"Ermənistan müharibənin başlamasından qorxur" - General
Tarix: 21-01-2016, 12:16 | Çap et
"Ermənistan müharibənin başlamasından qorxur" - General
"Azərbaycan Ordusunun dünyanın ən güclüləri siyahısına salınmasında qeyri-adi və gözlənilməz heç nə yoxdur. Çünki son illər dövlət tərəfindən orduya göstərilən diqqət və qayğı nəticəsində Silahlı Qüvvələrimizin peşəkarlığı, maddi-texniki təchizatı yüksək səviyyəyə qalxıb".

Bunu ABŞ-ın nüfuzlu U.S. News and World Report qəzetinin dərc etdiyi "Dünyanın ən güclü orduları: güc amili" reytinqində Azərbaycan Ordusunun da yer almasını milli.az-a şərh edən hərbi ekspert, keçmiş korpus komandiri, ehtiyatda olan general-leytenant Yaşar Aydəmirov deyib.

Generalın sözlərinə görə, bu faktı təcavüzkar ermənilər də görməli və özlərinə nəticə çıxarmalıdırlar: "Bu həqiqətən də belədir. Azərbaycan Ordusunun qısa zaman ərzində nail olduğu məsələlərə çox ölkələr onilliklər boyu nail ola bilmir. Sözsüz ki, ermənilər bunu bilir və qorxurlar".

Hərbi ekspert siyahıya Erməistan ordusunun düşməməsinə də münasibət bildirib: "Onlar heç yaxın 50 ildə də bu siyahıya düşəsi deyillər. Çünki 50 ildən sonra bu dövlətin özü mövcud olmayacaq. Ona görə də onlar müharibənin başlamasından qorxurlar. Sadəcə bu məsələ sürətlənməsin və Azərbaycan müharibəyə başlamasın deyə, onlar erməni diasporunun imkanlarından hər vəchlə istifadə edirlər. Ermənistanın özü də, bütün digər dövlətlər də yaxşı bilir ki, Azərbaycan öz torpaqlarını azad etmək üçün müharibəyə başlasa, nəticəsi nə olacaq. Özü də söhbət təkcə işğal edilmiş Qarabağdan yox, ümumilikdə Ermənistanın taleyindən gedir".

Qeyd edək ki, ABŞ-ın nüfuzlu U.S. News and World Report qəzetinin dərc etdiyi "Dünyanın ən güclü orduları: güc amili" reytinqində Azərbaycan ordusu da yer alıb. Reytinqdə 60 ölkənin adı çəkilir. Yerdə qalan dövlətlərin silahlı qüvvələrinin ümumi döyüş hazırlığı və səviyyəsi yetərsiz sayıldığı üçün onlar siyahıya daxil edilməyiblər. Reytinqdən kənar qalan ölkələr arasında Ermənistan da var.

Reytinqdə ilk yeri ABŞ tutur. Birləşmiş Ştatların müdafiə xərcləri ümumdaxili məhsulun 3,5 faizini təşkil edir. 2-ci yeri tutan Rusiyada bu rəqəm 4,5 faiz təşkil edir. İlk beşlikdə sonrakı yerləri Çin, Almaniya və Böyük Britaniya tuturlar. Amerikalı ekspertlərin hesabatında bildirilir ki, Azərbaycan ordusu Cənubi Qafqaz regionunda döyüş hazırlığı, texniki təminat və peşəkarlıq baxımından liderdir. Postsovet məkanı ölkələri arasında isə Azərbaycan ordusu Rusiya, Ukrayna və Belarusdan sonra 4-cü yerdədir.

U.S. News and World Report-un reytinqi Davosda keçirilən Beynəlxalq İqtisadi Forumda açıqlanıb.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net