![HDP rəhbəri Dəmirtaşın Moskva səfərinin pərdəarxası - ŞƏRH HDP rəhbəri Dəmirtaşın Moskva səfərinin pərdəarxası - ŞƏRH](/uploads/posts/2015-12/thumbs/1450962911_v.jpg)
“Səlahəddin Dəmirtaşın Türkiyə-Rusiya münasibətlərinin gərginləşdiyi bir dövrdə Moskvaya səfəri bu hadisəyə məncə, lazım olandan daha artıq əhəmiyyət verilməsinə səbəb olub. Halbuki belə səfərlər daha əvvəl də gerçəkləşib. S.Dəmirtaş ötən il – Rusiya ilə Türkiyə arasında münasibətlərinin yaxşı olduğu dövrdə də Moskvaya səfər etmiş və Rusiya xarici işlər nazirini müavini Mixail Boqdanovla görüşmüşdü”.
Bunu hafta.az-a açıqlamasında HDP rəhbəri Səlahəddin Dəmirtaşın Moskvaya səfərini şərh edərkən politoloq Şahin Cəfərli deyib. Şahin Cəfərlinin sözlərinə görə, indiki səfər, hər halda, istər dəyişən geosiyasi durum, istərsə də Rusiya-Türkiyə münasibətlərində yaranan ciddi problemlər səbəbindən əvvəlkindən daha çox diqqətəlayiqdir:
“Dəmirtaş xarici işlər naziri Sergey Lavrov səviyyəsində qəbul olunub. Bu qəbulla Moskva göstərmək istəyir ki, Türkiyə daxilində, ümumən regionda mövcud olan kürd problemi ilə yaxından maraqlanır və bu məsələdən Türkiyəyə qarşı istifadə etmək imkanlarına malikdir. Paralel şəkildə Rusiya Suriyadakı kürd qruplaşması PYD ilə yaxın əməkdaşlıq yaradıb, hətta Moskvanın bu qruplaşmanın silahlı qanadı YPG-yə hərbi yardım göstərdiyi bildirilir. Hazırda Suriyanın şimalında, Türkiyə ilə sərhəd xəttinin böyük hissəsinə məhz PYD nəzarət edir. PYD-nin nəzarətindəki Afrin və Kobani bölgələri arasında qalan Cerablusdakı 90 kilometrlik zolaq isə İŞİD-in nəzarətində qalıb. PYD həmin zolağı da ələ keçirərək Afrin və Kobanini birləşdirməyi düşünür və bu məsələdə Rusiyanın dəstəyinə ümid edir. Yaxın vaxtlarda PYD qüvvələrinin Rusiya aviasiyasının iştirakı ilə Cerablusa hücuma başlayacağı barədə məlumatlar var. Əgər həmin 90 km-lik zolaq da kürdlərin əlinə keçərsə, Türkiyənin Suriya ilə əlaqəsi kəsiləcək və Ankaranın orada cərəyan edən hadisələrə təsir imkanları minimuma enəcək. Bu səbəblə Türkiyə PYD-nin Fərat çayının qərbində yerləşən həmin bölgəni ələ keçirmək cəhdini savaş səbəbi (“casus belli”) sayacağını rəsmən açıqlayıb”.
Politoloqun sözlərinə görə, PYD-nin Rusiya aviasiyasının köməyi ilə Cerablusa hücumu, Türkiyə və Rusiya arasındakı gərginliyi daha artıracaq:
“HDP tərəfinin məqsəd və məramına gəldikdə isə, Türkiyədəki kürd separatizminin yaxın perspektiv üçün minimum planı ölkə daxilində muxtariyyətə nail olmaqdır. Bu məqsədin reallaşdırılması üçün Türkiyə dövlətinə daxildən terror fəaliyyətləri və siyasi üsullarla təzyiq göstərməklə yanaşı, həm də beynəlxalq dəstək qazanmaq zəruridir. HDP liderlərinin ABŞ-a, Brüsselə və Rusiyaya intensiv səfərlərinin əsas məqsədi budur. BMT Təhlükəsizlik Şurasının daimi üzvlərinin siyasi dəstəyini əldə etmək kürd separatizmini öz məqsədlərinə yaxınlaşdıra bilər. Bu səbəblə analoji səfərlərin və təmasların davam edəcəyini söyləyə bilərik”.
Şahin Cəfərli həmçinin qeyd edib ki, Türkiyə təbii ki, həm içəridə, həm də beynəlxalq müstəvidə özünü qorumaq üçün zəruri addımları atır və atacaq:
“Məlum olduğu kimi, hazırda ölkənin bəzi şərq və cənub-şərq vilayətlərində son illərin ən böyük hərbi əməliyyatı keçirilir. PKK son aylarda həm muxtariyyət planını reallaşdırmaq, həm də bəzi xarici qüvvələrin sifarişi ilə Türkiyənin diqqətini regional proseslərdən, Suriya problemindən yayındırmaq məqsədilə İraq-Suriya sərhədindəki bir sıra rayon mərkəzlərini faktiki olaraq nəzarətə götürüb. Türkiyənin cənub-şərqini, “suriyalaşdırmaq” və beynəlxalq ictimaiyyətin diqqətini bu məsələyə cəlb edərək Türkiyədəki kürd problemini beynəlxalq gündəmə daşımaq niyyəti güdülür. Dövlət bu planları boşa çıxartmaq üçün ağır hərbi texnika və xüsusi təyinatlıları cəlb edərək həmin rayon mərkəzlərində sərt təmizləmə əməliyyatına başlayıb. Siyasi addımlara gəldikdə isə, Türkiyənin İraqın şimalındakı kürd muxtariyyətinin başçısı Məsud Bərzani ilə yaxın əlaqələr qurmasını xüsusi qeyd etmək lazımdır. Bunu gələcəyə hesablanmış ağıllı addım kimi qiymətləndirmək olar. Onsuz da bölgədə kürd dövlətinin qurulmasını bu mərhələdən sonra əngəlləmək mümkün deyil. Bu baxımdan Türkiyənin reallığı qəbul edərək gələcəkdə qurulacaq kürd dövlətinin nüvəsini təşkil edəcək Şimali İraqdakı de-fakto dövlətlə sıx münasibətlər yaratması rasional addımdır. Bu yolla Türkiyə həm bölgədəki bütün kürd qruplarının birləşməsini və Türkiyə əleyhinə hərəkət etməsini, həm də gələcəkdə yaranacaq kürd dövlətinin anti-Türkiyə mahiyyəti daşımasını qabaqcadan əngəlləmiş olur”.
Qeyd edək ki, PKK terror təşkilatına yaxın olan Xalqların Demokratik Partiyasının (HDP) həmsədri Səlahəddin Dəmirtaş Moskvaya səfər edib. Dəmirtaş bildirib ki, səfərin məqsədi partiyasının Rusiya təmsilçiliyinin açılmasıdır. Səfər çərçivəsində HDP rəhbəri Rusiyanın xarici işlər naziri Sergey Lavrovla da görüşüb.