Manatın ucuzlaşmasına fərqli peşə sahiblərinin REAKSİYASI - “...çətin olacaq”
Tarix: 23-12-2015, 16:27 | Çap et
Manatın ucuzlaşmasına fərqli peşə sahiblərinin REAKSİYASI - “...çətin olacaq”
Modern.az saytı manatın devalvasiyası və ölkədəki mövcud vəziyyətlə bağlı cəmiyyətin müxtəlif təbəqələrinin rəyini öyrənib.

Vətəndaş Həmrəyliyi Partiyasının sədri, xalq şairi, keçmiş deputat Sabir Rüstəmxanlının sözlərinə görə, iqtisadiyyatın sosial və siyasi mühit kimi öz qanunları var: “İqtisadiyyatın qanunlarını pozmaq, hansısa yollarla inkişafın qarşısını almaq, yaxud prosesləri ləngitmək mümkün deyil. Düşünürəm ki, manatın məzənnəsi əvvəldən saxlanmalı idi. Bu proses ölkə əhalisi üçün olduqca çətin vəziyyət yaradacaq. Əhalinin əmək haqqını manatın devalvasiyasına uyğunlaşdırmaq lazımdır. Ən azından, birdən-birə ərzaqların qiymətini iki dəfə artıraraq əhalini çətinliyə salmaq lazım deyildi. Bir gündə bütün dükan və marketlərdə satışı dayandırıb, qiymətləri 50 faiz artırmaq doğru deyil. O məhsulların əksəriyyəti əvvəlki qiymətlərlə alınıb, yalnız onlar satılıb qurtardıqdan sonra bu üsula keçmək olardı. İndi müəyyən adamların əlinə fürsət düşüb, bundan istifadə edərək qiymətləri ikiqat artırırlar. Nəzərə almırlar ki, əhalinin əmək haqqı qalxmayıb, onlar bu qiymətlərlə necə alış-veriş edə bilərlər. Bunlar hamısı olduqca ağır vəziyyət yaradır, bu səbəbdən də əmək haqlarının artırılması barədə düşünmək lazımdır ”.

Azad Azərbaycan Tlekanalının bədii rəhbəri, tanınmış teleaparıcı Elçin Əlibəyli bəzi məsələlərin inkişafının bizim əlimizdə olmadığını deyib: “Ola bilər ki, manatın qiymətinin ucuzlaşması mövcud problemdən çıxış yolu olsun. Manatı saxlamaqla büdcəni xərcləmək olmaz. Düşünürəm ki, doğru siyasət yeridilib. Təəssüf ki, vəziyyət belə alınıb. Biz bilmirdik ki, neftin qiyməti bu cür kəskin düşəcək. Təbii ki, bunu öncədən proqnozlaşdırmaq mümkün deyil. Ümumiyyətlə, elə məsələlər var ki, onlar bizdən asılı deyil. Amma hesab edirəm ki, Azərbaycan üçün bu dəqiqə ən yaxşı çıxış yolu budur. Manatın kursunun bu cür sərbəst buraxılması iqtisadiyyat üçün də böyük kömək olacaq”.

Müəllim Araz Vəliyevin fikrincə, neftin qiymətinin aşağı düşməsinə baxmayaraq, hələ də yanacağın qiymətində dəyişiklik müşahidə olunmayıb: “Manatın devalvasiyası zamanı yanacağın qiymətinin aşağı düşməsi müəyyən qədər ajiotajı azalda bilər. Manatın devalvasiyası, ilk növbədə dollarla kredit götürənləri çətin vəziyyətə salacaq. Eyni zamanda, çox güman ki, ərzaq məhsullarının qiymətində də artım müşahidə olunacaq”.

Azərbaycan Mətbuat Şurasının sədri, deputat Əflatun Amaşov manatın qiymətinin aşağı düşməsi və ikinci dəfə devalvasiyasının istər-istəməz öz təsirini göstərəcəyini deyib: “Manatın devalvasiyasını hər bir vətəndaş hiss edəcək. Manatın məzənnəsinin aşağı düşməsi ərzaq və sənaye mallarının qiymətinin bahalaşmasına gətirib çıxara bilər. Düşünürəm ki, bu proses nə qədər problemlər yaratsa da, bir müddət sonra bütün çətinliklər arxada qalacaq ”.

Psixoloq Elnur Rüstəmov devalvasiyanın müəyyən müddət cəmiyyətə təsir göstərəcəyi fikrindədir: “İnsanın özünü qoruma instinkti var, o da çətin situasiyalarda işə düşür. İndi ajiotaj, narahatlıq olacaq, ancaq bir müddət sonra insanlar bu vəziyyətə öyrəşəcək. İqtisadi böhran şəraitini digər inkişaf etmiş ölkələr də yaşayıb. 30-cu illərdə Avropa və Amerikadakı böhrana da nəzər salsaq, görərik ki, iqtisadi çətinliklər neqativ hallarla yanaşı, cəmiyyətə pozitiv də nəsə qazandırır. Manatın ucuzlaşmasından sonra insan kapitalına yatırım artacaq, bu vəziyyət müəyyən yanaşma və düşüncələrdə öz təsirini göstərəcək.
Neqativ hallar göz önündədir, bunu təbii ki, danmaq olmaz. Düşünürəm ki, mövcud problemlə bağlı qabaqlayıcı tədbirlər görüləcək. Müvafiq qurumların da bizimki düşündümədiyinə inanmıram. Onlar da düşünürlər və ən optimal variantı mütləq seçəcəklər. Ümumilikdə isə düşünürəm ki, 10-15 günə insanlar bu vəziyyətə öyrəşəcəklər” .

“Şərq” qəzetinin əməkdaşı Anar Bayramoğlu: “İqtisadiyyatın neft üzərində qurulmasını nəzərə alsaq, neftlə yanaşı, manatın da ucuzlaşması gözlənilən idi. İqtisadçılarımızın bir neçə gün əvvəl verdiyi proqnozlar, göründüyü kimi özünü doğrultdu. Bütün hallarda bizi gələn ildən böyük təlatümlər gözləyir. Dollarla kredit götürən insanlar çoxdur və bu vəziyyət onları daha çətin hala salacaq. Kreditləri ödəməkdə problemlər yaranacaq. Bu da problemli kreditlərin sayını artıracaq, banklar iflasa uğrayacaqlar. Təbii ki, kreditini ödəyə bilməyənlərin hamısını həbs edəsi deyillər. “Yoxumdur vermirəm” söhbətləri ortaya çıxacaq.

Böyük bahalaşma olacaq. Qiyməti süni şəkildə aşağı salmaq mümkün deyil. Xaricdən mal gətirənlərə “sən bunun qiymətini bahalaşdırma” deyə bilməzsən. Bu, mümkün də deyil. Ya mağazaları bağlayacaq, idxalı dayandıracaqlar, ya da qiymətlər iki dəfə bahalaşacaq. Bu gün bunun əyani şahidi oldum. Həmişə 2 manat 50 qəpiyə aldığım bir qutu siqaretə bu gün 3 manat 20 qəpik ödəmişəm. Bu, qiymətlərin artıq qalxdığını göstərir. Məncə, hökumət tədbir görməli, kreditlərdə güzəştlər tətbiq edilməlidir. Eyni zamanda, maaşlar artırılmalı, Milli Məclisdə dövlət büdcəsinə yenidən baxılmalıdır. Düşünürəm ki, gömrük rüsumlarını da endirmək lazımdır. Bir sözlə, proqnozlar gələn ildə maliyyə təlatümlərinin gözlənildiyini və yoxsulluğun artacağını göstərir.

Şair Aqşin Yenisey ölkədə yaradıcı sahibkar biznesinin yerinə alverçi məmur biznesinin mövcud olduğunu deyib: “Bu vəziyyət aradan qalxmayınca, Azərbaycanda doğulan hər bir nəslin taleyində belə böhranlı dövrlər olacaq. Kasıblıq, işsizlik və evsizlik kimi problemlər heç vaxt xatirələrdə qalmayacaq”.

Sosioloq Əhməd Qəşəmoğlu manatın devalvasiyasına dünyada baş verən qlobal hadisələrin də təsir etdiyini deyib: “Bu, təkcə bizim problemimiz deyil. Ölkənin daxilində iqtisadi sistemin təşkilinin də rolu böyükdür. Qlobal proseslər qaçılmazdır, bizim ona gücümüz çatan deyil. Bu məsələ beynəlxalq siyasət və iqtisadi proseslərlə bilavasitə bağlıdır. Çalışmalıyıq ki, ölkə daxili iqtisadi sistemdə daha az itki olsun. Təəssüf ki, bu gün iqtisadi sistem arzu olunan deyil. Cənab prezidentin dediyi kimi, rayonlarda xeyli münbit torpaq sahəsi və işçi qüvvəsi var. Biz kapitalı o istiqamətə yönəltməli idik ki, iqtisadi sistem daha mükəmməl qurulsun. Düşünürəm ki, devalvasiya gözlənilmədən baş verməməli öncədən bu prosesə hazırlıq aparılmalı idi. Bu gün istənilən marketə girdikdə görürük ki, insanlar çox miqdarda ərzaq məhsulları alırlar, hiss olunur ki, ölkədə ajiotaj var.

Digər tərəfdən, nəzərə alsaq ki, bir ildə dollar iki dəfə bahalaşdı, bu da bankdan kredit götürənlər üçün böyük problemlər yaradacaq. Amma yenə təşvişə düşmək lazım deyil. İqtisadiyyat Nazirliyi, eləcə digər strukturlar məsələni bir qədər tənzimləməyə çalışacaqlarını bildirirlər. Ümidvaram ki, dövlət strukturları maksimum şəkildə devalvasiya prosesinin təsirsiz ötüşməsinə çalışacaqlar”.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net