Azərbaycanda yazarlar vergi verirmi? - SORĞU
Tarix: 6-01-2016, 16:01 | Çap et
Azərbaycanda yazarlar vergi verirmi? - SORĞU
Vergilər Nazirliyi tərəfindən vergidən yayınanlara qarşı cəza tədbirləri davam etdirilir. İş adamları ilə yanaşı, şou-biznes əhli də nazirliyin hədəfindədir.

Nazirlik yaydığı açıqlamada şou-biznes nümayəndələrinə, sənət adamlarına xəbərdarlıq edərək, onları qanunun tələblərinə riayət etməyə çağırıb.

Bəs, ölkədə kifayət qədər tanınan şair-yazıçı “ordusu” satışa çıxardıqları kitablara görə vergi verirlərmi?

AzVision.az bu məsələ ilə bağlı qələm əhli arasında sorğu aparıb.

Yazıçı Şərif Ağayar bildirib ki, kitablarına görə qonorar almır, bu səbəbdən də vergi ödəmir.

Şair Aqşin Yeniseyin fikrincə, Azərbaycanda demək olar ki, bütün müəlliflər kitablarını öz pulları hesabına çap edirlər.

“Onlardan hansı verginin və hansı formada tutulması prosedurundan xəbərim yoxdur. Ancaq onu bilirəm ki, heç bir yazıçı və şair faktiki ədəbiyyat sahəsi üzrə vergi ödəyicisi deyil. Əksinə, bir çox şair və yazıçılarımız kitablarını qoltuğuna vurub vergi idarələrinə gedirlər ki, müfəttişlərdən şirinlik qoparsınlar. Bu hal bizim ədəbiyyatla vergi orqanları arasında ən məhrəm münasibət formasıdır. Mənə gəldikdə, kitablarım naşirlə imzaladığım müqavilə əsasında çap olunur. Mən nə çap, nə satış prosesində iştirak edirəm. Ona görə kitablarımın bazardakı taleyindən xəbərim olmur. Həm də reallıq budur ki, bu gün kitab bazarı elə bərbad haldadır ki, ondan vergi tutmaq yumurtadan yun qırxmaq kimi gülünc görünərdi”.

Yazıçı Cəlil Cavanşirin dediyinə görə, o, vergi ödəyicisidir: “Əlbəttə, vergi verirəm. Hazırda Azərbaycan Respublikası Prezidenti Yanında Bilik Fondunun Oğuz rayonundakı Bilik Evində Fakültə rəhbəriyəm. Maaşımdan rəsmi şəkildə vergi tutulur. Üstəlik mən bundan həqiqi zövq alıram. Dövlətə vergi vermək məsuliyyətli məsələdir”.

Gənc yazar Rövşən Danyeri hesab edir ki, gəliri olan hər kəs vergi verməlidir. “Bizdə şairlər, yazıçılar hansısa müəssisədə işləyirsə, oradan vergi verirlər. Kitab satışından isə vergi ödənilmir. Ancaq nəşriyyatlar özləri ödəniş edirlər. Düzdür, Azərbaycanda adətən kitablar 300-400 nüsxə ilə satılır və vergi verilsə, vəziyyət yazıçı üçün daha ağır olar. Bununla belə, 10-20 min kitabları satılanlar da gəlirdən vergi ödəmirlər. Hər halda kitab bazarından vergi öhdəliyinin ləğv olunmağının tərəfdarıyam”.

Yazıçı Əziz Rzazadə isə sorğumuza özünəməxsus şəkildə cavab verib: “Vergidən illərdir yayınanları sorğulamaq əlçatmazdır. Ona görə də bəzi sənət sahələri kimi yazıçı və şairlər də hədəfə götürülüb. Çox nahaq! Çünki - öz həmkarlarımı nəzərdə tutaraq deyirəm, - yazarların heç bir peşəkar karyera sahibi deyil. Hər birimiz hardasa çalışırıq və ordan aldığımız maaşın vergisini ödəyirik. Müğənnilər isə gündəlik olaraq öz sahələrində, iş başındadır. Doğrudur, irad tutula bilər ki, axı kitablarınız çıxır, bəli, çıxır, amma onlardan qazanc əldə edirikmi? Birmənalı olaraq yox, ya da qəpik quruş. Kaş elə media deyən kimi olaydı, biz çox qazanaydıq, o qədər çox ki, vergi ödəmək imkanımız da olsun. Əslində bu ölkədə yoxsul adamlara yazıçılardan çox kömək göstərən, sədəqə verən yoxdur. Hər kitabımızı demək olar ki, sədəqə, ianə kimi dost-tanışa pulsuz veririk. Bundan böyük xeyirxahlıq olar?!

Yazar Səxavət Sahil kitabları yüksək tirajla satılan yazarların vergidən yayınmalarının mümkün olmadığını deyib: “Ən azından kitab satılan mərkəzlərdən vergi qurumları xəbər tutub onları vergiyə cəlb edirlər. Kiçik tirajlı yazarlara gəlincə, onların vergi verməsi mümkün deyil. Ya onların kitabını hansısa nəşriyyat və ya təşkilat eləyir, ya da özləri çap edirlər. Özləri nəşr edəndə də xərci borcunu ödəmədiyi üçün vergidən söhbət gedə bilməz. Yazarların aldıqları qonarardan vergi tutmaq məsələsinə gəldikdə isə qonorarların çoxu vergisi çıxıldıqdan sonra verilir”.

Yazıçı Varis Yolçuyev vergi ödəyicisidir : “Yazıçı qonorar alanda qonorardan sadələşdirilmiş 2% vergi ödəyir. Mən də belə ödəyirəm. Nəşriyyatlar, mətbələr də vergi ödəyiciləridir”.

Yazıçı İkinci Mahmud indiyədək nə kitablarının satışından, nə də yazılarına görə aldığı qonorardan vergi verməyib.

Yazıçı Kənan Hacı hesab edir ki, kitablarından yaxşı qazanc götürən yazarlar vergi verməlidir: “Şair söz istehsal edir, sözü də alan ,oxuyan yoxdur. Şairin, yazıçının kitabı satılmırsa, vergi verməsi absurddur. Şair bir toydan müğənni kimi 10 min, 15 min pul götürmür. Vergini hansısa sənətlə məşğul olan adamlar verə bilər. Şair pinəçi deyil, xarrat deyil, sahibkar deyil”.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net