Gürcüstanın qaz oyunu
Tarix: 6-01-2016, 15:35 | Çap et
Gürcüstanın qaz oyunu
Gürcüstan gələcək illərdə İrandan da təbii qaz ala bilər. Dünən mətbuatda yayılan və müzakirə mövzusuna çevrilən xəbərlər belə deməyə əsas verir. Gürcüstan Energetika Nazirliyinin açıqladığı bəyanatda hazırkı mərhələdə İran tərəfi ilə Gürcüstana təbii qazın nəqli ilə bağlı konkret razılıq mövcud olmadığı vurğulanıb. Bəyanatda qeyd olunub ki, əsas məqsəd Gürcüstanı uzunmüddətli perspektivdə stabil və fasiləsiz olaraq təbii qazla təchiz etməkdir. İran KİV-i isə bildirir ki, İran Ermənistan vasitəsilə Gürcüstana təbii qazın nəql edilməsi üçün rəsmi Tiflislə danışıqlar aparır. İranın Milli Qaz Şirkətinin nümayəndəsi Əli Rza Kamilinin sözlərinə görə, Gürcüstanla əldə olunmuş razılığa əsasən, İran qazı Ermənistanla sərhədədək çatdıracaq, Gürcüstan isə onu Ermənistanla sərhəddə almalıdır: “Bununla yanaşı, razılaşma iqtisadi baxımdan Gürcüstan üçün sərfəli olmalıdır. Qaz tədarükünün həcmi 300-500 mln. kubfut təşkil etməlidir”.

Məsələyə münasibət bildirən SOCAR-ın Gürcüstandakı törəmə şirkəti olan "SOCAR Energy Georgia" İranın Ermənistan üzərindən Gürcüstana təbii qaz tədarükü ilə bağlı planlarını normal qiymətləndirdiyini açıqlayıb və İranın Gürcüstan bazarında Azərbaycana rəqib ola bilməyəcəyi diqqətə çatdırıb. APA-Economicsin məlumatına görə, "SOCAR Energy Georgia"nın baş direktoru Mahir Məmmədov yeni razılaşmanın SOCAR-ın Gürcüstana tədarük etdiyi qazın həcminə təsir etməyəcəyini vurğulayıb: "Əgər Gürcüstan əlavə qaz həcminə ehtiyac duyursa, onu cəlb etməyə tam ixtiyarı var. Bu, SOCAR-ın Gürcüstana tədarük etdiyi qaz həcminə təsir etməyəcək. Bizim Gürcüstan hökuməti ilə 2025-ci ilə qədər müqaviləmiz var. Müqaviləyə görə, "SOCAR Energy Georgia" Gürcüstanın bütün sosial sektorunu təbii qazla təmin edəcək. Əgər müəyyən dövr ərzində bəzi səbəblər üzündən biz qaz tələbatını ödəyə bilməsək, Gürcüstan tərəfinin başqa mənbələrdən qaz tədarük etmək imkanı var. Hər il Gürcüstan bazarında qaza olan tələbat 8-9% artır. Kommersiya təyinatlı qazın Gürcüstana tədarükü və satışı tamamilə açıq bazar və rəqabət prinsiplərinə uyğun şəkildə həyata keçirilir. Hazırda Gürcüstanda digər təyinatlı istehlakçıların tələbatını biz ödəyirik. Bizim təklif etdiyimiz qiymətlər də çox uyğundur".

Baş direktor onu da bildirib ki, İranın Ermənistan vasitəsilə Gürcüstana tədarük edəcəyi təbii qaz bu bazarda rəqabət yaratmayacaq: "Gürcüstan bazarı həddindən artıq kiçik bazardır, burada ciddi rəqabət ola bilməz. İran tərəfindən Gürcüstana qaz verilməsi mexanizmləri mövcud deyil. Bu mexanizm barəsində hələlik ancaq danışıqlar aparılır. Mexanizm işə düşərsə, qazı yerləşdirmək üçün bir yer, bazar olmalıdır. Əgər bu qaz Azərbaycan qazından ucuz olacaqsa, onu tədarük etmək mümkün olacaqsa, aydın məsələdir ki, rəqabət olacaq. Ancaq, bir daha deyirəm ki, Gürcüstan bazarı çox kiçikdir və Azərbaycanın Gürcüstan tərəfi ilə bağladığı müqavilələr bizə tamamilə rahat fəaliyyət göstərməyə imkan verir".

Mövzu ilə bağlı fikirlərini “Kaspi”yə açıqlayan “Borçalı” İctimai Cəmiyyətinin sədri Zəlimxan Məmmədli dedi ki, İranın bölgəyə girişi məzhəbarası gərginlik yaratmaq və Azərbaycan qazını Gürcüstan bazarından sıxışdırıb çıxarmaq məqsədi daşıya bilər: “Hazırda dünyanın diqqəti Orta Şərqə yönəlib. Əsas güc mərkəzləri sürətli inkişaf edən proseslər fonunda daha çox mənfəət, yeni düzəndə daha üstün mövqe qazanmaq istəyirlər. Səudiyyə Ərəbistanında 47 nəfərin, həmçinin şiə liderinin də edamından sonra bölgədə məzhəblərarası savaşın başlaması üçün ciddi əsaslar yaranıb. İran Səudiyyəni, Səudiyyə isə İranı ittiham etməkdə davam edir. Bu prosesdə Türkiyənin də adının hallanması, xüsusilə, İran mediasında Türkiyənin ittiham olunması hallarının intensivləşməsi Türkiyə-İran münasibətlərinin gərginləşməsinin əlamətləri sayıla bilər. İranın Türkiyənin sərhədini pozan rus təyyarəsini vurmasından sonra şimal qonşumuzun mövqeyini müdafiə etməsi və Türkiyə əleyhinə açıq hədə mesajları verməsi də Tehranın antitürk mövqeyinin təsdiqidir. İranın inanclılarının əksəriyyəti müsəlman olan Azərbaycandan çox, təcavüzkar Ermənistanı bu və ya digər formada dəstəkləməsi faktı da unudulmamalıdır. Eyni zamanda, İranda yaşayan 35 milyon Azərbaycan türkünün təməl haqlarının mütəmadi pozulması, zaman-zaman “ayətullahlar” tərəfindən Azərbaycanın əleyhinə bəyanatların, fətvaların verilməsi də bir faktdır”.

Z.Məmmədlinin fikrincə, İranın istər ideoloji, istərsə də məzhəb baxımından Türkiyəyə, eləcə də Azərbaycana dost dövlət olmadığı reallıqdır. Gürcüstan, Azərbaycan və Türkiyə isə strateji müttəfiqlərdir. Azərbaycan və Gürcüstanın gələcək taleyinin müəyyən olunmasında isə Türkiyənin hazırda regionda hökm sürən gərginlikdən necə çıxacağının rolu az deyil: “Gürcüstan həm də İranın son 200 ildə dəyişməz müttəfiqi olan Rusiyanın hərbi, psixoloji pressinqi altındadır. Düşünürəm ki, bu gün region ölkələri arasında nəzərdə tutulan sazişlər, anlaşmalar iqtisadi mənfəətdən daha çox siyasi mahiyyətlidir. Qərb-İran münasibətlərinin mötədilləşmə cəhdi hələ İranın NATO sevgisi demək deyil. Gürcüstan isə Avrozonaya, NATO-ya inteqrasiya yolundadır. İranın bölgəyə hansı adla girməsindən asılı olmayaraq, siyasiləşmiş məzhəb təfriqələri intensivləşəcək. Bu isə Azərbaycanın milli maraqlarına təhdid olmaqla, regionda əlavə gərginlik mənbəyi deməkdir. Gürcüstanın qaz problemi yoxdur. Bunu, Azərbaycan prezidenti Gürcüstana səfəri çərçivəsində bir neçə dəfə xüsusi nida ilə vurğulayıb. İranın konfliktlərə sürükləndiyi bir ərəfədə iqtisadi maraq pərdəsi altında bölgəyə girişi arzuolunan deyil. İran müttəfiqləri Ermənistan və Rusiya ilə birlikdə Cənubi Qafqazda Azərbaycan və Gürcüstan arasında gərginlik yaranmasında maraqlı görünür. Gürcüstanın indiki siyasi hakimiyyəti bəzi hallarda xırda maraqlar naminə riskli, müttəfiqlik münasibətlərinə xələl gətirən addımlar atmağa meyllidir. Nəzəri cəhətdən hesablasaq görərik ki, İran Cənubi Qafqaza iri, strateji bir layihə ilə girərsə, bu, Azərbaycan və Gürcüstan arasında gərginliklə müşayiət olunacaq. İran din adı altında həm Gürcüstanda, həm də Azərbaycanda siyasi-ideoloji diversiya qruplarına malikdir. Odur ki, Azərbaycan və Gürcüstan diplomatiyası bu sahədə diqqətli olmağa məhkumdurlar”.

İqtisadçı ekspert İlham Şaban isə bu məsələdə ölkəmiz üçün ciddi bir təhdid olduğunu düşünmür: “Gürcüstanın kiçik həcmlərdə İrandan qaz alması bilirsiniz nəyə bənzəyir? Tutaq ki, Azərbaycan bazarında hər hansı bir mobil telefon 1000 dollar qiymətindədir. Siz baxıb görürsünüz ki, Nyu-Yorkda Milad bayramı ərəfəsində onu müəyyən endirimlə 420 dollara ala bilərsiniz. Tez hamıya car çəkirsiniz ki, mən həmin telefonu Amerikadan Bakıdakından 2 dəfə ucuz əldə edə bilərəm. Əslində, bu, bir arzudur. Çünki praktikada Bakıdan ora getmək üçün viza pulu ödəyib, heç olmasa, 2 gün orada qalıb və Nyu-York kimi bahalı şəhərdə vaxtınızı keçirdəndə məlum olacaq ki, həmin telefon sizə 1800 dollara başa gəldi. Bu qaz məsələsi də onun kimi bir şeydir. Əgər Gürcüstan İrandan qaz almaq istəyirsə, lap yaxşı. Bunun nəyi pisdir ki - dünyada hamı bir-birilə ticarət əlaqələrinə girir. Ancaq bu qazı öz ərazisinə gətirmək üçün onun hansısa bir infrastrukturu olmalıdır. Söhbət boru kəmərlərindən gedir”.

Müsahibimiz nəzərə çatdırdı ki, boru kəmərləri telefon xətləri kimi deyil və onu hansı tərəfə istəsən çevirib daşıya bilməzsən: “Mövcud kəmər Rusiya qazını Gürcüstandan Ermənistan istiqamətinə daşıyır və İrəvanın onunla daşınan rus qazından imtina etmək fikri yoxdur. Deməli, Gürcüstan özünə yeni bir qaz kəməri çəkmək məsələsini gündəmə gətirməlidir. Düzdür, kiçik həcmlər üçün İran-Ermənistan kəməri ölkənin mərkəzinə qədər qaz daşıya bilər. Bundan sonra isə Gürcüstan və Ermənistan birgə boru kəməri tikməlidirlər. Bahalı olmasa da, bu, kapital, xərc tələb edən bir şeydir. Tutaq ki, infrastruktur məsələsini də Gürcüstan həll etdi, onda qalır qazın kommersiya qiyməti. Əsas məsələ də budur. İran qazı bahalı qazdır, ona görə ki, Gürcüstan sərhədinə daşınması üçün təqribən 2000 km yol qət edəcək. Düzdür, deyirlər ki, İran siyasət naminə qazını Gürcüstana lap ucuz da verə bilər. Mən də razıyam ki, 300 milyon kub metr qazı verməklə İran özünü reklam etmək üçün şans qazanar. Ancaq hər bir reklamın da öz qiyməti olur. Yəni Sovetlər dövründə "sosializmin təntənəsi" üçün SSRİ Kubanı və onun kimi neçə ölkənin enerji təminatını demək olar ki, öz vəsaiti hesabına həyata keçirirdi. Bəs sonrası nə oldu? Ona görə də kommersiya müstəvisi üzərində qurulmayan bir layihənin gələcəyini görmürəm. Bizə gəldikdə isə, Azərbaycan öz qazını satmaqda davam edəcək. Bizim müqavilələrimiz var. Yəni bir qədər az qaz satmaq Azərbaycana ziyan etməyəcək”.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net