Zidan “Real”da ofsayda düşəcək, yoxsa...?
Tarix: 5-01-2016, 11:00 |
Çap et
Dünən Madrid “Real”ı baş məşqçi postuna bir vaxtlar klubun əfsanəsi olmuş Zinnədin Zidanı gətirdi. “Qafqazinfo” xəbər verir ki, Rafael Benitesin uğursuz nəticələri, komandanın tez-tez xal itirməsi prezident Florentina Peresi bu addımı atmağa vadar etdi.
Zidan elə bundan öncə də “kral klubu”nda baş məşqçi kimi çalışırdı. Lakin ikinci komandada. 43 yaşlı fransalının bu posta gətirilməsi də birmənalı qarşılanmadı. Onun uğur qazanacağına ümid edənlər olsa da, “Zizu” üçün bu vəzifənin tez olduğunu deyənlər də az deyil.
Zidan kimdir?
1972-ci ildə Fransanın Marsel şəhərində doğulan Zidan ilk peşəkar karyerasını “Kann” klubunun heyətində yaşayır. 1988-92-ci illərdə bu komandada çıxış edən yarımmüdafiəçinin növbəti klubu “Bordo” olur. 4 ilini də bu komandaya həsr edən əfsanəvi futbolçu 1996-cı ildə “Yuventus”a gəlir. 2001-ci ilə qədər Turin təmsilçisinin uğurları üçün “tər tökən” “Zizu”nun növbəti komandası isə hazırda baş məşqçisi olduğu Madrid “Real”ı olur.
Bu klublarla Zidan UEFA Çempionlar Liqasının, Avropa Superkuboku və Qitələrarası Kubokun ikiqat qalibi, İspaniya La-Liqasının çempionu, İspaniya Superkubokunun qalibi, İtaliya A Seriyasının ikiqat çempionu və İtaliya Superkubokunun qalibi olub.
1994-2006-cı illərdə Fransa milli futbol komandasının heyətində 108 oyun keçirib və 31 qol vurub. Fransa yığmasının heyətində Zidan ayrı-ayrı vaxtlarda 6 beynəlxalq turnirdə çıxış edib. O, millinin heyətində 1998-ci ildə dünya çempionu, 2000-ci ildə Avropa çempionu olub. 2006-cı ildə dünya çempionatının gümüş medalını, 1996-cı ildə Avropa çempionatının bürünc medalını qazanıb.
Zidan 1998, 2000 və 2003-cü illərdə dünyanın ən yaxşı futbolçusu seçilib.
2006-cı ildə futbolçu karyerasını bitirib. Daha sonra "Real Madrid" klubunda prezidentin müşaviri, idman direktoru vəzifələrində çalışıb.
Sonra isə klubda Karlo Ançelottinin köməkçisi olub. Burda müddət işlədikdən sonra “qalaktikos”un ikinci komandasında işləməyə başlayıb. 2016-cı ilin 4 yanvarında isə əsas komandanın baş məşqçisi vəzifəsinə gətirilib.
Zidanın həyatından...
Ulduz futbolçunun karyerasında bir çox maraqlı məqamlar var. Məsələn, o, karyerası ərzində heç zaman ofsayda düşməyib.
Əfsanəvi futbolçu ilə bağlı ən yaddaqalan məqam isə 2006-cı il dünya çempionatı ilə bağlıdır. Sonuncu mundialına çıxan “Zizu” finalda İtaliya ilə görüşdə rəqib komandanın futbolçusu Marko Materatsiyə atdığı kəllədən sonra qırmızı vərəq alır və meydanı tərk edir. Bu onun karyerasında sonuncu dünya çempionatı idi. Bu hərkətindən sonra isə Zidan italiyalının onu və ailəsini təhqir etdiyi üçün kəllə atdığını bildirib.