!["Hələ də bölgələrdə evlərdə də doğuş halları var" – MÜSAHİBƏ "Hələ də bölgələrdə evlərdə də doğuş halları var" – MÜSAHİBƏ](/uploads/posts/2015-12/1450682582_v.jpg)
Son vaxtlar vaxtından əvvəl və çəkisi az doğulan uşaqların ölüm halları minumumam endirilib.
Əvvəlki illərdə isə erkən həftələrdə doğuşların başlaması uşaqların ölümü ilə nəticələnirdi.
Müasir avadanlıqlarla təhciz edilən Respublika Perinatal Mərkəzi bu gün riskli hamiləliklərin uğurlu başa vurulması üçün nəzərdə tutulan mərkəz olub.
Modern.az görülən işlər, riskli doğuşlar və s. suallarla Perinatal Mərkəzin direktoru, tibb elmləri namizədi Sevinc Məmmədovadan müsahibə alıb.
- Sevinc xanım, Azərbaycanda beynəlxalq təcrübəyə əsaslanaraq Perinatal Mərkəz yaradıldı. 2009-cu ildən bu günə qədər Mərkəzin fəaliyyəti, riskli doğumlarla bağlı atılan addımlar barədə məlumat verə bilərsiniz?
- Perinatal Mərkəz yüksək risk qrupuna daxil olan hamilə qadınlara doğuşa yardım tibb xidməti göstərir. Yeni nəsil çox funksional avadanlıqların, tibb xidmətində yüksək texnologiyaların istifadəsi, respirator distres sindromun və neonatal sepsislə olan yenidoğulmuşların müalicəsində istifadə olunan dövlət təminatlı dərmanların olması bizim mərkəzdə vaxtından əvvəl dərin yarımçıq doğulmuş uşaqlara qulluq etmək imkanı yaradıb.
- Burada hamiləliyini ağır şəkildə keçirən və riskli doğuşlar qəbul edilir. Fəaliyyətə başladığınız ildən bu günə nə qədər riskli doğuş həyata keçirmisiniz?
- 2009-cu ildən bugünə qədər Respublika Perinatal Mərkəzdə 13000-dən artıq doğuş idarə olunub ki, onlardan 75%-dən artıq olan hallarda hamiləliyi antenatal dövrdə fəsadlaşmış keçib.
- Bu gün qadınların hamiləliyini ağır şəkildə keçirmələri əsas hansı səbəblərlə bağlıdır? Hansı problemlər onlarda daha çox müşahidə edilir?
- Hamiləliyin ağır şəkildə keçirilməsinin səbəbləri gizli keçən xəstəliklərdir ki, hamiləlikdən öncə müayinə və müalicə olunmayanlardır. Onların ağrıları hamiləlik zamanı kəskinləşir. Bununla bərabər, şəkərli diabet, anemiya və bir sıra ekstragenital xəstəliklərlə yanaşı hamiləliyin öz fəsadlaşması - preeklampsiya - hamiləliyin gedişini və doğuşunu ağırlaşdırır.
- Daha çox hansı yaş aralığındakı qadınlarda riskli hamiləlik qeydə alınıb?
- Daha çox riskli hamiləlik 25-30 yaşlı hamilələrdə təsadüf edilir.
- Bu il Mərkəzdə neçə ağır doğuş reallaşıb?
- Respublika Perinatal Mərkəzində bu ilin cari 11 ay ərzində 600-dən çox ağır doğuş reallaşıb.
- Riskli doğuşların neçəsi təbii yolla, neçəsi keysəriyyə əməliyyatı ilə həyata keçirilib?
- Qeysəriyyə kəsiyi əməliyyatı doğuşların ümumi sayının 15%-dan – 20%-dək təşkil edir. Azərbaycanda qeysəriyyə kəsiyi əməliyyatlarının tezliyi doğuşayardım müəssisəsinin səviyyəsindən asılı olaraq fərqlənir. Belə ki, I səviyyəli doğuşayardım müəssisələrində əməliyyatların tezliyi aşağıdır, Perinatal Mərkəzlərdə və III səviyyəli doğuşayardım müəssisələrində isə yüksəkdir. Respublikanın bütün doğuşayardım müəssisələri 3 səviyyəyə ayrılıb və hər bir səviyyə üçün onların qəbul etməli olduğu pasiyent qrupları göstərilib. Ona görə də I səviyyəli doğuşayardım müəssisəsində əsasən fizioloji hamiləliyi olan qadınlar qəbul olunduğundan, onların arasında cərrahi doğuşların tezliyi də aşağıdır. III səviyyəli doğuşayardım müəssisələri isə əsasən ciddi mamalıq və ya ekstragenital patologiyası olan hamilələr üçün nəzərdə tutulduğundan cərrahi doğuşların tezliyi də yüksəkdir.
- Bu doğuşlar zamanı ana və uşaq ölümləri də yəqinki olur, belə faktlar nə qədər olub?
- Dövlət Statistika Komitəsinin açıqladığı rəqəmlərə əsasən ölkə üzrə qeysəriyyə kəsiyi əməliyyatları, məsələn, 2013-cü il üzrə doğuşların 19,7%-ni təşkil edib. Əgər rəqəmlə desək, 2013-cü ildə Respublikada baş verən 146615 doğuşun 28954-cü keysəriyyə kəsiyi əməliyyatı yolu ilə olub. Respublika Perinatal Mərkəz III səviyyəli doğuşayardım tibb müəsissəsi olduğundan, QK əməliyyatı ilə doğuş 5500 dən artıq olub.
- Doğuşun zamanı ana və uşağın ölməsi ilə nəticələnməsinin əsas səbəbləri nə olub?
- Baş verən erkən neonatal ölümlərin əsas səbəbləri vaxtından əvvəl doğuş və bədənin ekstremal aşağı kütləsi, perinatal dövr üçün səciyyəvi olan infeksiyalar, antenatal dövrdən başlayan xroniki hipoksiya, kəllədaxili qansızmalardır. Ümumdünya Səhiyyə Təşkilatının statistikasına görə, bu yaş kateqoriyasında ölümün əsas səbəblərinin 80%-nı təşkil edir
- Əvvəllər Azərbaycanda ana və uşaq ölümləri həddindən çox olurdu. Demək olar ki, hər gün bu xəbərləri eşidirdik. Düzdür, bu gün belə faktlar azalıb, lakin hələ də qalmaqdadır. Ana və uşaq ölümlərinin səbəbi əvvəllər həkimlərin məsuliyyətsizliyi göstərilirdi, bəs,bu gün bu ölümlərin səbəbləri nədir?
- Son illər ana və uşaq sağlamlığının qorunması istiqamətində görülən işlər nəticəsində ana və uşaq ölümləri faktları azalıb. Antenatal dövrdə hamilə qadının vaxtı-vaxtında qadın məsləhətxanasına getməməsi, lazımı müayinələrdən keçməməsi, dinamik müşahidədə olmaması, doğuş üçün müvafiq doğum evini seçməməsi, doğum evlərinə çox gec və ağır vəziyyətdə daxil olması baş verən əksər ana və uşaq ölüm hallarının əsas səbəbi kimi göstərmək olar.
- Ana və uşaq ölümlərinə görə Mərkəzdə cəzalandıran və ya işdən çıxarılan həkimlər olubmu?
- Bəli, müəssisə daxili araşdırma aparılır və sübut olunan hallarda hər müəsissədə ana və uşaq ölümlərinə görə həkim və tibb personal cəzalandırılır, hətta işdən çıxarma hallarıda olub və bu mətbuatda geniş yayımlanıb.
- Ümumiyyətlə, XXI əsrdə yaşasaq da hələ də bəzi yerlərdə və bölgələrdə evdə doğumun reallaşması baş verir. Bu nə dərəcədə düzgündür və gələcəkdə həm ana, həm uşaq üçün hansı fəsadlara yol aça bilər?
- Səhiyyə Nazirliyi tərəfindən bu istiqamətdə mütamadi aparılan ciddi tədbirlərin olmasına baxmayaraq, ucqar bölgələrdə evdə doğuş halları azda olsa rast gəlir. Əhali bilməlidir ki, bu çox riskli haldır ana və yenidoğulmuşun ölümü ilə nəticələnə bilər. Ana sağ qaldıqda belə, gələcəkdə onun reproduktiv sağlamlığında ciddi problemlər yaşanacaq. Bununla bərabər evdə doğulmuş uşaqlarda da gələcəkdə şikəst qalmaq ehtimalı çox yüksəkdir.
- Riskli doğuşlarla bağlı sizə yalnız Bakıdan müraciətlər olur, yoxsa bölgələrdən də? Ən çox hansı bölgələrdən sizə müraciət edirlər?
- Respublika üzrə 7 regional Perinatal Mərkəz yaradılıb: Quba, Lənkəran, Sabirabad, Şəki, Gəncə, Naxçıvan Regional Perinatal Mərkəzlər və Bakıda yerləşən Respublika Perinatal Mərkəzi. Səhiyyə Nazirinin 24 saylı Əmrinə uyğun olaraq hər bir mərkəzə müvafiq rayonlar təkim olunub. Bunun nəticəsində bölgələrdə yaşayan hər bir fəsadlı hamiləliyi olan qadın müvafiq regional Perinatal Mərkəzə müraciət edərək, lazımı müayinə və müalicə alır. Lakin ehtiyac olduqda, Səhiyyə Nazirliyinin müvafiq strukturların icazəsi və yönəlməsi əldə olduqdan sonra, baş həkimlərin razılaşması nəticəsində hamilə qadın reanimobilnən həkim müşayyəti altında III səviyyəli doğuşayardım tibb müəssisəsinə yüksək texnologiyalı yardım almaq məqsədi ilə köçürülür.
- Texnologiyanın inkişafı artıq daha erkən həftələrdə doğumun reallaşmasına və uşağın sağ qalmasına imkan verir. Bununla bağlı rəhbərlik etdiyiniz qurum tərəfindən hansı işlər həyata keçirilir?
- 2015-ci ilə qədər Azərbaycan Respublikasında mövcud olan diridoğulma meyarları yanvarın 1-dən beynəlxanq meyarları ilə əvəz olunduğundan, bizim mərkəzdə vaxtından əvvəl yarımçıq ekstremal az kütləli doğulan uşaqların sayı artıb. Müasir avadanlıqların, Dövlət təminatlı dərmanların və yüksək texnologiyaların mövcudluğu bu cür uşaqların yaşamasına imkan verir..
- Erkən həftələrdə doğuşun olması ilə bağlı sizdə neçə belə fakt olub? Bu cür doğulan uşaqlardan neçəsi sağ qalıb və onlardan necəsi qız və ya oğlandır?
- 2010-cu ildə bizim Mərkəzdə hamiləliyin 22-27 həftəsində doğulmuş uşaqlar ümumi doğuşların 1.5% ni təşkil edib. 2014-cü ildə bu rəqəm 3.2%-dək yəni – 2 dəfə artıq olub. Təkcə 2014-cü ildə 78 dərin vaxtından əvvəl doğulmuş uşaqdan 19-u sağdır və yaşayır. Onların 60%- qız, 40%-oğlandır.
- Erkən həftələrdə dünyaya göz açan bu uşaqların sonrakı inkişaf dövrü necə olur və onlarda hər hansı problemlər müşahidə edilmir? Yəni bu cür doğuşlar uşaqların sonrakı həyatları üçün risk təşkil edirmi?
- Vaxtından əvvəl doğulan uşaqlar sonrakı həyatlarında müəyyən risklərlə rastlaşırlar. Bu haqda məlumatı daha ətraflı Respublikanın baş pediatrı, K.Fərəcova adına ETPİ-nin direktoru, professor Nəsib Quliyevdən almaq olar.
Lakin unutmaq lazım deyil ki, Ümumdünya Səhiyyə Təşkilatının tövsiyyələrinə görə, bu uşaqlarda erkən neonatal ölüm halları 60-70%-i, nevroloji xəstəliklərin, o cümlədən uşaq serebral iflicinin, görmə qabiliyyəti pozulmalarının (korluq daxil olmaqla), eşitmə qabiliyyəti pozulmalarının (karlıq daxil olmaqla), ağciyərlərin ağır xronik xəstəliklərin 50%-i vaxtından əvvəl doğulmuşların payına düşür. Dünyada vaxtından əvvəl doğuşların tezliyi hər 100 doğuşa 5-18 arasına təsadüf edilir. ÜST-nin 2010-cu il üzrə məlumatlarına əsasən Azərbaycanda vaxtından əvvəl doğuşların göstəricisi hər 100 doğuşa 8,5 təşkil edib
- İndiyə qədər erkən həftələrdə doğuşlar zamanı dünyaya gələn körpələrdən ən az çəkisi olan hansıdır?
- Hazırda bizim Mərkəzdə doğularkən çəkisi 600 qram olan qız uşağı 22 gündür yaşayır. Vəziyyəti qənaətbəxşdir.
- Ümumiyyətlə, cəmiyyət arasında Perinatal Mərkəzdə doğumla bağlı o qədər də xoş olmayan fikirlər səsləndirilir. Qeyd edilir ki, burada uşaq ölümləri daha çox qeydə alınır. Bu fikirlərə münasibətinizi öyrənmək istərdik.
- Bizim Mərkəzə daxil olan hamilələrin 75%-dan çoxu – ağır mamalıq patologiyası olan xəstə hamilələrdir. Onların bizə daxil olarkən vəziyyəti kritik olduğundan ana və uşaq perinatal mühafizəsi məqsədi ilə biz hamiləliyi uyğun sonlandırırıq. Əlbətdə xəstə ananın xəstə uşağı olur. Amma ana orqanizmi zahılıq dövründə bərpa etmək olur. Lakin onun dərin vaxtından əvvəl doğulmuşunun bədən çəkisinin ekstremal aşağı olması, ağciyərlərinin aşkar yetişməməzliyi, daxili orqanlarının dərin yetişməməzliyi proqnozu son dərəcədə əlverişsiz edir. Bu səbəbdən uşaq ölümləri bu müddətdə daha çox qeydə alınır. Ümüdvaram ki, bu məqalənizlə siz cəmiyyət arasında bu dolğun olmayan yanlış fikirlərə son qoyacaqsız.
- Burada doğumlar pulsuzdur. Lakin doğum evlərində rüşvət faktoru qeyd edilir, doğuşlar zamanı insanlardan küllü miqdarda vəsait alındığı bildirilir. Bəs, sizdə bu cür hallar olubmu və buna görə cəzalandırılan həkimlər varmı?
- Ümumiyyətlə ölkədə doğuşa yardım tibb xidməti pulsuzdur. Doğum evlərində rüşvət faktoru çox hallarda əsassız şişirdilmiş olur. Bu cür hallar Səhiyyə Nazirliyinin hüquqşunasları tərəfindən ayrı-ayrılıqda təhlil olunur və faktlar təsdiqləndikdə müvafiq cəza tədbirləri görülür. Mütamadi olaraq mətbuatda bu haqqda məlumat verilir.