![Mərhum yazıçı Eyvaz Əlləzoğlunun övladları aclıq etmək istəyirlər Mərhum yazıçı Eyvaz Əlləzoğlunun övladları aclıq etmək istəyirlər](/uploads/posts/2016-01/1452603229_v.jpg)
Mərhum yazıçı Eyvaz Əlləzoğlunun övladları çətin maddi durumdan çıxış yolu tapa bilmirlər. Modern.az-ın məlumatına görə, bu barədə onun oğlu, gənc yazar Ayxan Ayvaz bildirib. O, özünün “Feysbuk” səhifəsində bacısı və qardaşı ilə birlikdə çətin vəziyyətə düşdüklərini və çıxış yolu axtardıqlarını qeyd edib:
“Mənə mətbuatda iş yoxdur, yazıdan pul çıxmır. Evdə nə qardaşım, nə bacım işləyir, vəziyyət dözülməz dərəcədədir. Fiziki gücüm o qədər də yerində deyil, ağır işlərin altına girə bilmərəm. Lakin ofisiant, varlı evlərin qulluqçusu kimi bacımla bir yerdə işləyə bilərik. Evi yığışdıra, hətta sahibin uşaqlarına baxa bilərik. Bundan başqa, gecələr qardaşımla yata bilmirik, varlı adamların obyektlərini qoruya bilərik, qarovulçu kimi. Maaş o qədər çox olmasa da olar, sadəcə normal dolanmağımıza çatsın. Acınacaqlı durum bizi buna məcbur edir. Hətta aclıq aksiyasını da düşünmüşük”.
Xatırladaq ki, Ayxan Ayvazın atası mərhum yazıçı Eyvaz Əlləzoğlu 1993-1996-cı illər ərzində Prezident Administrasiyasında məsləhətçi, 1996-1998-ci illərdə Azərbaycanın Gürcüstandakı səfirliyində ikinci katib vəzifələrini tutub. 2011-ci il fevralında isə dünyasını dəyişib.
Yazıçının həyat yoldaşı Ceyran Həsənova ərinin ölümünə dözə bilməyib və 2011-ci ilin martında özünü asaraq intihar edib. Nəticədə onların üç övladı başsız qalıb...