“Bu adam dəlidir”
Tarix: 12-01-2016, 14:03 | Çap et
“Bu adam dəlidir”
Fransada siyasi mühacir həyatı yaşayan “Azadlıq” qəzetinin baş redaktoru və “Azərbaycan saatı” televiziya proqramının yaradıcısı Qənimət Zahid bir neçə gün bundan öncə Feysbuk sosial şəbəkəsində status paylaşaraq, iddia edib ki, guya Avropada fəallığı ilə seçilən azərbaycanlılara qarşı xüsusi “ləğvetmə” qərarı verilib. Buna görə o, müxtəlif bəhanələrlə Azərbaycanı tərk edib Avropa ölkələrinə sığınan müxalifətçi həmkarlarını ehtiyatlı olmağa səsləyib. Q.Zahidin yalan üzərində qurulan, medianın gündəminə gəlmək, özünü Azərbaycan hakimiyyətinə qarşı ciddi fiqur kimi təqdim etmək məqsədi daşıyan bu statusuna müxalifət təmsilçiləri öz rəylərini bildiriblər. Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimlinin Fransada sığınacaq alan əmisioğlu İnqilab Kərimov isə bu statusa özünəməxsus şəkildə, səviyyəsinə və tərbiyəsinə uyğun formada, təhqir dolu “inqilab” yaradan fikir bildirib. İ.Kərimov Azərbaycan məmurlarının övladlarının başını kəsəcəyini, onları qətlə yetirəcəyini bildirib: “Avropaya gəlmişəm ki, yaşayıb qisasımı ala bilim... Odur ki, baş vermiş ilk hadisədə (tanınmış nazirlərdən birinin oğlunun adını yazır) ... kəsilmiş başı, əlimdə şəkil paylaşaram...”

AXCP sədri Ə.Kərimlinin qohumu olmaqla yanaşı, həm də onun rəhbərlik etdiyi siyasi təşkilatın üzvü olan İ.Kərimov zaman-zaman Azərbaycanda tanınmış şəxslər barədə yazdığı təhqirlərlə gündəmə gəlib. Ötən ilin avqustunda da o, ölkəni heyrətə gətirəcək status paylaşmışdı. Ə.Kərimlinin əmisi oğlu terrorçu İraq Şam İslam Dövlətini (İŞİD) Azərbaycana dəvət etmiş, aşağıdakı məzmunda status paylaşmışdı: “Azərbaycana xoş gəlirsən, İŞİD...”.

Göründüyü kimi, AXCP sədri Ə.Kərimlinin Azərbaycandan qaçıb Fransaya sığınan əmisi oğlu İ.Kərimov artıq heç bir sərhəd tanımır, açıq-aşkar hədə-qorxu gəlmə, təhqir, terrorizmi təbliğ etməklə gündəmə gəlməyə çalışır. Təəssüf doğuran başqa bir məqam isə bundan ibarətdir ki, demokratiya libasına bürünən, “demokratik cəmiyyət uğrunda siyasi mübarizə” aparan, hakimiyyətə gəlməyə çalışan cəbhəçilər, o cümlədən AXCP sədri Ə.Kərimli, həmçinin Q.Zahid və digər “fəallar” İ.Kərimovun sayıqlamalarına göz yumurlar. Hətta bir sıra hallarda cəbhəçilər İ.Kərimovun təhqir, hədyan, zorakılıq, təhdid dolu çağırışlarını, terrorizmi dəstəkləyən rəylərini “like” edir, onu daha da ruhlandırırlar. Əslində bununla onlar AXCP rəhbərliyinin gerçək mahiyyətini ortaya qoyaraq, öz ambisiya və maraqları naminə ən ağlasığmaz addımlar atmağa, hətta İŞİD-lə müttəfiq olmağa hazır olduqlarını da nümayiş etdiriblər.

Onu da qeyd edək ki, artıq Baş Prokurorluq AXCP sədri Ə.Kərimlinin qohumu İ.Kərimov barəsində cinayət işi başlayıb. Baş Prokurorluğun bu barədə yaydığı məlumatda bildirilir ki, İ.Kərimov Feysbuk sosial şəbəkəsinin özünə məxsus səhifəsində və kütləvi informasiya vasitələrində paylaşdığı fotoşəkildə odlu silahı - tapançanı nümayiş etdirərək ayrı-ayrı Azərbaycan vətəndaşlarını onların həyatları üçün real zorakılığı özündə əks etdirən öldürməklə hədələmə məzmunlu şərhlər yayıb. Eləcə də İŞİD terror təşkilatının Azərbaycanda terrorçuluq fəaliyyətinə açıq çağırışlar edib. İ.Kərimovun hərəkətlərində cinayət əməllərinin əlamətlərinin mövcudluğuna əsaslı şübhələr olduğundan Baş Prokurorluqda həmin faktlar üzrə Cinayət Məcəlləsinin 134-cü (öldürməklə və ya sağlamlığa ağır zərər vurmaqla hədələmə) və 214-2-ci (Terrorçuluğa açıq çağırışlar) maddələri ilə cinayət işi başlanıb. Hazırda cinayət işi üzrə Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində zəruri istintaq-əməliyyat tədbirləri həyata keçirilməklə, İ.Kərimov Cinayət Məcəlləsinin qeyd edilən maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində axtarış elan edilib.

Mövzu ilə bağlı fikirlərini “Kaspi”yə bölüşən Demokratik Maarifçilik Partiyasının (DMP) sədri, deputat Elşən Musayev bildirib ki, Q.Zahid və onun komandası, o cümlədən təhqir, böhtan yağdıran, iftira maşını funksiyasını yerinə yetirən “Azadlıq” qəzeti köhnə ənənəni davam etdirirlər. O, Q.Zahidin yazdığı absurd statusa toxunaraq deyib ki, bu adam yatıb yuxuda nə görürsə, onu həqiqət bilir, dərhal sosial şəbəkədə ictimailəşdirir. Millət vəkili bunu biabırçılıq, siyasi hallüsinasiyaya qapılmağın nəticəsi kimi dəyərləndirib: “Bu status Qənimət Zahid təfəkküründən, tərbiyəsindən irəli gələn bir məhsuldur. Bunlar iddia edirlər ki, guya Azərbaycan hakimiyyəti bunların “ovuna” çıxıb, fiziki məhvini istəyir. Bu adamların ən böyük iftiraçısı, şantajçısı Əli Kərimli hazırda Azərbaycanda, paytaxt Bakıda yaşayır. Bu gün həmin insana qarşı ən xırda səviyyədə də olsa hər hansı fiziki zor tətbiq edilmir, güc işlədilmir. Belə olan halda Əli Kərimlinin yedəklərinə qarşı hansısa addımların atılması inandırıcı deyil. Bu gün Qənimət Zahid kiməsə 2-3 milyon pul versə, yalvarsa belə, heç kim əlini ona batırmaz. O da ki qala kimsə burdan durub Fransaya getsin, onun məhvinə çalışsın. Axı Qənimət Zahid kimdir ki? O, müasir Azərbaycanın uğursuz eksponatlarından biridir. Bu adamın varlığı ilə yoxluğu önəmli deyil. Belə qeyri-ciddi adamlar Azərbaycandan min bir bəhanə ilə qaçıb xaricə sığınıblar, öz keflərindən qalmırlar, Bakıda edə bilmədikləri əxlaqsızlıqları orada edirlər. Arada da Azərbaycan və siyasət yadlarına düşür, ifrata varır, rəzil şəkildə gündəmə gəlməyə çalışırlar”.

Ə.Kərimlinin qan qohumu İ.Kərimovun yazdıqlarına gəlincə, deputat deyib ki, bu adam vaxtilə İŞİD tərəfdarı kimi çıxış etməyə başlayıb, terroru dəstəkləyib. İndi də kimləri isə baş kəsməklə hədələyir, konkret ad çəkərək hansısa şəxsi hədəfə alır, hətta yazdıqları ilə qürur duyur. E.Musayevin fikrincə, bu faktlar həmin insanların təfəkkürünü, əxlaqını, tərbiyəsini bir daha ortaya qoyur: “Bu məsələlər hamısı Əli Kərimlinin verdiyi siyasi tərbiyədən qaynaqlanır. Onların böyük əksəriyyəti o qədər zombiləşiblər ki, cəlladlıqlarını, talibançılığa bənzər mövqelərini açıqlamaqdan da çəkinmirlər. Belə təfəkkürlə isə uzağa getmək olmaz. Heç xaricdəki statuslarını da qoruyub saxlaya bilməyəcəklər. Sığındıqları xarici ölkələr də bu cür əxlaqsız, tərbiyəsiz insanları gec-tez deportasiya etmək qərarına gələcəklər. Çünki bu cür insanları cəmiyyət içində deyil, zooparkda saxlamaq gərəkdir. Onlar sağlam cəmiyyətlər üçün təhlükəlidirlər”.

Azərbaycan Sosial Demokrat Partiyasının (ASDP) sədri, deputat Araz Əlizadə Q.Zahidin və İ.Kərimovun yazdıqlarına münasibət bildirərkən baş verənləri dəliliklə əlaqələndirib. O, dəlilərdə şiddətlənmə dövrünün olduğunu xatırladaraq, zorakılığı, terrorizmi təbliğ edən insanların da məhz bu şiddətin təsiri altında hərəkət etdiyini vurğulayıb: “Bu adam dəlidir və cəmiyyətdən təcrid olunmalıdır. Bu cür sayıqlamalar edən insanlarla normal davranmaq olmaz. Onları cəmiyyətdən kənarlaşdırmaq gərəkdir. Belə adamlara cəmiyyətdə yer olmamalıdır. Bu səbəbdən İnqilab Kərimova qarşı cinayət işinin açılmasında da heç bir siyasi motiv görmürəm, bunu qeyri-adi hadisə kimi qəbul etmirəm. Onun çağırışları açıq-aydın qanun pozuntusudur. Buna qarşı sərt tədbirlərin görülməsi labüddür”.

Millət vəkili, hüquq müdafiəçisi Çingiz Qənizadə isə mövzu ilə əlaqədar qəzetimizə açıqlamasında deyib ki, kimliyindən asılı olmayaraq, Azərbaycan qanunlarına hər kəs hörmətlə yanaşmağa borcludur. Hüquqşünas bildirib ki, qanunvericilik də İ.Kərimovun Feysbukda etdiyi çağırışları qadağan edir: “Bütün hallarda milli, dini, irqi zəmində qarşıdurmaların yayılması cinayət məsuliyyəti yaradır. Ona görə də bu cür davranışlara yol verənlərin qarşısı qanun çərçivəsində alınmalıdır. İnqilab Kərimovun ilk növbədə psixi durumu araşdırılmalıdır ki, bu adam anlaqlıdır, ya yox. Ola bilər ki, bu şəxs tamamilə ağlını itirib və bu cür məsuliyyətsiz çağırışlar edir, yaxud da bilərəkdən buna yol verir. Belə hallar olur ki, müəyyən şəxslər bilərəkdən kiçik və ya böyük cinayət hadisəsi törədirlər. Bunda da əsas məqsəd bir neçə ildən sonra hansısa xarici ölkədə siyasi sığınacaq ala bilməkdir. Bütün hallarda bu kimi halları pisləyirəm. Azərbaycan tolerant ölkədir və burada irqi, dini, milli zəmində qarşıdurmalar yoxdur, ölkəmizdəki bütün millətlər vahid ailə kimi mehriban yaşayırlar. İŞİD-in türk dünyasında, ərəb ölkələrində nə işlər gördüyünü hamımız görür və bilirik. Terrordan əziyyət çəkən bir xalq kimi bu terrorizmi, vəhşiliyi, insan qətliamını pisləyir, buna qarşı mübarizə aparırıq. İŞİD cinayətkar qruplaşmasının məhv edilməsi üçün beynəlxalq koalisiyanın atdığı addımları da dəstəkləyirik. Heç bir halda ölkəmizdə İŞİD-in təbliğatını aparmaq kimi hallara yol vermək olmaz. Bizim üçün ilk növbədə Azərbaycan dövləti, onun siyasi və ictimai sabitliyidir. Bunun pozulmasına yönələn hər bir addımın qarşısı qanunla alınmalıdır”.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net