![Şou biznesə xəbərdarlıq: Vergini verməsəniz.... Şou biznesə xəbərdarlıq: Vergini verməsəniz....](/uploads/posts/2015-12/thumbs/1450872307_v.jpg)
Vergilər Nazirliyi vergi verməkdən yayınan şou-biznes nümayəndələrinə qarşı tədbirlərini davam etdirir.
ANS PRESS-in məlumatına görə, artıq nazirlik vergi ödəməyən müğənnilərin siyahısını açıqlayıb. Vergilər Nazirliyinin saytında yer alan siyahıda adları açıqlanan şou-biznes nümayəndələrinin vergi borcları açıqlanmasa da, ANS PRESS onlardan bəzilərinin borcunu müəyyən edə bilib.
Qurumun mətbuat xidmətinin rəhbəri Şahin Məmmədovun ANS PRESS-ə verdiyi məlumata görə, siyahıya cərimələnən bəzi müğənnilərin adları salınmayıb: “Biz borcunu ödəməyə başlayan müğənnilərin adlarını siyahıya salmamışıq. Bura vergi borcları ilə bağlı heç ödəniş etməyən şou-biznes nümayəndələrinin adları daxil edilib. Onların hamısına bildirişlər göndərilib, hər biri nazirliyə dəvət edilib vəziyyət başa salınıb”.
Onun sözlərinə görə, siyahıda birinci yerdə “Şeron” qrupunun adı yer alıb. Onların borcu 13000 manatdır. Müğənni Zamiq 4700, Rəqsanə 4300, Xəyyam 4300, Emil Bədəlov 3600 manatdan çox vergi borcundan yayınıb.
Vergi borcu olan müğənnilər arasında Nadir Qafarzadə 10 000 manat, Almaz Ələsgərli 3 000 manat, Manaf Ağayev 2500 manat, Əlikram Bayramov 1666 manat, Nura Suri 1000 manat cərimələnib.
Vergilər Nazirliyinin rəsmisi borcu olan bütün müğənnilərə xəbərdarlıq edildiyini də vurğulayıb. Onlara yanvarın 1-dən 20-nə qədər tam vergi öhdəliklərinin yerinə yetirilmək üçün vaxt qoyulub.
Artıq nazirlik tərəfindən bütün Yeni il şənlikləri, restoran və şadlıq sarayları da nəzarətə götürülüb, bir sözlə müğənnilərin bundan sonrakı fəaliyyəti ciddi yoxlanılacaq.
Amma cərimələnən bəzi müğənnilər açıqlanan məbləğlərlə razılaşmırlar. Vergi borcu olan bütün şou-biznes nümayəndələri arasında ən çox cərimə olunan Səidə Sultan ona yazılan 35000 manat borcun düzgün hesablanmadığını iddia edir. Müğənni ANS PRESS-ə açıqlamasına deyib ki, 2011-ci ildə iş fəaliyyətini dayandırdığı üçün VÖEN-ini dondurub və yalnız bu ilin noyabrında yenidən aktivləşdirib.
Odur ki, S.Sultan açıqlanan cəriməni ödəməyəcəyini və hüquqlarını qorumaq üçün artıq məhkəməyə müraciət etdiyini söyləyib:
“Dövlətə canım qurbandır. Amma qanunla baxanda o cəriməni düzgün yazmayıblar axı. Mən o qədər gəlir qazanmıram ki, vergi borcum da 35 min manat olsun. Çox müğənnilər qorxub ödədilər, amma mən haqqımı tanımaq üçün məhkəməyə müraciət etmişəm” deyə ifaçı qeyd edib.
Vergilər Nazirliyinin məlumatına görə, hazırda şou-biznes sahəsində çalışan 3 minə yaxın şəxs vergi ödəyicisi kimi qeydiyyatdadır. Onların 2942-nin bəyannamələrində uyğunsuzluq aşkarlanıb və artıq mindən artıq şou-biznes nümayəndəsinə ümumilikdə 749 min manat əlavə vergi hesablanıb.
Nazirlik gələn ildən vergi öhdəliklərini yerinə yetirməyən müğənnilərə qarşı cəza tədbirlərini daha da sərtləşdirmək niyyətindədir. Onların əmlakı siyahıya alınacaq, avtomobillərinə həbs qoyulacaq, ölkədən çıxmaları qadağan ediləcək. Borcu 2 min manatdan artıq olanlara isə cinayət işi açılacaq.
Əvvəlki illərdə də Vergilər Nazirliyi müğənnilərin vergi öhdəliyini yerinə yetirmədiyi hallar zamanı onlara müəyyən cərimələr tətbiq edib. Amma məyyən müddət vergi verən müğənnilər bir müddət sonra yenidən bu sahədə səhlənkarlıq edərək vergidən yayınmağa başlayıb. Bəziləri fəaliyyət göstərmədiyini əsas gətirərərk, bəziləri də gəlirini gizlədərək vergi ödəməkdən boyun qaçırıb.
Qeyd edək ki, bənzər hadisələr - vergidən yayaınma halları dünya ölkələrində də müntəzəm olaraq qeydə alınır. Məsələn, qonşu Türkiyədə çox qazanaraq gəlirini az göstərən müğənnilərin adları dəfələrlə açıqlanıb. Onlar arasında ən çox cərimə alan tanınmışlardan Sibel Can, Bülent Ersoy, Hande Ataizi, Seren Serengil, Aşkın Nur Yengi, Hakan Peker, Muazzez Ersoy və digərlərinin adlarını qeyd etmək olar. Ən böyük məbləğdə cərimə isə 195 milyard lirə olmaqla 1997-ci ildə Sibel Cana kəsilmişdi.
Məşhur ispan opera müğənnisi Monserrat Kabalye də külli miqdarda vergidən yayındığı üçün məhkəməlik olub. Barselona məhkəməsi 82 yaşlı artisti yarım il müddətinə məhkum etməklə yanaşı onu həm də cərimələyib.
Ötən ilin aprel ayında Barselona prokurorluğu müğənniyə 500 min avrodan çox (579 min manat - red.) vergi ödəmədiyi üçün xəbərdarlıq edib. Müğənni bu ilin yay aylarında da vergidən boyun qaçırdığı üçün 509 min avro cərimələnib.
Çox vaxt özləri etiraz etsə də, ölkədə ən çox gəlir əldə edən fəaliyyət sahiblərindən olan müğənnilər hər ay qazandıqları məbləğin cəmi 4 faizini dövlətə vergi şəklində ödəsələr, belə xoşagəlməz vəziyyətlə də qarşılaşmazlar. Nəzərə almaq lazımdır ki, hər bir fəaliyyət sahəsi qanunla tənzimlənir. Düzdür, son illərə qədər Azərbaycanda toylara, şənliklərə qatılan müğənnilərin vergiyə cəlb edilməsində müəyyən boşluqlar mövcud olsa da, son tədbirlər göstərir ki, bundan sonra bu sahəyə xüsusi diqqət ayrılacaq.