![Hakim partiya: “Eldar Sabiroğlunun YAP-da qalmasına təəssüf edirik” Hakim partiya: “Eldar Sabiroğlunun YAP-da qalmasına təəssüf edirik”](/uploads/posts/2015-12/1450685641_v.jpg)
Hakim Yeni Azərbaycan Partiyasının üzvü, Müdafiə Nazirliyi mətbuat xidmətinin sabiq rəisi Eldar Sabiroğlunun oğlu Rüfət Səfərovun iqtidardan müxalifətə keçməsini bəyan etməsi, eləcə də, prokurorluqdakı vəzifəsindən istefa verməsi ciddi qalmaqala səbəb olub.
R.Səfərovun bu addımını ölkədəki özbaşınalıqlarla əlaqələndirməsi birmənalı qarşılanmayıb. Xüsusilə YAP-çı atanın övladının bu cür davranış sərgiləməsi hakim partiyada qıcıq doğurub və bu olay ortaya belə bir sual çıxarıb: Eldar Sabiroğlu oğlunun hərəkətlərinə görə Yeni Azərbaycan Partiyasından çıxarıla bilərmi?
YAP-ın mətbuat xidmətinin rəhbəri Hüseyn Paşayev Modern.az saytına açıqlamasında buna ehtiyac olmadığını deyib.
“Hesab etmirəm ki, ata oğluna görə cavabdehdir. Burda təəccüblü heç nə görmürəm. Azad ölkənin azad vətəndaşıdır. O, öz seçimində sərbəstdir. Hesab edirəm ki, atasının yolunu gedir. Bu məsələdə Yeni Azərbaycan Partiyasının mövqeyi ola bilməz. Burada bir vətəndaş konkret siyasi mövqeyini bəyan edib.
Hüseyn Paşayev Eldar Sabiroğlunun YAP-ın sıralarında olmasına təəssüf etdiyini bildirib.
“Təəssüf ki, həmin şəxsin atası Yeni Azərbaycan Partiyasının sıralarında olmuş şəxsdir. Çünki mətbuatda Eldar Sabiroğlunu YAP-ın yaradıcılarından biri, “91-lər”in üzvü kimi təqdim edirlər. Amma, bu, əslində belə deyil. Eldar Sabiroğlu nə “91-lər”dən biri, nə də YAP-ın yaradıcılarındandır. Sadəcə olaraq, o, YAP-ın sıralarında olub və YAP tərəfindən deputat seçilib. Eldar Sabiroğlu bir neçə dəfə siyasi mövqeyini dəyişib. O, bu gün də YAP-ın üzvü olaraq konkret ünvanlara qarşı ittihamlar səsləndirir. Bu da onun xarakterindən irəli gəlir”.