Bakıda siqaret tapılmır, qiymətlər isə…
Tarix: 22-12-2015, 16:48 |
Çap et
Azərbaycanda dolların bahalaşması ərzaq məhsullarının qiymətinə də təsirsiz ötüşməyib. Paytaxtda əksər mağazalarda süni qiymət artımı müşahidə edilir.
AzVision.az-ın əməkdaşları Bakıda bir neçə marketə baş çəkərək hazırki vəziyyətlə maraqlanıb.
“28 May” metrostansiyası yaxınlığında yerləşən “Fresko” supermarketində qiymətlər xeyli bahalaşıb.
“Çörəkdən başqa, marketdə gördüyünüz bütün məhsulların qiyməti qalxıb. Məsələn , siqaretin qiymətində 25-30 qəpik bahalaşma var. Saqqız əvvəl 40 qəpik idisə, bu gün 80 qəpik olub”-deyə mağazadan bildiriblər.
Marketdə apardığımız müşahidələr zamanı gündəlik tələbat malları olan kartof, soğan, pendir, yağ və digər ərzaq məhsullarının qiymətinin 50 faiz artdığının şahidi olduq.
Əvvəlki günlərdə kiloqramı 60-70 qəpiyə satışa çıxarılan kartof, soğanın qiyməti hazırda 1-2 manat arası dəyişir.
“Ankor” firmasına məxsus kərə yağının kiloqramı 8 manat 58 qəpiyə, “Doyaruşka” kərə yağını isə 7 manat 95 qəpiyə almaq olar.
Marketdə uşaq yeməklərinin qiymətində də fərq ediləcək dərəcədə artım müşahidə olunurdu.
Məhəllə marketlərində isə vəziyyət bir qədər fərqli idi.
“Bizdə qiymətlər əvvəlki kimidir. Firmalar yeni mal gətirmədiyinə görə qiymətləri qaldırmamışıq. Firmalara, şirkətlərə zəng vurub məhsul istəyirik, deyirlər ki, məhsul satışı müvəqqəti dayandırlıb. Məsələnin necə tənzimlənməsi ilə bağlı iclas gedir, bütün firmalar da bu iclaslardan çıxan nəticə əsasında qiymətləri tənzimləyəcəklər. Onlar bizə belə deyir. Elə məhsullarımız var ki, satışı qurtarıb, yenidən ala bilmirik”-deyə satıcılar bildiriblər.
Baş çəkdiyimiz digər ticarət obyektlərində vəziyyət bu cür davam edirdi. Obyekt sahibləri firmaların qərarını gözlədiklərini deyirdilər.
Marketlərdə ən diqqət çəkən məqamlardan biri də siqaret satışının dayandırılması idi. Baş çəkdiyimiz marketlərdə siqaretin satılmadığı bildirildi. Səbəb isə qiymətlərin tənzimlənməməsi ilə bağlıdır.