İxtisar olunan işçilərin hansı hüquqları var? - EKSPERT
Tarix: 21-01-2016, 10:43 |
Çap et
Bir xeyli vaxtdır ki, dövlət təşkilatlarında başlayan ixtisarlar, o cümlədən işdən çıxarılma halları son günlərdə daha da artıb. Iqtisadiyyatda yaşanan kataklizmlər şirkətlərə və dövlət qurumlarına ciddi təsir etdiyindən rəhbərlik əlacı əməkdaşları ixtisara salmaqda görür. Görəsən, işdən çıxarılan vətəndaşlar hansı hüquqlarının olduğunu bilməlidir? Onlar ilk növbədə nədən xəbərdar olmalıdır?
“Hüquqi Dövlət” Araşdırmalar Fondunun rəhbəri Müzəffər Baxışov deyir ki, bu məsələlər Əmək Məcəlləsilə tənzimlənir. Əmək Məcəlləsində konkret iş yerlərində ştatların ixtisarı ilə əlaqədar əmək müqaviləsinə xitam verilməsi üçün əsaslar nəzərdə tutulub: “Əmək Məcəlləsi bu məsələləri dəqiq tənzimləyir. Məcəllənin tələblərinə görə, ixtisar aparılmamışdan əvvəl işçilərə xəbərdarlıq edilməlidir. 70-ci maddə bu məsələləri tənzimləyən normaları təsdiq edib. 71-ci maddəyə görə isə işçilərin sayı azaldılarkən və ştatların ixtisarı həyata keçirilərkən işəgötürən Əmək Məcəlləsilə nəzərdə tutulan tələbləri gözləməlidir. Işəgötürən işçilərə ən azı, iki aylıq əməkhaqqı ödəməlidir. Məcəllənin 77-ci maddəsinə görə, işəgötürən əmək müqaviləsini ləğv etməzdən ən azı, iki ay öncə işçini rəsmi xəbərdar etməlidir. Xəbərdarlıq müddəti ərzində hər iş həftəsində əməkhaqqı saxlanmaqla, iş axtarmağa imkan yaradılması məqsədilə işçi ən azı, bir iş günü əmək funksiyasının icrasından azad edilməlidir. Əmək müqaviləsi 70-ci maddənin ”a” və “b” bəndlərinə görə ləğv edilərkən işçiyə orta aylıq əməkhaqqıdan az olmamaqla, işdən çıxmaq müavinəti verilməlidir. Işdən çıxarılandan yeni işə düzələnədək ikinci və üçüncü aylar üçün orta aylıq əməkhaqqı ödənilməlidir. Sözügedən təminatlar qanunla nəzərdə tutulub. Əfsus ki, işçilərin ixtisara salınması zamanı çox ciddi qanun pozuntularına yol verilir”.
Hüquqşünas ixtisarlar zamanı işdə saxlanmağa üstünlüyü olan şəxslərin dairəsinin müəyyən edildiyini də qeyd edir. Onun sözlərinə görə, şəhid ailələri, müharibə iştirakçıları, əsgər və zabit ailələri, qaçqın statusu olanlar və digərləri fərqlənir. Əmək Məcəlləsinin 78-ci maddəsi bu statuslu şəxslərə üstünlük verilməsini nəzərdə tutur. Müzəffər Baxışov əksər hallarda bu məqama diqqət yetirilmədiyini və haqqını tələb etmək iqtidarında olan şəxslərə qarşı ciddi qanun pozuntularının baş verdiyini vurğulayır.