Rusiya ilə Ukrayna arasında iqtisadi gərginlik çoxalır
Tarix: 21-01-2016, 10:40 |
Çap et
Yaxın zamanda Ukrayna mağazalarından Rusiyadan idxal olunan balıq, konditer məmulatları, souslar və bəzi tərəvəzlər yığışdırılacaq. ANS PRESS-in məlumatına görə, Ukrayna höküməti Rusiyadan gətirilməsi qadağan edilmiş məhsulların siyahısına 70 adda məhsulu əlavə etməyi qərara alıb. Yanvarın 10-da Kiyevin tətbiq etdiyi sanksiya, Moskvanın Ukrayna ilə azad ticarət zonasını dayandırmasına cavabı olub.
Ukraynanın baş naziri Arseniy Yatsenyuk dünən verdiyi açıqlamada bunun Rusiyanın təcavüzünə qarşı əks-tədbirlər olduğunu və hökümətin bundan sonra da Ukraynanın daxili bazarını müdafiə etməyə davam edəcəyini bildirib.
“Ukrayna əsgəri bizim müstəqil dövlətin sərhədini qoruduğu kimi, hökümət də eləcə bizim iqtisadi məkanı və iqtisadi maraqlarımızı qoruyacaq” deyə ukraynalı baş nazir bildirib.
Rusiyayla Ukrayna arasında gedən ticarət müharibəsinin ən ağır fəsadlarından biri Ukraynanın öz məhsullarını Rusiya ərazisindən Qazaxıstana ixrac edə bilməməsidir. Rusiya isə öz mallarını Ukrayna ərazisindən Moldovaya çatdıra bilmir.
Kiyev Rusiyanın ərzaq embarqosundan beynəlxalq təşkilatlara şikayət etmək niyyətindədir. Artıq Ukrayna höküməti rəsmi qaydada Ümumdünya Ticarət Təşkilatına tranzit daşınmanın Rusiya tərəfindən qadağan edilməsilə bağlı müraciət edib.