“Deputatlara sözü mən verirəm” - Spiker
Tarix: 18-12-2015, 17:20 |
Çap et
Komitə sədrləri və deputatlara parlamentin plenar iclaslarında növbədənkənar çıxış etmək hüququ veriləcək.
AzVision.az-ın məlumatına görə, bu barədə Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli məlumat verib.
Hazırkı nizamnaməyə əsasən, Milli Məclisin iclasında növbədənkənar çıxış etmək hüququna Azərbaycan Prezidenti, Milli Məclisin sədri və sədr müavinləri malikdir. Həmçinin deputatlara eyni anda iki komitənin üzvü olmaq hüququ da verilib.
Layihənin müzakirəsində çıxış edən deputat Musa Quliyev bildirib ki, dinləmələrin komitələr tərkibində təşkil edilməsinin proseduru müəyyənləşməlidir.
Deputat Siyavuş Novruzov isə çıxışında deputatlara növbədənkənar çıxış imkanının verilməsi ilə bağlı dəyişikliyə etiraz edib. O, əvvəlcə qanun layihəsinin olmasını təklif edib: “Etirazımın səbəbi odur ki, bu məsələ necə tənzimlənəcək. Çünki komitə sədrlərini başa düşmək olar. Hansısa məsələ olanda onlara söz verilməsi başa düşüləndir. Burada 20 nəfər çıxışa yazılır. Söz verməyəndə deyirlər ki, daxili nizamnaməni pozursunuz. Veriləndə isə kənar çıxışlar olur”.
Spiker Oqtay əsədov isə S. Novruzova cavab verərək qeyd edib ki, söz vermək səlahiyyəti yalnız ona məxsusdur: “Hansısa deputat ezamiyyətə göndərilə bilər və o gələndə çıxış etmək istəyə bilər. Belə olan halda ona növbədənkənar çıxış imkanı verilməlidir və bu məsələ də mənim səlahiyyətimdədir. Bu məsələdə dərəbəylik yarana bilməz. Həm də komitə iclasında məsələ qaldırıldı ki, niyə Milli Məclis sədrinin müavinlərindən biri müxalifət, azlıqda qalan partiyaların nümayəndələrindən olmur? Düzdür, o məsələyə cavab verilmədi. Sonra mən bəzi yoldaşlarla söhbət edərək dedim ki, nə vaxt azlıqda qalan ən az 25 nəfərlik qrup yaradar, o zaman bu təkliflə çıxış edərlər”.