istəyirdi...”
“Oğlum Əhmədi tapıb, cəzasını mütləq vermək lazımdır. Mən də bir vətəntəndaş kimi onun cəzalandırılmasını istəyirəm. Ata kimi ona çox yazığım gəlir. Əhməd mənim balamdır. Kimin balasına yazığı gəlməz ki? Amma bir vətəndaş kimi o, tapılmalıdır və cəzası da verilməlidir”.

Bunu AzVision.az-a açıqlamasında Milli Təhlükəsizlik Nazirliyi və Daxili İşlər Nazirliyinin axtarışında olan, radikal dini qruplaşma üzvü Əhməd Kərimovun atası Tofiq Kərimov deyib.

Onun sözlərinə görə, hazırda barəsində axtarış aparılan Ə. Kərimovun harada olması bilinmir.

Tofiq Kərimov həmçinin oğlu ilə bağlı dəhşətli faktlar açıqlayıb.

“Mən özüm ondan soruşmaq istəyirəm ki, ay oğul, sənin qıldığın namaz budur? Allah yolunda etdiyin əməl budur? Allah onların cəzasını versin! Yoldaşım və mən çox narahatıq. Hələ mənim evimə bir loxma haram çörək girməyib. Əhməd əsgərlikdən fəxri fərmanla gəlib. Orada iki əsgərə fəxri fərman verilib. Onlardan biri də Əhməd olub. Əhmədi o yola yönəldənlərin Allah cəzasını versin. Əhmədin də Allah cəzasını versin ki, o yola gedib. Mən oğlumu müdafiə etmirəm. Mən dünyanın hər yerində olmuşam. Azərbaycan kimi gözəl yer görməmişəm. Əhmədin yerini bilsəydim, hər kəsdən qabaq onu tutub polisə təhvil verərdim”.

T. Kərimov qeyd edib ki, axtarışda olan oğlunun körpə övladı var: “Əhmədin bir yaş dörd aylıq balaca qızı var. Mən ancaq nəvəm üçün yaşayıram. Əhməd bizim tək övladımızdır. İndi nəvəmizdən başqa heç bir övladımız yoxdur. Çox pis vəziyyətdəyik. Mümkün qədər Əhmədi tez tapmaq lazımdır. Ona haqqı olan cəza verilsin. Gedib türmədə cəzasını çəksin”.

Onun sözlərinə görə, oğlunu kimlərsə bu yola təhrik edib: “Mən Əhmədə dedim ki, ay oğul sən nə etmək istəyirsən? O da mənə dedi ki, ata mən namazımı qılıram. Əhməd Bakıda işləyirdi. Mən onu elə namaz qıldığına görə, evdən didərgin saldım. Əziyyətin nə olduğunu, uşaq böyütmək üçün nələr etmək lazım olduğunu bilməsi üçün mən onu çətinliyə salmaq istədim. İstədim ki, o hər şeyi özü dərk etsin. Mənim onun nə etdiyindən heç xəbərim olmayıb. Əgər bilsəydim lazım olan tədbirləri də özüm görərdim. O, Bakıda işləyirdi. Anası ilə də tez-tez danışırdı. Oğlumuz anası və mənim ürəyimə çox böyük dağ basdı. Biz gözləyirik ki ki, kimsə desin ki, oğlumuz bu hərəkətləri etməyib. Biz inanmırıq ki, Əhməd belə bir iş görsün. Əhməd İdman Akademiyasını bitirib. Əhmədi o yola dostları çəkib. Əhmədin Məhəmməd adlı bir dostu var idi. O isə çoxdan yoxa çıxıb. Əhməd həmişə məscidlərə gedib-gəlirdi. Akademiyada məşqçi işləyirdi. Uşaqlara futbol dərsi keçirdi. Həm işləyirdi, həm də məscidə gedib namazını qılırdı. Əhmədin iş yeri də çox gözəl idi”.

Daha sonra ata bildirib ki, bəlkə də oğlunun başına nəsə gəlib: “Əhmədi bəlkə də kimlərsə yoxa çıxardıblar ki, o heç nəyi deməsin. Mənim ata ürəyim bunu söyləyir. Öz canıma and olsun ki, bu belədir. Onun öldürdüyü deyilən atanın yerində mən də olardım, basqaları da olardı. Buna haqq qazandırmaq qeyri-mümkündür. MTN və bütün polis bölməsi onu axtarır. Mən bütün tanışlarıma müraciət etmişəm ki, Əhmədi harda görsələr, bizə xəbər versinlər. Əlimi ürəyimin üstünə qoyub deyirəm ki, Əhmədin yerini mənə desinlər. Əhməd qorxub. O, əqidəcə zəif uşaqdır. Əhməd qonşunun bağından bizim bağa tökülən fındığı anasının əlindən alıb qonşunun həyətinə tökərdi. O, anasına deyirdi ki, bu fındıqlar bizim deyil. Əhməd elə oğlan olub. Əhmədi biz elə böyütmüşdük. Balaca vaxtı o içki içmək istəyəndə icazə vermirdim ki, onun nə qədər zəhər olduğunu özü bilsin. Amma Əhməd heç vaxt içmirdi. Allah terrorçuların cəzasını verəcək. Hökumətimiz də onların cəzasını verəcək.

Mən dövlətimizə görə Qarabağ döyüşlərində canımdan keçməyə hazıram. Ukraynada yaşamışam. Müharibə dövrlərindən Azərbaycanda döyüşmək üçün Ukraynda batalyon yığmışam. Bizim batalyon hər zaman vətəni qorumağa hazır idi. Birinci Vətəndir, sonra isə övladdır”.

T.Kərimovun sözlərinə görə, Əhməd sonuncu dəfə fevralın 15-də Bakıdan evlərinə gəlib: “Deyilənə görə, Əhməd də MTN-nın saxladığı qrupun üzvü olub. Mən inanmıram ki, kimsə Əhməd barəsində mənfi bir söz desin. Əhməd Allaha inanırdı. O, deyirdi ki, Allah yolunda canından keçməyə hazırdır. Mən Əhmədlə küsülü kimi idik. Hiss edirdim ki, onu bir az uzaq tutsam, bəlkə də mənə yazığı gələcək və bu yoldan dönəcək. Mən bir ildir ki, övladımı qucaqlayıb bağırıma basa bilmirdim. Bu çox böyük bir dərddir”.

O hesab edir ki, oğlu Əhməd Suriyaya gedə bilməz:

“Çünki yoldaşım Əhmədin xarici pasportunu cırmışdı. Buna görə, o Suriyaya gedə bilməzdi. Mən ona 4 saat dedim ki, müsəlman müsəlmanı qırmaz. Ona deyirdim ki, insan insanı öldürməz. Əhməd Məhəmməd deyilən bir oğlana qoşulmuşdu. Məhəmməd Qəbələnin keçmiş polisi rəisinin oğludur. Onun barəsində elə deyirlər. Mən şəxsən Məhəmmədin atası ilə gedib görüşməmişəm. Əhməd o vaxtlar akademiyada dərs deyən zaman gedib onun dostları ilə maraqlanmışdım. Eşitmişdim Əhməd düzgün namaz qılmır, məscidlərə getmir. Əhmədə dedim ki, sən hara gedib qoşulmusan? Dədə-babalarımız belə namaz qılmır.

Onlar internet və telefon vasitəsi ilə Suriyada baş verənlər hadisələri izləyirdilər. Axırıncı gün Əhməd mənə demişdi ki, Ata sən nə demişdinsə, düz demişdin!”.

T.Kərimov oğlunun “Soyuq Bulaq” restoranına edilən basqında iştirak etməsinə də aydınlıq gətirib:

“Mən inana bilmirəm. Əhməddən kimsə bir xəbər eşitsə bizə də desin. Heç olmasa Əhməd sağ tapılsın, bundan sonra onun cəzası verilsin. Mən artıq yaşa dolmuşam. Əhmədin isə balası 1 yaş 4 aylıqdır.Çox xahiş edirəm Əhmədin tapılması xəbərini mənə desinlər”.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
24-11-2024 15:38
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net