Dmitri Peskov:""Cənub axını" layihəsi mövcud deyil"
Tarix: 12-01-2016, 14:34 |
Çap et
Rusiya prezidentinin mətbuat xidmətinin rəhbəri Dmitri Peskov "Cənub axını" qaz kəmərinin tikintisinin bərpa olunması üçün Rusiyanın Bolqarıstanla yenidən danışıqlara hazır olması ilə bağlı mətbuatda yayılan məlumatlara münasibət bildirib.
APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, Dmitri Peskov "Cənub axını" layihəsinin mövcud olmadığını söyləyib: "Hal-hazırda belə layihə mövcud deyil. O dayandırılıb. Nəticədə danışıqlar üçün mövzu da yoxdur".
Qeyd edək ki, Bolqarıstanın "Standard" qəzeti "Cənub axını" qaz kəmərinin tikintisinin bərpa oluna biləcəyini yazıb. Qəzetin məlumatına görə, Bolqarıstanın baş naziri Boyko Borisova belə "siqnal" Rusiyadan gəlib.
"Cənub axını" qaz kəmərinin tikintisi iki səbəbdən bərpa oluna bilər. Bunlar Rusiya və Türkiyə münasibətlərinin qəflətən pisləşməsi və Çin iqtisadiyyatındakı durğunluqdur. Sonuncu amil "Sibirin gücü" qaz kəmərinin tikintisinə mane olur. Cənub yolu ilə Avropaya təbii qazın çatdırılmasını nəzərdə tutan layihənin bərpa olunması Avropa İttifaqının tələblərinə cavab verəcək", - deyə nəşr yazır.
Xatırladaq ki, "Cənub axını" qaz kəmərinin tikintisi 2014-cü ilin dekabrında Avropa İttifaqının Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalardan sonra dayandırılıb. Layihənin dəyəri 15,5 mlrd. avro təşkil edir. Bu kəmər vasitəsi ilə Avropaya gündəlik olaraq 67 mlrd. kubmetr qaz göndərmək mümkün ola bilər.