![Ərəstun Oruclu Rusiya Baş Kəşfiyyat İdarəsinin rəisinin ölümündən şübhələnir... Ərəstun Oruclu Rusiya Baş Kəşfiyyat İdarəsinin rəisinin ölümündən şübhələnir...](/uploads/posts/2016-01/thumbs/1451978632_v.jpg)
Sovet dövlətinin gözəl bir ənənəsi vardı - Kommunist Partiyası Siyasi Bürosünun üzvləri adətən, istefaya səhhət durumuna görə gedirdilər və 2-3 ay sonra SİTA (Sovet İttifaqı Teleqraf Agentliyi) onların qəflətən öldüyü barədə rəsmi məlumatı yayırdı.
Bu qəflətən ölüm üçün də rusca bir скоропостижно sözünü işlədirdilər ki, söz də az qala SSRİ rəhbərləri üçün xüsusiləşmişdi. Sözüm onda deyil. İndi də prezident Putinin rəsmi saytında Rusiya dövlətinin ən iyrənc qurumlarındn biri (yüksək ehtimalla, elə birincisi) olan Baş Kəşfiyyat İdarəsinin (ГРУ) rəisi general İqor Serqunun скоропостижно ölməsi barədə rəsmi məlumat yerləşdirilib.
Nəzəri cəhətdən istənilən insan və hətta bu ranqda bir kəşfiyyatçı da ürək tutmasından ölə bilər, amma Rusiya dövlətinin gözəl ənənələrini nəzərə alsaq, bu ölüm скоропостижно da ola bilər. Maraqlıdır ki, İqor Serqun təxribatlar, çevrilişlər, deversiyalar, terror kimi əməllərilə ad çıxarmış bu başıbəlalı qurumda qəflətən ölən birinci rəhbər deyil.
2010-cu ilin avqustunda qurumun rəis müavini Yuriy İvanovun Türkiyə sahillərində cəsədi tapılmışdı. O zaman rəsmi versiya belə idi ki, Suriyada ezamiyyətdə olan və peşəkər üzgüçü olduğu deyilən Yuriy İvanov Aralıq dənizində üzərkən скоропостижно boğulmuşdu, sonra da dənizdəki külək onun cəsədini Türkiyə sahillərinə aparıb çıxarmışdı.
1992-ci ildə isə ГРУ-nun digər bir yüksək rəsmisi - qurumun rəisinin birinci müavini general-polkovnik Yuriy Qusev Moskva dairəvi avtomagistralında qəzaya uğrayan xidməti maşınında скоропостижно ölmüşdü. Özü də içərisi adamlarla dolu Lada ilə toqquşan xidməti Volqa-nın arxa oturacağında oturmuş general Qusev həmin qəzada yeganə скоропостижно ölmüş şəxs idi.
Ərəstun Oruclu, politoloq, keçmiş MTN zabiti