Uşaqların satıldığı iddia olunan 1 saylı Doğum evindən REPORTAJ
Tarix: 14-01-2016, 09:36 |
Çap et
Dünən ölkə mediasının əsas manşetlərindən biri heç şübhəsiz ki, Sumqayıtdakı 1 saylı doğum evinin tibb bacısının mətbuata ilginc açıqlamaları oldu. Adıçəkilən müəssisənin tibb bacısı Samirə Babayeva bildirib ki, “xəstəxana rəhbərliyi adam tapır və yeni doğulan uşaqları 10 min manata satırlar. Mən şikayət edirəm, şikayətlərimə baxan yoxdur”. Samirə Babayeva daha sonra qeyd edib ki, “Ana körpəsindən imtina edirsə, ona imtina ərizəsini kadrlar şöbəsinin müdirəsi Gülya xanım yazdırır”. Tibb bacısı sonrakı prosedurlardan danışaraq, bundan sonra uşağı almaq istəyən ailə axtarıldığını bəyan edib. Kifayət qədər iddialı danışan 1 saylı Doğum Evinin tibb bacısı həmçinin vurğulayıb ki,satılan uşaqların əksəriyyətini də alan ləzgi ailələrdir:
"Gülya özü ləzgidir. Körpələrin satılması baş həkimin razılığı ilə baş tutur”.
Hafta.az-ın əməkdaşı Sumqayıtdakı doğum evinə və Sumqayıt Səhiyyə Şöbəsində olub. Olayın və ya hadisələrin hansı şəraitdə baş verdiyini araşdırmağa çalışıb.
İlk olaraq yolumuzu Sumqayıt şəhərindəki 1 saylı Doğum evindən saldıq. Bizi xəstəxananın girişində yemək yeyən iki tibb bacısı qarşıladı. Baş həkimi və tibb bacısı Samirə Babayevanı soruşduq. Bizi birinci mərtəbədəki dar bir otağa apardılar və:
- Sevda xanım, buyurun, bu cavan oğlan sizi soruşur – dedilər.
- Xeyr, biz xəstəxananın baş həkimi və tibb bacısı Samirə xanımla görüşmək istəyirik, jurnalistik.
- Bildim, bugünkü məsələ ilə bağlı gəlmisiniz yəqin?!
- Bəli, elədir ki, var...
- Elə xəstəxananın mətbuat xidmətinin rəhbəri mənəm, adım da Sevdadır; Sevda Qələndərova. Buyurun, eşidirəm sizi. Sizi nə maraqlandırırsa, deyin cavab verim.
- Tibb bacısı Samirə Babayeva və baş həkim buradadırmı?
- Xeyr, Samirə səhər növbəsində işləyir. Saat on ikidə çıxıb gedib. Bir saatdır ki, növbəni təhvil verib. Baş həkim isə yoxdur, səhərdən burada deyil. Bir də sabah axşam olacaq.
İşlərin "bu cür gedəcəyini" nəzərə alıb Sevda Qələndərova ilə baş vermiş hadisə haqqında soruşduq. O, əməkdaşımıza açıqlamasında dedi ki, Samirə Babayeva heç özü nə danışdığını bilmir:
“Pis çıxmasın, Samirənin özü su içdiyi quyuya tüpürən adamdır. Səhər gəlib hamı ilə öpüşür gedir. Sonra da həmin adamların arxasınca danışır. Heç özü də bilmir ki, bunları yazmaqda məqsədi nədir. Amma elə bir ildir ki, mətbuata nə gəldi yazır. “Şizofrenik” bir adamdır”.
Sevda Qələndərovanın yanındakı digər bir tibb bacısı özünü təqdim etməkdən imtina etsə də Samirə Babayeva haqqında daha ilginc məlumatlar verdi:
“O, həmin işçidir ki, 2008-ci il prezident seçkiləri zamanı camaatı ayağa qaldırmağa çalışırdı. Özü bizdə yata – yata hamını ayağa qaldırırdı. Konkret mövqeyi olmayan insandı. Onunla söhbət edirsən, can deyir. Kövrəlir ki, yeməyim-içməyim, çörəyim yoxdur, bir səhvdir etmişəm, deyir. Elə ki, buradan getdi başlayır bir – bir idarələri gəzməyə. Özü burada rüşvət götürür, sonra da hər kəsdən yazmağa, şikayət etməyə başlayır. Mənim adımı təqdim etməyə ehtiyac yoxdur, bu məsələləri bizdə Səhiyyə Şöbəsi araşdırır, oraya müraciət edin”.
Xəstəxanadakı işçilər bir ağızdan tibb bacısı Samirə Babayevanın əleyhinə danışdılar. O zaman isə onlara başqa bir sual ünvanlamağa məcbur olduq:
- Əgər doğrudanda uşaq satışı və ya oğurluğu faktı qeydə alınmayıbsa bəs niyə xəstəxananın adına ləkə gətirdiyi üçün onu məhkəməyən vermirsiniz? Özü də deyirsiniz ki, bir ildən çoxdur ki, xəstəxana haqqında hər yerə nə gəldi yazır...
- Axı bu icazəni bizə heç kim verməyib?! Biz onu necə işdən çıxara bilərik. Heç bir qanunda belə bir şey yoxdur. Ailə məcəlləsində də həmçinin.
- Məhkəməyə vermək hüququnuzu ki, sizin əlinizdən heç kim almayıb?!
- Nə bilim, onu müdriyyət bilər. Siz yaxşısı bu məsələləri detallı öyrənmək üçün Sumqayıt şəhər Səhiyyə Şöbəsinə müraciət edin. Amma bizim göndərdiyimizi onlara deməyin. Orada Xalidə xanım var. Hər şeyi o daha yaxşı bilir. Bizdən bu qədər. Başqa heç nə bilmirik.
Xəstəxananın mətbuat xidmətinin bu cür şübhəli danışığı və tibb bacısı Samirə Babayevanın bizdən “gizlədilməsi”ndən sonra çar-naçar deyilən ünvana yollandıq. 20 dəqiqə qapıda gözlədikdən sonra Sumqayıt şər Səhiyyə Şöbəsinin mətbuat xidmətinin sədr əvəzi Xalidə Quliyeva görüşə bildik. Özümüzü təqdim edib 1 saylı Doğum Evində uşaq satışı ilə bağlı mətbuatda gedən xəbərlərlə bağlı gəldiyimizi dedik. O, ötən ilin yanvarında belə bir faktın olduğunu və körpənin hüquqi qaydada yeni valideynlərinə verildiyini vurğuladı:
“Uşaq məhkəmənin qərarı və icra hakimiyyətinin göndərişinə əsasən verilib. Uşaq doğulandan sonra ana övladından imtina edib, valideyndən kağız alınıb. Bundan sonra kağız çıxarılıb və anaın imtina ərizəsi ilə birgə məhkəməyə göndərilib. Məhkəmə qərar çıxarana qədər uşaq doğum evində saxlanılıb. 1 il bundan əvvəl məhkəmə olub, məhkəmənin qərarı ilə də həmin körpə onun yeni sahibinə verilib. Bizdə uzun illərdir ki, uşaqgötürmə faktı qeydə alınmayıb. Bircə ötənilki hal olub, o da məhkəmənin qərarı ilə verilib. Bu haqda icra hakimiyyətində də sənəd var. Bu idarənin, tibb müəssisəsinin uşaq verməyə qanuna, Ailə Məcəlləsinə əsasən ixtiyarı yoxdur. Həmin uşaq da məhkəmə yazışmalarının yubanması ilə əlaqədar iki ay xəstəxanada saxlanılıb. Ondan sonra körpə, uşağın yeni qanuni valideynlərinə təqdim olunub. Uzun illərdir burada işləyirəm birinci dəfə belə bir fakt qeydə alınıb. Qabaqlar belə şeylər tez-tez olardı, indi isə yoxdur. Vaxtilə ruslar, başqa millətlər burada yaşayarkən tez-tez uşaqdan imtina halları qeydə alınardı”.
Xalidə Quliyeva uşaqgötürmə faktı ilə bağlı ağızdolusu danışsa da, şəklinin çəkilməsini istəmədi. Üzünə kağız tutaraq bizim dərhal otağı tərk etməyimizi istədi. Açığını deyək ki, ilk dəfə idi ki, belə bir halla rastlaşırdıq; yəni qurumun mətbuat xidmətinin rəhbəri mediada görünməkdən imtina edir və ya ehtiyatlanırdı. Xalidə Quliyeva bu məsələni nazirliklə danışmağımızı və mediaya açıqlama vermək səlahiyyətlərinin olmamağı ilə izah etdi:
Şikayətçi Samirə Babayeva isə mediaya açıqlamasında bildirib ki, ana körpəsindən imtina edirsə, ona imtina ərizəsini kadrlar şöbəsinin müdirəsi Gülya xanım adlı şəxs yazdırır:
"Bundan sonra da uşağı almaq istəyən ailə axtarırlar. Gülya özü ləzgidir. Satılan uşaqların əksəriyyətini də alan ləzgi ailələrdir. Körpələrin satılması baş həkimin razılığı ilə baş tutur. Mən orada 1996-cı ildən işləyirəm. Dəqiq yadımdadır ki, 98-ci ildən bu yana orada imtina olunan körpələrdən yalnız biri uşaq evinə köçürülüb. Həmin körpə qız uşağı idi. 4 ay doğum evində qaldı. Körpə az qala yeriyirdi. Ona görə də məcbur qalıb köçürdülər. Çünki heç kim 4 aylıq uşağı satın alıb evinə aparmaq istəmir. Yəni körpəni alan analar ətraflarına deyirlər ki, körpəni dünyaya özü gətirib”.
Yenidən xəstəxanaya qayıdıb Gülya adlı həkimin və Samirə Babayevanın xəstəxanada olub-olmadığını bu dəfə tamam başqa tibb bacılarından soruşduq. Onlar da hər iki xəstəxana işçisinin hazırda burada olmadığını və hara getdiklərini bilmədiklərini söylədilər. Məlumat üçün vurğulayaq ki, biz doğum evində olarkən heç nahar vaxtı da deyildi. Amma adlarını soruşduqlarımız heç bir işçinin xəstəxanada olmadıqları israrla vurğulandı.
“Gördüm cavan, gülərüz oğlansan, ona görə bu haqda danışdım, bilsəydim danışmazdım”.
Qeyd edək ki, məsələ ilə bağlı qarşı tərəfin mövqeyini yayımlamağa hazırıq.