Rayonlar birləşdirilə bilər – Struktur islahatı
Tarix: 18-01-2016, 16:18 |
Çap et
Rayonların birləşdirilməsi Bakı ilə regionlar arasında iqtisadi fərqi aradan qaldırmağa, xarici investisiyaların cəlb edilməsi ilə iş yerlərinin yaradılmasına imkan verəcək.
Bu barədə Axar.az-a iqtisadçı alim Vüqar Bayramov açıqlama verib. Ekspert bildirib ki, rayonların birləşdirilməsi məsələsi struktur islahatlarının bir elementi ola bilər:
“Ölkə rəhbəri yalnız dövlət qurumlarının sayının azaldılması ilə bağlı deyil, regionlarda da struktur islahatlarının aparılması ilə bağlı tapşırıqlar verib. Azərbaycanda 70-ə yaxın rayonun olması ölkə ərazisinə görə çoxdur. Rayonların birləşdirilməsi bir çox aspektdən vacibdir. Əvvəla, bu, ilk növbədə vəsaitlərə qənaət etməyə, dövlət büdcəsindən bu istiqamətdə ayırmaların həcminin azalmasına imkan verəcək. İkincisi, idarəetmədə çevikliyi artıracaq ki, bu da özlüyündə region tipli qərarların qəbulunun asanlaşması və şəffaflaşması deməkdir. Üçüncüsü, biznes mühiti canlanacaq. Təəssüf ki, əksər rayonlarda iş adamlarının fəaliyyətinə hələ də müdaxilələr var”.
İqtisadçının sözlərinə görə, rayonların sayının azaldılması dotasiyalaşdırma sisteminin də ləğvinə şərait yaradacaq:
“Rayonların sayının 40-a qədər endirilməsi mümkündür. Bu, birmənalı olaraq regionların inkişafına stimul verəcək. Bu gün əksər rayonların büdcədən dotasiya alması regionlarda bir növ arxayınlıq yaradıb. Çünki xərclə gəlir arasındakı fərqin büdcədən ödənilməsi regionlarda istehsal sektorlarının inkişafına imkan vermir. Rayonların birləşdirilməsi həm də dotasiyalaşdırma mexanizminə son qoyacaq ki, bu da özlüyündə büdcədəki ağırlığı aradan qaldıracaq. Nəticədə bundan sonra rayonlar yerli büdcə hesabına inkişaf edəcəklər. Eyni zamanda, Bakı ilə regionlar arasında iqtisadi fərq aradan qalxacaq və regionlara xarici investisiyaların cəlb edilməsi ilə iş yerləri yaradılacaq. Əminəm ki, rayonların birləşdirilməsi çox yaxın zamanlarda struktur islahatlarının bir predmeti olacaq”.
Qeyd edək ki, yanvarın 10-da Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2015-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclası keçirilib. Dövlət başçısının struktur islahatlarının aparılması ilə bağlı müvafiq tapşırıqlarından sonra yanvarın 15-də iki qurum birləşdirilib, bir agentlik ləğv edilib. Hazırda isə iqtisadçıların rayonların birləşdirilməsinin mümkünlüyü barədə ehtimal irəli sürürlər.