“Elə məmur var ki, onu bir milyon manat cərimələsən də, sorğuya cavab verməz”
Tarix: 25-12-2015, 13:11 | Çap et
“Elə məmur var ki, onu bir milyon manat cərimələsən də, sorğuya cavab verməz”
Azərbaycanda media əməkdaşlarının sorğularına cavab verməkdən imtina etməyə və ya bu sorğuları cavabsız buraxmağa görə yeni cəzalar tətbiq olunur. Bu, yeni hazırlanmış İnzibati Xətalar Məcəlləsinin 382-ci maddəsində təsbit olunub.
Maddənin birinci hissəsində göstərilir ki, qanunla müəyyən edilmiş müddətdə jurnalist sorğusuna cavab verməməyə görə 200 manatdan 300 manata qədər cərimə tətbiq ediləcək.
Maraqlıdır, jurnalist sorğusuna cavab verməyən və ya bu sorğuları vaxtında cavablandırmayan şəxslərlə bağlı nəzərdə tutulan cərimələrin artırılması məlum sahədə vəziyyətin yaxşılaşmasına səbəb olacaqmı? Cərimə siyasəti ilə məmurları jurnslist sorğularına həssas yanaşmağa vadar etmək mümkündürmü?
Məsələ ilə bağlı Moderator.az-a açıqlama verən “Təzadlar” qəzetinin baş redaktoru Asif Mərzili də bu problemin kifayət qədər “yaşlı” və ağrılı olduğunu vurğulayıb:
“İnformasiya əldə etməklə bağlı Azəbaycan Respublikasının qanununun məlum bəndlərinə, xüsusilə də 24-cü maddəsinə əsasən jurnalistin sorğusuna cavab verilməsi qaydaları öz əksini tapıb. Orada qeyd olunub ki, operativ xarakterli suallara 24 saat ərzində, araşdırma tələb edən sorğularla bağlı isə bir həftə ərzində məlumat verilməlidir. Əslində bu maddə hər zaman aktul olubdur. Çünki məmurlar heç vaxt jurnalist sorğularına demək olar ki, cavab verməyiblər. Ancaq son illər rəsmi sorğulara nəhayət ki, məcburi qaydada cavab verilir.
Qanunvericiliyə görə, jurnalist verdiyi sorğuya cavab ala bilmirsə, məhkəməyə müraciət edə bilər. Biz qəzet olaraq bir neçə dəfə Misir Mərdanovu məhkəməyə vermişik. Məhkəmə qarşı tərəfin üzərinə sorğuya cavab vermək öhdəliyi qoyurdu. Ancaq acığa düşüb elə cavab verirdilər ki, sorğuya cavab verməsəydilər bundan yaxşı idi.
Cərimələrin tətbiqinə gəlincə, hesab edirəm ki, əgər bu cərimələr heç olmasa manatın məzənnədən düşməsindən öncə baş versəydi, az və ya çox dərəcədə təsiri olardı. Bütövlükdə isə hesab edirəm ki, bu dəyişikliyin müəyyən dərəcədə təsiri ola bilər. Ancaq elə məmur var ki, ona nəinki 300 manat, hətta bir milyon manat cərimə kəsilsə belə, o, sorğuya cavab verməyəcək. Elə məmur var ki, sorğuya ümumiyyətlə cavab vermək istəmir. Onu cərimələsən də, bu, onu sorğuya cavab verməyə məcbur etməyəcək. Burada sorğunun məzmunu da mühüm rol oynayır. Jurnalist sorğusunda elə məsələ ilə bağlı informasiya tələb edə bilər ki, məmur dünya dağılsa belə ona cavab verməz. Daha doğrusu, bu iqtidarda olmaz.
Arzu edək ki, heç olmasa bundan sonras məmurlar qanunvericiliyə hörmətlə yanaşıb, jurnalistlərin sorğusuna vaxtında cavab verəcək”.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net