“2016-cı il Ermənistana baha başa gələcək”
Tarix: 12-01-2016, 10:00 |
Çap et
Qarabağla bağlı vəziyyət 2016-cı ildə də bu şəkildə davam edərsə, Ermənistanın daxili siyasi durumu çox pis qarışacaq.
Bu barədə Axar.az-a politoloq İlqar Vəlizadə açıqlama verib. Onun sözlərinə görə, Qarabağ istiqamətində prezidentlərin görüşünü təşkil edən tərəflərin sayı artdıqca real dəyişikliklərə səbəb olan amillər azalır:
“Bu, onunla əlaqədardır ki, sanki görüşü təşkil edən tərəflər yarış keçirirlər. Bu yaxınlarda belə bir xəbər yayıldı ki, Azərbaycan və Ermənistan prezidentlərinin növbəti görüşü ABŞ tərəfindən Nüvə sammitində təşkil ediləcək. Berndən sonra istər Minsk, istərsə də Vaşinqton görüşü olsun, heç bir nəticə verməyəcək. Çünki bu görüşlər sadəcə görüş xətrinə keçirilir. Ancaq önəmli bir məsələ var ki, cəbhə xəttində vəziyyət gərginləşir. Artıq iri çaplı silah-sursatdan istifadə hərbi münaqişə ehtimalını artırır. Çünki Ermənistan tərəfi Azərbaycanı məcbur edir ki, daha sərt addımlar atsın. İrəvanın vəziyyəti olduğu kimi saxlamaq istəyi ona baha başa gələcək. Əgər belə vəziyyət 2016-cı ildə də davam edərsə, bu, Ermənistanın daxili, siyasi durumuna çox pis qarışacaq. Ölkədə aksiya və narazılıqlar yenidən qaçılmaz ola, 2015-ci ildəkindən fərqli olaraq daha genişmiqyaslı hal ala bilər”.