Nardaran sakinləri 400 manatlıq kompensasiyanı aldılar - REPORTAJ
Tarix: 6-01-2016, 17:25 |
Çap et
Bu gün Bakının Nardaran qəsəbəsində iki küçənin yenidən qurulması ilə bağlı obyektlərin və yaşayış sahələrinin sökülməsinə görə yaşayış və obyekt sahələrinin sahiblərinə kompensasiya verilməsinə başlanıb. Bakının Nardaran qəsəbəsində quruculuq-abadlıq işləri davam etməkdədir.
Hafta.az-ın qəsəbədə olan müxbiri kənddə bir çox yeniliklərin də şahidi olub. Artıq qəsəbənin mərkəzində 42-ci polis bölməsi vətəndaşların xidmətinə verilib. Bundan başqa, kəndin əksər yerləri fasiləsiz olaraq işıqla təmin olunub. Fövqaladə Hallar Nazirliyinin kənddə tikdiyi yanğınsöndürmə mərkəzində də işlər sürətlə davam etdirilir. Əməkdaşımıza açıqlama verən kənd sakini qəsəbənin hazırkı durumundan tam razılığını ifadə etdi.
“Biz əvvəl elə bilirdik ki, yaşadığımız həyat tərzi daha yaxşıdır. Amma indi hiss etməyə başlamışıq ki, kəndin qapalı həyat tərzi sürməsi elə bizim ziyanımıza olub. Açıq deyək, şəxsən mən elə bilirdim dövlət bizim düşmənimizdir, bizə yaxşı heç nə etməz. Amma indi görürük ki, bu belə deyilmiş. Kəndin işıq, qaz, su, xətləri yenilənir, yeni yollar çəkilir. Təbii ki, bu çox yaxşı halıdır. Ümid edirik ki, kəndimiz bundan sonra nəhayət ki, ağ günə çıxacaq".
Müxbirimizin verdiyi xəbərə görə, kəndə yolların genişlənməsi ilə əlaqədar olaraq bir sıra ev və obyektlər plana düşüb. Qəsəbə sakinləri ilə söhbət edən əməkdaşımıza bildirildi ki, evləri və obyektləri plana düşən bəzi sakinlər verilən məbləğdən narazı qalıblar. Belə ki, kiçik ev və obyekt sahibləri kvadrat metrə verilən 400 manat kompensasiyanı az hesab edirlər. Amma böyük evləri və həyatyanı sahələri olan şəxslər isə qərardan razılıq ifadə ediblər.
Əməkdaşımız sakinlərin komunal borcları ilə bağlı məsələylə bağlı da söhbətləşib. Sakinlər bildirir ki, əvvəlki borclarına görə, hələ ki, onlara bir söz deyən olmayıb. Yeni istifadə etdikləri elektrik enerjisinin haqqını isə hər ay ödəyəcəklər. Xatırladaq ki, noyabrın 26-da Nardaranda keçirilən xüsusi əməliyyat nəticəsində dövlət qeydiyyatından keçməyən “Müsəlman birliyi hərəkatı"nın 14 nəfər üzvü saxlanılıb. Əməliyyat zamanı yaranmış qarşıdurma nəticəsində 2-si polis olmaqla, 7 nəfər həlak olub.
Saxlanılan şəxslər barəsində 4 ay müddətinə həbs-qətimkan tədbiri seçilib. Faktla bağlı Baş Prokurorluq yanında Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində cinayət işi başlanıb və saxlanılan həmin 14 nəfərə qarşı Cinayət Məcəlləsinin 120 (qəsdən adam öldürmə), 214 (terrorçuluq), 220 (kütləvi iğtişaş), 228 (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə), 233 (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə), 278 (hakimiyyəti zorla ələ keçirmə və ya onu zorla saxlama), 283 (milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması), 315-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və zor tətbiq etmə) maddələr üzrə ittiham irəli sürülüb.