Fərdi jurnalist müsabiqəsinin qalibləri mükafatlandırılıb
Tarix: 25-12-2015, 15:47 |
Çap et
Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə keçirdiyi fərdi jurnalist müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.
APA-nın məlumatına görə, KİVDF-nin icraçı direktoru Vüqar Səfərli deyib ki, 2015-ci il Azərbaycan üçün çox yadda qalan illərdən biri olub: “Bu il Azərbaycan tarixinə qızıl hərflərlə yazılıb. Bu il Azərbaycanda Birinci Avropa Oyunları keçirildi. Bu oyunlar Azərbaycanı bütün dünyaya tanıtdı və ölkəmiz bir nümunə göstərdi. 2015-ci ilə milli mətbuatımızın 140 illiyi keçirildi. Möhtərəm prezidentimiz sərəncam imzaladı və 180 jurnalistə fəxri adlar verildi, ordenlər və medallar təqdim edildi”.
V. Səfərli bildirib ki, fond il ərzində 11 fərdi yazı müsabiqəsi təşkil edib, 600-dən artıq jurnalist bu müsabiqələrdə iştirak edib, 450-yə yaxın jurnalist mükafatlandırılıb: “Bu müsabiqəyə 60 media orqanından 156 yazı təqdim olunub. Yazılar 12 ekspert tərəfindən qiymətləndirilib. Qiymətləndirmə nəticəsində 113 qalib müəyyənləşib”.
Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov Azərbaycan mediasının inkişafı və qarşıda duran məsələlərdən danışıb.
Mətbuat Şurasının sədri Əflatun Amaşov jurnalistikanın xalqın mili şüurunun oyanmasında və müstəqil dövlət quruculuğunda mühüm rol oynadığını vurğulayıb: “Ona görə də Azərbaycan jurnalistikası kifayət qədər böyük hörmətə layiqdir. Bir məqamı qeyd edim. Jurnalistlər üçün yaşayış binası tikildi və bu günlərdə jurnalistlərə mənzillərin çıxarışı verildi. Azərbaycan prezidenti İlham Əliyevi jurnalistlər adından Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə təbrik edirik”.
Daha sonra müsabiqə qalibləri mükafatlandırılıb.