![“Qara bazar”da gəl-gəl deyən siqaretlər” – REPORTAJ “Qara bazar”da gəl-gəl deyən siqaretlər” – REPORTAJ](/uploads/posts/2015-12/thumbs/1451044503_v.jpg)
Dolların manata nisbətən məzənnəsinin 1,5 dəfə bahalaşması siqaretlərin də qiymətinə orta hesabla 70 faiz təsir edib. Yəni, artıq dörd gündür ki, satışda olan tütün məmulatlarının qiyməti dolların qalxan dəyərindən yüksəkdir. Hətta bəzi siqaretlərin qiymətində 100 faizə qədər bahalaşma qeydə alınıb. Belə olan halda da siqaret istifadəçiləri öz yolunu ənənəvi market və satış məntəqələrindən deyil, “qara bazar”lardan salırlar. Bunun başlıca səbəbi isə alışqanı çəkmədən belə "od tutub yanan" siqaretlər, daha doğrusu onların bu “qoltuq” bazarlarında nisbətən ucuz başa gələn qiymətləridir.
Hafta.az-ın əməkdaşı bu gün yolunu həmin bazarlardan salaraq, burada satılan aksiz markasız siqaretlərin digərlərindən qiymət fərqi ilə maraqlanıb.
Kamran dayının "28 May" metro stansiyasının yaxınlığındakı “dizüstü köşk”ünü siqaret çəkənlər yəqin ki, çox yaxşı tanıyır. Hətta tələbə vaxtı biz də vaxtaşırı onun bu məkanına baş çəkirdik. Aksiz markasız siqaretlərin açıq satışının təşkil edildiyi bu yer indinin özündə də “müstəqilliyini” qoruyub saxlayır. Yəni, hələ də fəaliyyətdədir. Yaxınlaşıb satıcıdan siqaretlərin qiymətini soruşuruq. Kamran Abbasov hafta.az-a açıqlamasında bildirdi ki, manatın dollara nisbətən dəyərini itirməsi onların da bazarına təsirsiz ötüşməyib:
“Daimi alıcılarımız yenə də var. Onlar üçün siqaretin neçəyə olmasının elə də əhəmiyyəti yoxdur. Amma orta cibli vətəndaşlarımızı demək olar ki, itiririk. Həmin adamlar yavaş- yavaş siqaretləri tərgitdiklərini deyirlər. Əgər əvvəl günə 150 manat satışımız olurdusa, indi 80-90 manat ancaq olur. Qazanca gəldikdə isə əvvəl 20-25 manat qazanırdıq, indi 13-14 manat”.
Kamran Abbasov bütün siqaretlərin qiymətində qalxma olduğunu deyir. Onun sözlərinə görə, Amerika, Almaniya, İsveçrə və İrandan gələn siqaretlərdə artım nisbəti də fərqlidir:
“İçində beş qutusu olan Amerika “Marlboro”su indi 50 manat olub. Əvvəl isə 38 manata satırdıq. Almaniya istehsalı olan “Marlboro” siqaretinin bir qutusu 3,5 manat, İsveçrə istehsalı olan həmin marka siqaret isə indi 6 manat olub. Əvvəllər qutusu 3 və 3 manat 50 qəpiyə satılan “Parlament”lərin qiyməti isə müvafiq olaraq 4,5 və 5 manat olub. Qiymət artımından sonra “blok”la siqaret almaq daha sərf edir. Çünki içində 10 qutusu olan bu bağlamalar ədədlə satılanlardan 10-15 faiz ucuz başa gəlir”.
Kamran Abbasov qiymət artımının təsir etmədiyi İspaniya istehsalı olan siqaretlərin olduğunu da vurğuladı:
“Di Santis" və “Cavalaer” markalı bu siqaretlər demək olar ki, bahalaşmadan əvvəl gətirildiyi üçün onların qiymətində heç bir dəyişiklik yoxdur. Bu siqaretlər əvvəl də, indi də 1 manat 30 qəpiyə satılır. Elə “bloku” da 13 manata gəlib çıxır. Özümüz içində on ədəd olan bağlamanın birini “düdfri”dən 10 manata alırıq. İngiltərə və Rusiya istehsalı olan siqaretlərin qiyməti isə 50 faiz qalxıb. Bu ölkələrin istehsalı olan və ən “xodavoy” satışı olan “Esse” siqaretlərini əvvəl 1 manata, indi isə bir manat səksən qəpiyə satırıq. Yəni 80 faiz bahalaşıb”.
Kamran Abbasovun yanındakı satıcı isə yarızarafat, yarıciddi bildirdi ki, elə həmkarının ucbatından onun bazarı ölüb:
“Onun müştərisi çox olub əvvəldən. Mənim müştərilərim isə bahalaşmadan sonra buralara ayaq basmırlar. Günə 10-12 manat satışım olur. Bəzənsə, bəxt üzümə gülür; Kamranda həmin siqaretdən olmayanda, məndən alırlar”.
Biz ərazidə olarkən “qara bazar”a üz tutan insanların sayı-hesabı yox idi. Kamran Abbasov demiş, gələn “blok-blok” alıb aparırdı. Bir alıcı isə bunu belə izah etdi:
“Dolların yenidən bahalaşmayacağına heç kim əmin deyil. Ona görə də alıb, atırıq evə. Onsuz da buna pul veririk. Özüm “Di Santis” çəkirəm. “Blok”unu 18 manatdan üç bağlama aldım. 54 manat pul verdim. Əgər dost–tanışa hədiyyə etməsəm, bir ay mənə bəsdir”.
“Qara bazar"da “gəl-gəl” deyən, qiyməti nisbətən ucuz bu xarici tütün məmulatları təbii ki, bütün siqaret çəkənlərin tələbatını ödəmir. Statistikaya görə, ölkə əhalisinin 34 faizi siqaret istifadəçisidir. Bu isə o deməkdir ki, ya bu zərərli vərdişin aludəçiləri ciblərinə qənaət üçün siqaretdən əl çəkməli, ya da gündəlik istifadəni azaltmalıdırlar.