![YAP-dan Pənah Hüseynə sərt CAVAB YAP-dan Pənah Hüseynə sərt CAVAB](/uploads/posts/2015-12/1450961498_v.jpg)
Azərbaycan Xalq Partiyasının (AXP) sədri Pənah Hüseyn son günlər ölkədə yaranan iqtisadi böhranla bağlı mətbuata açıqlama verib. AXP sədri manatın növbəti dəfə devalvasiyaya uğrama səbəbinin iqtidar olduğunu vurğulayıb. Hətta Pənah Hüseyn ölkəni iqtisadi böhrandan xilas etməyin yolunu da açıqlayıb. Onun sözlərinə görə, hakimiyyət mütləq bölüşdürülməlidir. Yoxsa, vəziyyətdən normal çıxış yolu mümkün deyil.
Müxalifət partiyasında təmsil olunan Pənah Hüseynin fikirləri hakimiyyət tərəfindən cavabsız qalmayıb.
Yeni Azərbaycan Partiyasının (YAP) Siyasi Şurasının üzvü, deputat Aydın Mirzəzadə Modern.az-a açıqlamasında deyib ki, bu cür demokratik çağırışları etməyə ancaq seçkilərdə əksəriyyətin səsini toplayanlar malik ola bilərlər.
“AXP-nin nəinki parlament səviyyəsində, heç bələdiyyə səviyyəsində də nümayəndəliyi yoxdur. İndi cəmiyyət seçkilərdə uğur qazana bilməyən insanlara hakimiyyət və böyük səlahiyyət verməlidir?!. Müxalifət vaxtaşırı hakimiyyət məsələsinə toxunur. Onlar hesab edirlər ki, cəmiyyətin dəstəyini qazanmadan, seçkilərdə qalib olmadan hakimiyyətə gəlməlidirlər. Görünür, 1992-ci ilin hadisələrində hakimiyyətə gəlmələri bunların yadından çıxmır. Hesab edirlər ki, hakimiyyətə mütləq ya inqilab yolu ilə, ya da böhran dövründə gəlmək olar. Azərbaycanda bu gün seçkilərdə formalaşmış hakimiyyət var və xalqın etimadındadır. Üzərlərinə düşən vəzifəni uğurla yerinə yetirir”.
Aydın Mirzəzadə Pənah Hüseynin iqtisadi böhranla bağlı çağırışına toxunaraq bildirib ki, milli valyutanın devalvasiyası təkcə Azərbaycan manatı ilə bağlı deyil, dünyanın əksər ölkələrində baş verən prosesdir.
“Dolların möhkəmlənməsi, neftin qiymətinin aşağı düşməsi iqtisadiyyatı neftlə bağlı olan ölkələrin hamısında var. Əslində, bu məsələdə Azərbaycan ən az ziyan çəkən ölkədir. Cənab prezident İlham Əliyev apardığı siyasət nəticəsində Azərbaycan iqtisadiyyatını qeyri-neft sektorunda aparıcı gücə çevirə bilib.
Gələn gəlirin böyük bir hissəsini infrastruktura, yeni sənaye ocaqlarının yaranmasına sərf edib. Əhalinin sosial vəziyyəti yüksəldilib. Bir neçə gün bundan əvvəl manatın dəyərinin dəyişməsinə görə hökumət hal-hazırda aşağı gəlirli təbəqələrin sosial müdafiəsi ilə bağlı bir sıra ciddi təkliflər hazırlayır. Seçkilərdə qələbə çalmış hakimiyyət bu gün üzərinə düşən vəzifəni yerinə yetirir”.
Deputat AXP sədrinin anti-böhran təklifinin əksinə çıxış edərək vurğulayıb ki, bu baxımdan iqtidara, YAP-a müxalif olan insanların hakimiyyətdə təmsil olunması qeyri-mümkündür.
“O baxımdan ki, onların məsələyə baxışı və təklif etdiyi proqramla bizimki üst-üstə düşmür. Bizimki milli maraqlara cavab verən, Azərbaycan iqtisadiyyatını gücləndirən, sosial problemləri həll edən və Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun yüksəldən təkliflərdir. Müxalifətin proqramı isə kor-koranə xaricin diktəsinə tabe olmaq, Azərbaycan iqtisadiyyatını transmilli şirkətlərin ixtiyarına vermək və nəticəsi bilinməyən şübhəli böyük proyektlər həyata keçirməkdən ibarətdir. Bu baxımdan fərqli fəaliyyət tərəfləri olan insanların hakimiyyətdə təmsil olunması qeyri-mümkündür”.