İki məmur vəzifədən gedəcək – 2016-nın proqnozu
Tarix: 25-12-2015, 11:43 |
Çap et
Tanınmış astroloq Səbuhi Rəhimli Axar.az-a müsahibəsində qarşıdan gələn 2016-ci il üçün bir sıra əhəmiyyətli məsələlərlə bağlı proqnozlar verib. Astroloq proqnozlarla yanaşı, Meymun ilinin ümumi xarakteristikasından və bu ildə bizi gözləyən yeniliklərdən danışıb.
Çox zəngin bir il yaşadım
- 2015-ci ildən nəyi gözləyirdiz ki, o olmadı?
- Hər bir ildən hamımızın gözləntiləri, planları və arzuları olur. Təbii ki, mən də bir vətəndaş kimi 2015-ci ilə müxtəlif istəklərlə qədəm qoymuşdum. Ümumilikdə, çox zəngin bir il yaşadım, xüsusən də səfərlər və dəyərli insanlarla tanışlıq baxımından. Yaradıcılıq baxımından da məhsuldar il sayıram. Lakin mənəvi və maddi istəklərim demək olar ki, yerindən tərpənmədi. Qısaca deyim ki, ruhi ağrılarımı azalda bilmədim.
Keçinin nazı ilə oynamalıyıq
- Qarşıdan Meymun ili gəlir - bu il nə vaxt daxil olacaq?
- Astronomik il fevralın 8-də Bakı vaxtilə axşam saat 18:40-da başlayacaq. O vaxta qədər hələ Keçinin (qoyun) nazı ilə oynamalıyıq.
"Ağlamayana çörək yoxdur"
- Meymun il necə xarakterizə olunur?
- Şərq təqvimində 9-cu sırada duran Meymun ili bir qayda olaraq narahat keçir. Gözlənilməz hadisələr bir-birini əvəz edir, insanların zahiri daxilləri ilə əkslik yaradır, riskli addımların sayı artır. Tarixi hadisələrin xronologiyası da təsdiq edir ki, bəhs etdiyimiz illərdə ölkələrin daxili problemləri partlayış həddinə çatır: qiyam və inqilablar, çevrilişlər, vətəndaş qarşıdurması, məhəlli münaqişələr, azadlıq və din uğrunda cihad və s. Bir el məsəlində deyilir ki, ağlamayana çörək yoxdur. Bax, Meymun ilinin tendensiyası da budur! Onun hökmranlığı dövründə məhz tələbkar və təşəbbüskar insanların bəxti gətirəcək.
Bu il insanlar ruhi aləmə daha çox bağlanmalıdır. Tanrının dərk olunması istiqamətində, ilahi elmlərə həvəsdə və digər bu kimi sahələrdə aktivlik artırılmalıdır. Çünki Meymun şıltaqlığı sevir və dayanıqsızdır. Bunun qarşısını isə təmkinlə, vicdanın səsi ilə aradan qaldırmaq olar.
Xoşagəlməz amillərdən biri də odur ki, bu il xəstəliklər tüğyan edəcək. Dünya həkimləri, eləcə də öncəgörənlər, astroloqlar radioaktiv şüalanma nəticəsində yarana biləcək xəstəliklər barədə həyəcan təbili çalmaqdadır. Bu səbəbdən də tibbi mütəxəssislərə böyük ehtiyac yaranacaq. Ümumiyyətlə, bu il nəinki tibb, habelə elm və texnika sahəsində də böyük ixtiralar, yeni kəşflər üzə çıxacaq.
Hələ qədim dövrlərdən münəccimlər Meymunu xəyanətkar adlandırırdılar. Ən azı ona görə ki, bu dövrlərdə ər-arvad münasibətlərində parçalanmalar, yanlış ehtiraslar, aldatmalar daha da sürətlənir. Amma 2016-cı il üçün bu məsələ bir qədər başqa cürdür. Belə ki, ilin aparıcısı Aydır və o, emosiyanı, əsəbi, intuisiyanı tərənnüm edir, analıq instikti yaradır, ailəyə bağlılığı artırır. Deməli, Meymunun səmimi hislərə, sadiq dostlara, etibarlı sevgiyə gücü çatmayacaq.
- Bu ilin rəmzləri və simvolları nələrdir?
- İlin göy cismi Ay, aparıcı bürcləri Xərçəng və Buğa, illəri Meymun, Siçovul və Əjdaha, ayları may, iyul, rəngi qırmızı, ağ və açıq-mavi, daş-qaşı zümrüd, rubin, Ay daşı, metalı isə gümüşdür.
Çoxları işdən çıxarılacaq
- Meymun ilində Azərbaycanda hansı mühüm hadisə baş verəcək?
- Azərbaycanda ürəkaçan olaylar az olacaq. Bu, ən azından Qarabağın yenə də qaytarıla bilməməsindən doğacaq. Bir çox sensasiyalı həbsə şahid ola bilərik. 2016-cı ildə iki böyük vəzifəli şəxs vəzifəsinə vida deyəcək.
Bu il Prezident İlham Əliyevdən də sensasiyalı gedişlər görəcəyik. Onun atdığı addımlar əhali üçün daha çox xeyirli olacaq.
- Bürclər Meymun ilində necə xarakterizə olunacaq?
- İnsanlar təkcə bürclərdən ibarət deyil, hər bir fərdin özünəməxsus keyfiyyəti, tərzi var. Ümumiləşdirib yalnız onu deyə bilərəm ki, Meymun ilinin oyun qaydalarına riayət edən, onun “zəif damarını” tutanlar udacaq.
- Ən uğurlu bürc hansı olacaq?
- Daha çox Su (Xərçən, Əqrəb, Balıqlar) və Torpaq (Buğa, Qız, Oğlaq) ünsürləri şanslı olacaq.